Naxçıvan Dövlət Universitetində Milli Teatr Günü

Naxçıvan Dövlət Universitetinin  incəsənət fakültəsində milli teatrın yaradılmasının 149-cu illiyi münasibətilə tədbir keçirilib.

 

Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülxarə Əhmədova qeyd edib ki, 149 yaşını qeyd edən  Azərbaycan milli teatrının əsası 1873-cü il martın 10-da görkəmli maarifçilər- Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin təşəbbüsü ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsəri ilə qoyulub. Bu əlamətdar tarix hər il universitetin Teatr və mədəniyyətşünaslıq kafedrasında bütün müəllim və tələbə-aktyor heyəti ilə birgə qeyd edilir. Bildirilib ki, ali təhsil ocağında 20 ildən artıqdır, fəaliyyət göstərən Tələbə Teatr Studiyası mədəni həyatın tərkib hissəsinə, çoxminli kollektivin mənəvi-estetik ehtiyaclarının ödənilməsi işinə xidmət edən mədəniyyət ocağına çevrilib. Studiyanın hazırladığı tamaşalar universitetin müəllim və tələbə heyətinin rəğbətini qazanmaqla bərabər, muxtar respublikanın mədəni həyatında, respublikamızdan kənarda  da uğurlar əldə edib.

 

Daha sonra Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan, Aktyor sənəti üzrə II kurs tələbəsi Xəlil Hüseynovun və Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi üzrə II kurs magistrant Vəfa Qurbanzadənin iştirakı ilə eyniadlı tamaşa təqdim olunub. Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, sevgisi, məyusluğu, əsəbi, mübahisəsi, yenidən qovuşmaq arzuları üzərində qurulub.

 

Tamaşadan sonra rektor Elbrus İsayev Aktyor sənəti ixtisasında təhsil alan tələbələrlə görüşüb. Qeyd edilib ki, 2011-ci ildə ali təhsil ocağında Teatr və Mədəniyyətşünaslıq kafedrasının nəzdində Aktyor sənəti ixtisasının fəaliyyətə başlaması ixtisaslı aktyor kadrlara olan tələbatın ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, artıq bir çox tələbə müxtəlif teatrlarda əmək fəaliyyətinə başlayıb,  və bu, çox sevindirici haldır.

 

Tədbirin sonunda il ərzində öz bacarıqları ilə seçilən, tədbirdlərdə fəal iştirak edən tələbələrə təşəkkürnamə, müəllimlərin bir qrupuna isə pul mükafatı təqdim edilib.

 



10.03.2022 | 16:41