Martın 10-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) peşə və ali təhsil müəssisələri üçün elan etdiyi təqaüd proqramı müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Emin Əmrullayev, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov, eləcə də ali təhsil müəssisələrinin rektorları və müsabiqə qalibləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “AzerGold” təqaüdünü qazanmış tələbələri təbrik edib, onlara təhsil və karyera həyatında uğurlar arzu edib. İdarə Heyətinin sədri təqaüd proqramları haqqında ətraflı bəhs edərək, layihənin Cəmiyyətin orta və uzunmüddətli strategiyası çərçivəsində müəyyən edilmiş kadr ehtiyacları üzrə resursların zamanında cəlb olunması planı çərçivəsində ötən ilin sonlarından etibarən həyata keçirildiyini qeyd edib. Bildirilib ki, sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələri əhatə edən layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.
Zakir İbrahimov həmçinin Səhmdar Cəmiyyətin Azərbaycanda fəaliyyət göstərən bir sıra ali və peşə təhsili müəssisələrinə kadr hazırlığı sahəsində gördüyü işlərdən bəhs edib. Sədr mütəxəssislərin ixtisas biliklərinin artırılması, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlığın yaradılması məqsədilə 8 yerli təhsil müəssisəsi ilə əməkdaşlıq memorandumu və protokolu çərçivəsində işlər görüdüyünü bildirib. 2017-ci ildə ilk olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti ilə memorandum imzalanıb. 2018-ci ildə Azərbaycan Diplomatik Akademiyası, 2019-cu ildən isə Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Dövlət Universiteti ilə əməkdaşlığa start verilib. Ötən ildən isə Azərbaycan Texniki Universiteti və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başlanılıb.
İdarə Heyətinin sədri bildirib ki, ali məktəblərlə əldə olunmuş razılaşmalara uyğun olaraq, müvafiq peşə-ixtisas sahəsi üzrə təhsil alan tələbələrin Cəmiyyətin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə mütəmadi səfərləri təşkil olunur. Beləliklə, ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələnən tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olurlar. Bununla yanaşı, Səhmdar Cəmiyyətin mütəxəssisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər. Elan edilmiş müvafiq vakansiyalara uyğun işçilərin cəlb edilməsində təcrübə proqramlarında iştirak etmiş məzunlara üstünlük verilir.
Təhsil naziri Emin Əmrullayev peşə sahəsində “AzerGold” QSC ilə mövcud əməkdaşlığın əhəmiyyətinə toxunub. Nazir bildirib ki, təqaüd proqramının tətbiqi gənclər üçün stimul kimi qiymətləndirilə bilər. Nazir həmçinin işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılmasının zəruriliyindən danışıb.
Emin Əmrullayev çıxışının sonunda təqaüd proqramını qazanmış tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov da öz növbəsində “AzerGold” QSC ilə PTDA arasında mövcud əməkdaşlıqdan danışıb. Ceyhun Kərəmov deyib ki, 2021-ci ildə imzalanmış əməkdaşlığa dair fəaliyyət planına uyğun olaraq həyata keçirilən təqaüd proqramına Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən ümumilikdə 56 tələbə müraciət edib. Ceyhun Kərəmov əlavə edib ki, “AzerGold” QSC-nin əməkdaşları bir neçə peşə təhsil müəssisəsinin müəllim heyəti üçün ixtisasartırma təlimləri keçirib və onların şirkətin istehsalat sahələrinə səfəri təşkil edilib. Cari ildə əməkdaşlıq çərçivəsində yeni təhsil proqramlarının və tədris resurslarının hazırlanması, maddi-texniki bazanın müasirləşdirilməsi nəzərdə tutulub.
Tədbirdə qeyd edilib ki, ali təhsil müəssisələrindən 9, peşə təhsili müəssisələrindən isə 18 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədi ilə 27 qalibin hər biri üçün 9 ay müddətində ümumilikdə 1800 AZN məbləğində təqaüdün verilməsinə artıq başlanılıb. Proqramda iştirak etmiş tələbələrin gələcəkdə müvafiq vəzifələr üzrə işlə təmin edilməsi də nəzərdə tutulur.
Daha sonra təqaüd proqramını qazanmış tələbələrin təmsil olunduğu universitetlər – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin rektorları çıxış edərək “AzerGold” arasında imzalanmış anlaşma memorandumu çərçivəsində görüləcək işlər və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramının əhəmiyyəti barədə çıxışlar ediblər.
Sonda təqaüd proqramını qazanmış tələbələrə sertifikat və xatirə hədiyyələri təqdim olunub.
|