Partlayış təhlükəsindən necə qorunmalı?

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyətli iradəsi və ordumuzun rəşadəti nəticəsində xalqımızın ən böyük arzusunun gerçəkləşməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi dövlətçiliyimizin ən şərəfli səhifəsidir. Bu tarixi Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın tarixi torpaqlarımızın 30 illik işğalına son qoymaqla yanaşı, dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü təsdiqlədi.

 

Təbii ki, əbədi və əzəli torpaqlarımıza qovuşan hər bir vətəndaşımız səbirsizliklə həmin əraziləri ziyarət etmək istəyir.  Lakin  mənfur  düşmənin  törətdiyi əməllərin fəsadları qalmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarımıza xüsusi icazə olmadan gedən mülki vətəndaşlar, o cümlədən gənclər arasında minaya düşərək həlak olan və ya  yaralananlara,  təəssüf  ki,  rast  gəlinir.

 

Bu baxımdan, Azərbaycan Respublikasının təhsil naziri “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in  təsdiq edilməsi barədə 2021-ci il 20 avqust tarixində müvafiq əmr imzalayıb.

 

Mina ilə qarşılaşdıqda necə rəftar etməli?

 

Əmrin icrası ilə bağlı Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən Abil Səfərov adına 114 nömrəli tam orta məktəbin VI“A” sinfində “Həyat bilgisi” fənni üzrə “açıq dərs” keçirilib.

 

Dərsə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin  baş məsləhətçi Rövşən Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova və məsləhətçisı Şəhanə Ələkbərova, Suraxanı rayonu üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin çağırış şöbəsinin rəisi Namiq Orucov və onun müavini Elsevər Nağıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin çağırışaqədərki hazırlıq üzrə metodisti Mürsəl Qurbanov iştirak ediblər.

 

Məktəbin direktoru Ceyran Novruzova “açıq dərs”in mahiyyətini məktəblilərin nəzərinə çatdırıb. Fənn müəllimi Kəmalə Orucova “Təhlükəsizliyimizin təmin olunması” mövzusunda dərs nümayiş etdirib.

 

Dərsdə müəllim şagirdlərə minanın təhlükəli tərəfləri və minalı ərazilərdə necə diqqətli olmaları, mina ilə qarşılaşdıqda necə rəftar etməli olduqları barədə praktik şəkildə məlumat verib. Məqsəd kütləvi təhlükəsizlik qaydalarını yaymaq, əhalini, o cümlədən uşaqları mina təhlükəsizliyindən xəbərdar etmək, onlara mina ilə bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün zəruri bilik və vərdişləri aşılamaq idi. Tədbirdə şagirdlərə mina təhlükəsizliyi haqqında videoçarxlar nümayiş etdirilib.

 

Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, Birinci Qarabağ müharibəsinin qazisi, müharibə veteranı, ehtiyatda olan polkovnik Bürhan Səmədov minalanmış ərazi nə deməkdir, minaların partlayış zamanı törətdiyi fəsadlar, partlamamış hərbi sursat barəsində ətraflı məlumat verib, döyüş sursatlarını şagirdlərə əyani vəsait kimi nümayiş edib.

 

Məktəbin tibb bacısı Simruzə Şəfəqqətova yaraların üzərinə aseptik sarğıların və şinaların qoyulma metodunu nümayiş etdirib. İkinci Qarabağ müharibəsi qazisi, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində şagirdlərlə söhbət aparıb, onların suallarını cavablandırıb.

 

Suraxanı Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, mayor Toğrul Vəliyev  qeyd edib ki, hələ də işğaldan azad olunmuş ərazilərdə böyük həcmdə mina və partlamamış hərbi sursatlar qalmaqdadır və hazırda aidiyyəti dövlət strukturları, o cümlədən FHN-nin struktur qurumları bu təhlükənin tam aradan qaldırılması istiqamətində əlaqəli şəkildə fəaliyyətlərini davam etdirir.

 

Minalanma zamanı ilk tibbi yardım

 

Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən şəhid N.Həmidov adına 208 nömrəli tam orta məktəbin 10-cu sinfində Gənclərin çağırışaqədərki hərbi hazırlıq fənni üzrə təlim dərsi keçirilib.

 

Məktəbin hərbi rəhbəri Elməddin Həsənov mina təhlükəsizliyinə dair ətraflı məlumat verib. Minaların növləri, onların təhlükəsi haqqında videoçarxlar, əyani vəsaitlər nümayiş etdirilib. Məktəbin biologiya müəllimi Gülbacı Salmanlı qəza zamanı göstərilən ilk tibbi yardım: qanaxmalar, onların növləri, sınıqlar haqqında məlumat verib və praktik olaraq şagirdlərdən təyin olunmuş sanitarlar tərəfindən əyani şəkildə minalanma zamanı ilk tibbi yardım göstərilib. İkinci Qarabağ müharibəsi qaziləri - baş leytenant Kamil Musəvi, gizir Elməddin Fəxrəddinov minanın törətdiyi təhlükədən danışıblar və ehtiyatlı olmağı tövsiyə ediblər.

 

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı aparatının nümayəndəsi mina qurbanlarının statistikası, mina hadisələrinin fəsadları haqqında məlumat verib.

 

Dərsdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəbin direktoru Məlahət Əsədova, Suraxanı rayonu üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin Həqiqi Hərbi Xidmətə Çağırış üzrə şöbəsinin işçisi leytenant Şahin Əmirli və müfəttiş Anar Babayev iştirak edib.

 

Şəhid N.Həmidovun bacısı Səkinə Həmidova, İkinci Qarabağ müharibəsinin şəhidi, məktəbin məzunu Mehdi Fərzullazadənin anası Elvira Fərzullazadə, rayon ərazisində yerləşən məktəblərin hərbi rəhbərləri ümumi təhsil müəssisələrində təşkil olunan valideyn iclaslarında valideynlərə “Metodiki tövsiyələr”dən irəli gələn vəzifələrin izah edilməsinin vacibliyini bildiriblər.

 

Minaların növləri ilə əyani tanışlıq

 

Bakı şəhəri M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 7“A” sinfində “Həyat bilgisi” fənni üzrə “açıq dərs” keçirilib.

 

Fənn müəllimi Vəfa Alıyeva “Mina təhlükəsizliyinə dair maarifləndirmə” mövzusunda dərsdə şagirdlərə minaların təhlükəli və insan həyatına vurduğu fiziki, psixoloji, iqtisadi tərəflərinə, o cümlədən mina ilə qarşılaşdıqda  necə rəftar etməli olduqları barədə praktik şəkildə  məlumat verilib.

 

Tədbirdə şagirdlərə mina təhlükəsizliyi haqqında səhnələşdirilmiş oyun, eyni zamanda mina təhlükəsizliyinə qarşı videoçarx nümayiş olunub. Şagirdlər qruplara bölünərək işğaldan azad olunmuş rayonların tarixi haqqında məlumat veriblər.

 

Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan Nadir Vəliyev minaların növləri ilə şagirdləri əyani şəkildə tanış edib, minalanmış ərazi nə deməkdir, minaların partlayış zamanı törətdiyi fəsadlar, partlamamış hərbi sursat barəsində ətraflı məlumat verib, döyüş sursatlarını şagirdlərə əyani vəsait kimi nümayiş etdirib.

 

Məktəbin həkimi Fəridə Əliyeva  yaraların üzərinə aseptik sarğıların və şinaların qoyulma  metodunu nümayiş etdirib.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin aparıcı məsləhətçisi Aydın Rəhimov vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində şagirdlərlə söhbət aparıb, onların suallarını cavablandırıb. Dərsdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin çağırışaqədərki hazırlıq metodisti Mürsəl Qurbanov, məktəbin direktoru Sevda Abdullayeva, Azərbaycan Qarabağ müharibəsi Əlilləri Veteranları Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev, qazilər Abbas Əliyev, Anar Məmmədli və digər qonaqlar iştirak edib.

 

Şagirdlərin tədqiqatında

 

Xətai rayonu 191 nömrəli tam orta məktəbin 10“A” sinfinin şagirdləri “Mina təhlükəsizliyi”nə dair maarifləndirilib.

 

Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin ifa olunması ilə başlanıb, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Müstəcəb Niyarov şagirdlərə minaya düşən dinc insanların statistik məlumatını çatdırıb, partlamamış hərbi sursat barəsində videoçarx  nümayiş etdirərək məlumat verib.

 

“Mina və PHS-la qarşılaşdıqda davranış qaydaları” tədqiqat sualı əsasında şagirdlər 3 qrupa ayrılaraq təhqiqat aparıblar. Qrup iştirakçıları mina və PHS-dan zərərçəkmişə praktiki ilk tibbi yardımın göstərilməsi barədə səhnəcik təqdim edib və komandalar arasında  qarşılıqlı sual-cavab keçirilib.

 

Sonra məktəbin 7“J” sinfinin iştirakı ilə “Həyat bilgisi” fənni üzrə “Mina partlayışları zamanı ilk tibbi yardım qaydaları” mövzusunda “açıq dərs” keçirilib. Dərsdə uşaqlar mina partlayışı zamanı baş vermiş arterial qanaxmanı və qapalı sınıqlar zamanı göstəriləcək ilkin tibbi yardımı praktiki olaraq nümayiş etdirib.

 

BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin çağırışaqədərki hazırlıq üzrə metodisti Mürsəl Qurbanov, Vətən müharibəsi iştirakçıları, ehtiyatda olan zabit Hüseyn Abbasov və qazi, baş leytenant Hüseyn Hacıyev minaların və PHS-ın böyük təhlükə yaratdığını qeyd edib, onlarla qarşılaşdıqda davranış qaydaları haqqında tövsiyələr verib, şagirdlərin suallarını cavablandırıblar.

 

Dərsdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər.

 

Mina nədir?

 

Təhsil müəssisələrinin müəllim, şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi məqsədilə Bakı şəhəri 74 nömrəli tam orta məktəbin 10 “A” sinfində “Mina nədir” mövzusunda təlim keçirilib.

 

Gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə rəhbəri, Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Vüqar Məhərrəmov minalanmış ərazi nə deməkdir, minaların partlayış zamanı törətdiyi fəsadlar barəsində danışıb, döyüş sursatlarını şagirdlərə əyani vəsait kimi nümayiş etdirib.

 

Məktəbin həkimi Vüsalə Məmmədova yaraların üzərinə aseptik sarğıların və şinaların qoyulma metodunu nümayiş etdirib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin aparıcı məsləhətçisi Aydın Rəhimov vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində şagirdlərlə söhbət aparıb, onların suallarını cavablandırıb.

 

Təlimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun məsləhətçisi Şahanə Bağırova, BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin çağırışaqədərki hazırlıq metodisti Mürsəl Qurbanov, Qarabağ müharibəsinin qaziləri və məktəbin müəllimləri iştirak edib.

 

Qaynar xətlərin xilasetmə əhəmiyyəti

 

Yasamal rayonu 31 nömrəli tam orta məktəbin 10-cu siniflərində də “Çağrışaqədərki hazırlıq” fənnini tədris edən müəllim Samir Daşdəmirov nümunəvi dərs keçirib.

 

Dərsdə Fövqəladə Hallar Nazirliyi xüsusi riskli xilas etmə xidmətinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərov şagirdlərə mina və partlamamış hərbi sursatlar, mina təhlükəsinə dair təhlükəsizlik qaydaları, minalı əraziləri fərqləndirən əlamətlər, “112” və “102” qaynar xətlərinin xilasetmədə əhəmiyyətindən söhbət aparıb, məktəblilərin suallarını cavablandırıb.

 

Qarabağ müharibəsi iştirakçıları Valeh Alışanov, Şöhrət Əliyev, Çingiz Bağırov və Kamil Baxşəliyev şagirdlərə keçdiyi döyüş yollarından söhbət açıb, dərsin mövzusu ilə bağlı məsləhətlər veriblər.

 

Nümunəvi dərsin sonunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev məktəbin rəhbərliyinə ANAMA tərəfindən hazırlanmış təlimat kitabçası və partlayıcı sursatların təhlükəsinə dair təbliğat materialları olan maarifləndirici və xəbərdaredici bukletlər, plakatlar təqdim edib.

 

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova və məsləhətçisi Şəhanə Bağırova, Fövqəladə Hallar Nazirliyi əhalinin marifləndirilməsi işinin təşkili şöbəsinin rəisi baş leytenant Rzalı Samir, məktəbin müəllimləri iştirak edib.

 

İnteraktiv, nəzəri və əyani

 

Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 322 nömrəli tam orta məktəbdə də “Mina təhlükəsizliyi”nə dair XI“B” sinfində maarifləndirmə tədbiri və VII“H” sinfində “Həyat bilgisi” fənni üzrə  “açıq dərs” keçirilib.

 

Məktəbin direktor əvəzi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin çağırışaqədərki hazırlıq fənni üzrə metodisti Rövşən Qasımov partlamamış hərbi sursatlar və mina təhlükəsizliyini interaktiv, nəzəri və əyani baxımından şagirdlərə izah edib. Şagirdlərin hazırladıqları əl  və rəsm işlərini nümayiş etdirib.

 

“Həyat bilgisi” fənni üzrə müəllim Aynurə Həsənova partlamamış hərbi sursatlar və mina təhlükəsizliyi baxımından ilk tibbi yardım qaydalarını interaktiv, əyani və nəzəri baxımdan şagirdlərin nəzərinə çatdırıb. Dərsin sonunda şagirdlər tərəfindən mina təhlükəsizliyinə qarşı səhnəcik göstərilib.

 

Xəzər rayonu Vətən Müharibəsi Veteranlar Şurasının sədri Rəyasət Tağıyev çıxış edərək belə tədbirlərin şagird və müəllimlər üçün əhəmiyyətini vurğulayıb.

 

Təhsil Nazirliyinin əməkdaşı Aydın Rəhimov, BŞTİ-nin əməkdaşı Şəhanə Bağırova, Xəzər rayonu Azad Həmkarlar İttifaqının sədri Həzərxan Əbilov çıxış edərək tədbir haqqında öz fikirlərini bildirib.

 

Dərsdə Xəzər rayonu Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət idarəsinin Çağırış Şöbəsinin rəisi Ceyhun Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin çağırışaqədərki hazırlıq fənni üzrə metodisti Mürsəl Qurbanov, Xəzər rayonu 340 nömrəli uşaq bağçasının müdiri Gülnar Qəmbərova, Xəzər rayonu Gənclər və İdman idarəsinin müdiri Vüqar Əliyev və bir qrup Vətən müharibəsi qazisi iştirak edib.

 

Təhlükəsizlik qaydalarına riayət etməklə

 

Bakı şəhəri 258 nömrəli tam orta məktəbdə 10-11-ci sinif şagirdlərinin iştirakı ilə “Mina təhlükəsizliyi” mövzusunda məktəbin hərbi rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Mahir Kazımov maarifləndirmə tədbiri keçirib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası və Vətən torpaqlarının azad olunmasında canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 

Məktəbin direktoru Sədaqət Hüseynova bildirib ki,  müvafiq tədbirlər planına uyğun bir sıra işlər həyata keçirilib.

 

Sonra məktəbin hərbi rəhbəri videoçarxlardan istifadə edərək şagirdlərə mühəndis maneələrinin növləri, onların xüsusiyyətləri, partlayan maneələrin təyinatı, taktiki - texniki xüsusiyyətləri və quruluşu haqqında ətraflı məlumat verib.

 

Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərov tərəfindən şagirdlərə FHN-də Vətən müharibəsindən sonra yeni yaradılan mina təmizləmə alayının zəruriliyindən və fəaliyyətindən söz açıb. Şagirdlərə minanın təhlükəli tərəfləri və minalı ərazilərdə necə diqqətli olmaları, mina ilə qarşılaşdıqda necə rəftar etməli olduqları barədə praktik şəkildə məlumat verib. Mövzuya uyğun təqdim olunan təlim material bazanın zənginliyi şagirdlərin diqqətini xüsusi ilə cəlb edib.

 

Vətən müharibəsinin iştirakçısı, qazı polkovnik-leytenant Anar Həsənov şagirdlərə döyüşlər zamanı minanın törətdiyi təhlükədən, həmçinin partlamayan maneələrin xüsusiyyətlərindən danışıb və hamılıqla təhlükəsizlik qaydalarına əməl etmələrini tövsiyə edib.

 

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, BŞTİ-nin məsləhətçiləri Şəhanə Bağırova və Sevinc Əzimova, FHN-nin ictimaiyyətlə əlaqə idarəsi işinin təşkili şöbəsinin rəisi, baş leytenant Rzalı Samir, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Nərimanov rayon idarəsinin zabiti Rəşad Bağırlı iştirak edib.

 

Mina və partlamamış hərbi sursatları tanımaq bacarıqları

 

Xəzər  rayonu, Binə qəsəbəsində yerləşən 326  nömrəli tam orta məktəbin 10 “B”  sinfində partlayış təhlükəsinə qarşı maarifləndirmə məqsədi ilə məktəbin hərbi rəhbəri, ehtiyatda olan mayor, Vətən müharibəsi iştirakçısı Şahin Hüseynov nümunəvi dərs keçirib.

 

Dərsdə  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  Daxili  nəzarət  şöbəsinin  aparıcı  məsləhətçisi Aydın Rəhimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun məsləhətçisi Şəhanə Bağırova, Xəzər  rayonu  Azad  Həmkarlar  İttifaqının  idarəsinin sədri Həzərxan Əbilov və  BŞTİ-nin Təlimə  Dəstək  Mərkəzinin  metodisti Mürsəl  Qurbanov iştirak edib.

 

Dərsdə müəllim şagirdlərə mina və partlamamış hərbi sursatların forması, rəngi, ölçüsü, nədən hazırlanmasından danışıb, iştirakçılarda onları tanımaq bacarıqları formalaşdırılıb, mina və partlamamış hərbi sursatların ola biləcəyi yerlər, rəsmi və qeyri rəsmi mina işarələri barədə bəhs edilib, məktəblilərə minalarla oynamamaq, çubuqla onlara toxunmamaq, mina və partlamamış hərbi sursatların partlayaraq onları öldürə və ya şikəst edə bilməsinin izahı verilib.

 

Məktəbin tibb bacısı Tərlan Abbasova  yaraların üzərinə aseptik sarğıların və şinaların qoyulma metodunu nümayiş etdirib.

 

Sosial psixoloji təsirlər

 

Nəsimi rayonu 247 nömrəli məktəbdə “Mina təhlükəsi” mövzusunda valideynlərlə maarifləndirmə iclası keçirilib.

 

İclası məktəbin direktoru Sitara Abbasova açaraq bildirdi ki, valideynlərə, həmçinin müəllimlərə “Metodiki tövsiyələr”dən irəli gələn vəzifələri izah edilib.

 

Akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəri Qılman Eyvazov iştirakçılara partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, məktəb hazırlığında Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə, mina təhlükəsinə dair təhlükəsizlik qaydaları, təhlükəli ərazinin əlamətləri barədə məlumat verərək müxtəlif növ mina və sursatın vizual tanınması üçün maketlər nümayiş etdirib.

 

Fövqəladə Hallar Nazirliyi xüsusi riskli xilas etmə xidmətinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərov videoçarxlardan istifadə edərək valideynlərə və müəllimlərə mina təhlükəsizliyi və davranış qaydalarından, mina və partlamamış hərbi sursatların tanınmasından, sosial psixoloji təsirlərdən, “112” və “102” qaynar xətlərinin xilasetmədə əhəmiyyətindən söhbət aparıb, suallara ətraflı cavab verib.

 

Müəllim və valideynlərə ANAMA tərəfindən hazırlanmış təhlükəsizlik qaydalarına dair təlimat kitabçalar və maarifləndirici bukletlər, plakatlar təqdim olunub.

 

***

 

Azərbaycan Respublikası təhsil nazirinin “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in  təsdiq edilməsi barədə” 2021-ci il 20 avqust tarixli əmrin icrası ilə bağlı Səbaıl rayonu 329, Sabunçu rayonu 169, Binəqədi rayonu 102, Qaradağ rayonu 228, Pirallahı rayonu 168 nömrəli tam orta məktəblərində, Nizami rayonu 220 nömrəli məktəb-liseydə və Bakı şəhərinin digər təhsil müəssisələrində də maarifləndirmə tədbirləri təşkil olunub.

 



11.03.2022 | 10:08