Jurnalistika fakültəsi Teleradio Akademiyası ilə əməkdaşlığa başlayıb

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası arasında anlaşma memorandumu imzalanıb.

 

Tədbirdə Teleradio Akademiyasının rektoru Telli Əliyeva, prorektoru Almaz Nəsibova, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və kafedra müdirləri iştirak ediblər.

 

Teleradio Akademiyasının rektoru T.Əliyeva Azərbaycan jurnalistikasının müasir inkişaf istiqamətlərindən söhbət açıb, jurnalistikanın tədrisində praktik təlimlərin əhəmiyyətini vurğulayıb. O, jurnalistlərin peşəkar kadr kimi yetişməsi üçün nəzəri biliklərlə yanaşı, təcrübi vərdişlərin aşılanmasının zəruri olduğunu deyib.

 

Jurnalistika fakültəsinin dekanı V.Əliyev bildirib ki, imzalanan memoranduma əsasən, müəllim və tələbələr Teleradio Akademiyasının həyata keçirdiyi layihələrdə iştirak etmək imkanı qazanacaqlar. Fakültənin elmi-pedaqoji dəstəyi ilə Akademiyanın müdavimləri üçün təlim və treninqlər keçiriləcək, birgə dəyirmi masalar, müsabiqələr təşkil olunacaq.

 

Qeyd olunub ki, birgə tədbirlərin həyata keçirilməsi jurnalistika tədrisinin inkişafına öz töhfəsini verəcək.

 

Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Multimedia  və elektron kommunikasiya kafedrasının müdiri, professor Allahverdi Məmmədli, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova Azərbaycan mediasının inkişafı naminə yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist kadrların hazırlığı istiqamətində birgə fəaliyyətin əhəmiyyətindən bəhs ediblər. Jurnalistika sahəsində yeni elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin, tələbələrin tanınmış jurnalist və yazarlarla görüşlərinin təşkili, maarifləndirici tədbirlərin həyata keçirilməsində əməkdaşlığın vacibliyi vurğulanıb.



09.03.2022 | 10:30