“ƏZİZ ŞUŞA, biz səni dirçəldəcəyik!” | |
“Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır”.
Prezident İlham Əliyevin 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi haqqında Sərəncamından
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması mədəniyyətimizin beşiyi, təhsil tariximizdə müstəsna rolu olan Şuşa şəhərinin azərbaycanlıların milli-mənəvi, psixoloji düşüncəsində özünə əbədi yer tutan dəyərlərin təntənəsidir. Xalqımıza qürur yaşatmış 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər salnaməmizdə 2020-ci ilin 8 noyabr günü - Şuşanın azadlığa qovuşması milli özünüdərkin, şərəf və xoşbəxtliyin möhtəşəm zirvəsi oldu.
Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri ilə qədim yurd yerinin dirçəldilməsinə, yenidənqurma-bərpa işlərinə başlanmasına start verildi. Ölkə başçısının diqqət və qayğısı sayəsində qədim şəhərimiz olan Şuşanın təhsil ocaqlarında təhsilin dirçəldilməsi istiqamətində məqsədyönlü tədbirlərə başlanıldı. Prezident 960 şagird yerlik Şuşa şəhər 1 nömrəli tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə 8 may 2021-ci il tarixli sərəncam imzaladı. Noyabrın 12-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə 1 saylı ümumtəhsil məktəbinin təməli qoyuldu.
Qəbul olunan qərarlar, həyata keçirilməkdə olan genişmiqyaslı tədbirlər ölkənin təhsil ictimaiyyəti, eləcə də Şuşanın təhsil işçiləri tərəfindən böyük sevinclə qarşılanan anlara çevrildi.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi ilə Bakıda, eləcə də digər şəhər və rayonlarda fəaliyyətini davam etdirən Şuşa məktəblərinin təhsil işçilərinin, tanınmış pedaqoqların iştirakı ilə Azərbaycanın 190 illik tarixi olan ilk dövlət məktəbi - Şuşa qəza məktəbinin nümunəsində “Şuşa dərsləri” təşkil olundu. “Qarabağın məşhur müəllimləri” layihəsi ilə Şuşa məktəblərinin tanınmış məzunlarının irsinə işıq salındı.
Məlumdur ki, ötən yüzilliklərdən üzü bəri Azərbaycanın maarifçilik tarixində, xüsusilə görkəmli ziyalıların yetişməsində bir ədəbi mühit kimi Şuşanın böyük rolu olub. 1830-cu il dekabrın 30-da Şuşada 19 şagirdlə açılan qəza məktəbi ilə Azərbaycanda dövlət təhsil sisteminin, Avropa tipli dünyəvi təhsilin əsası qoyulub. Bu məktəb Şuşanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında, Şuşa əhalisinin maariflənməsində mühüm rola malik olub. Şagirdlərin sayına görə məktəb nəinki bütün Zaqafqaziyada və Qafqazda, hətta Rusiyada birinci yeri tuturdu. Qəza məktəbləri yerləşdikləri ərazidə yeganə təhsil müəssisəsi olmaqdan əlavə, həm də mədəniyyət mərkəzi kimi fəaliyyət göstərirdi. Şuşa məktəbi bu sahədə geniş mədəni-maarif işi aparırdı. Şəhərdə musiqiyə, ədəbiyyata maraq göstərilməsi məktəbdə müxtəlif mədəni tədbirlərin keçirilməsinə kömək edirdi. Eyni zamanda, bu məktəb Azərbaycanın o dövrkü inkişafı üçün fəaliyyət göstərən şəxslərin yetişməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Onların arasında məşhur müəllim Əliş bəy Tahirov, Azərbaycanın elmi-pedaqoji fikir tarixində görkəmli ədəbiyyatşünas, pedaqoq kimi yer tutan Firudin bəy Köçərli, tanınmış pedaqoq Səfərəli bəy Vəlibəyov da var idi. XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirov, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyov və görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli həmin məktəbin məzunlarından olublar. Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Süleyman Ələsgərov ilk həyat hazırlığını məhz Şuşa 7 illik nümunə məktəbində oxuyarkən alıb. Qarabağın məşhur müəllimləri arasında Şuşada öz vəsaiti hesabına məktəb açdıran və müəllimlik edən, azərbaycanlı balalar üçün kitab yazan Mirzə Salah bəy Zöhrabbəyov, Şuşa realnı məktəbin məzunu, ictimai-siyasi xadim Qara bəy Əliverdilər, Şuşada yerləşən müsəlman-rus məktəbinin müdiri işləmiş, Şuşa Realnı məktəbinin hazırlıq sinfində ana dilindən dərs demiş Haşım bəy Vəzirov də vardır.
Məzunları Azərbaycan maarifinin, məktəb və mədəniyyətinin inkişafında mühüm və böyük rol oynamış Şuşa qəza məktəbi 1874-cü ilə qədər öz fəaliyyətini davam etdirmiş, yerini Şuşa şəhər məktəbinə vermişdir. Şuşa şəhər məktəbi nəinki Qarabağda, eyni zamanda, bütün Azərbaycanda təhsilin, xalq maarifinin, həmçinin müxtəlif sənətlərin inkişafında böyük rol oynamışdır. Azərbaycanda ilk orta təhsil verən müəssisələrdən biri olan Şuşa Realnı Məktəbi Şuşa əhalisinin tələbi və xahişi ilə 1881-ci il sentyabrın 20-də fəaliyyətə başlamışdır. Qarabağlı gənclər Şuşa Realnı Məktəbdə təhsil almaları sayəsində Rusiyanın və Avropanın ali məktəblərinə daxil olmuş və oranı bitirdikdən sonra xalq maarifi və məktəb, elm və mədəniyyət, xalq təsərrüfatı və iqtisadiyyatın, sənayenin müxtəlif sahələrində xidmətlər göstərmişlər.
1992-ci ilin 8 may tarixində ermənilər tərəfindən işğalından sonra Şuşanın məktəbləri respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşıblar. Hazırda Şuşa rayonunun ölkə üzrə 21 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə çalışan 480 nəfərə yaxın pedaqoji işçi 4 mindən artıq şagirdin təlim-tərbiyəsi ilə məşğul olur.
Dövlət tərəfindən Şuşa təhsilinə həmişə böyük diqqət yetirilib. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə 1982-ci il yanvar ayının 12-də Şuşa şəhər 1 nömrəli orta məktəbin 150 illik yubileyi təntənəli şəkildə keçirilib. 2010-cu ildə ölkə Prezidentinin sərəncamı ilə Cənubi Qafqazda birinci dünyəvi məktəb olan Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
İşğaldan azad olunmuş torpaqlarda aparılan işlərin miqyası onu deməyə əsas verir ki, tezliklə Şuşada müasir təhsil infrastrukturu yaradılacaq, bir vaxtlar ölkəmizdə xüsusil ənənələri ilə seçilən orta ümumtəhsil məktəbləri, kolleclər, ali təhsil müəssisələri öz fəaliyyətlərini bərpa edəcəklər. Şuşa məktəbləri öz qapılarını tezliklə müəllim və şagirdlərin üzünə açacaq və Şuşa məktəbinin şöhrətli təhsil mühitini, təhsil ənənələrini bərpa edib yenidən yaşadacaqlar. Şuşa məktəbləri, Şuşa müəllimləri tezliklə doğma torpaqlarımıza qayıdış ruhu ilə yaşayır.
Ölkə başçısı tərəfindən elan edilən “Şuşa İli”nə töhfə olaraq “Azərbaycan müəllimi” qəzeti də öz saylarında bu qədim şəhərin təhsil ənənələri, təhsil mühiti, orta məktəblərinə və məşhur məzunlarına həsr olunmuş silsilə yazıları ilə oxucularla görüşəcək.
Oruc MUSTAFAYEV
|
|
11.03.2022 | 09:04 | |
|
|
|