“Həyatımın rəngləri” adlı fərdi rəsm sərgisi

Naxçıvan Müəllimlər İnstitutunda Təsvir incəsənət müəllimliyi ixtisasının III kurs tələbəsi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin gənc rəssamlar bölməsinin üzvü Tənzilə İbadovanın “Həyatımın rəngləri” adlı fərdi rəsm sərgisi təşkil olunub.

 

İnstitutun rektoru Azad Novruzov ölkəmizdə, o cümlədən muxtar respublikada gənclərə göstərilən diqqətdən danışaraq qeyd edib ki, mütəmadi olaraq rəssamların, gənc müəllimlərin sərgilərinin keçirilməsi, yaradıcılıq fəaliyyətlərinin işıqlandırılması, Təsviri incəsənət müəllimliyi ixtisası və digər ixtisaslarda təhsil alan istedadlı tələbələrə yaradılan şərait, fəaliyyətlərinin  dəstəklənməsi onlara daha həvəslə çalışmaları üçün stimul verir. Rektor vurğulayıb ki, ötən dövr ərzində təsviri-incəsənət sahəsində tələbələrin xeyli uğurları olub.

 

İnstitutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvanın Əməkdar rəssamı Həbibə Allahverdiyeva çıxış edərək gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin öyrədilməsi üçün hərtərəfli şərait, tələbələrin yaradıcılıq imkanlarının artırılması, o cümlədən istedadlı tələbələrdən biri olan Tənzilə İbadovanın çəkdiyi rəsmlər, onların janrları haqqında məlumat verib. Bildirib ki, tələbə təsviri incəsənətin müxtəlif janrlarına müraciət etsə də, əsərlərində daha çox mənzərə və portret janrı üstünlük təşkil edir.

 

Sonda T.İbadovanın rəsm əsərlərinə baxış keçirilib. Sərgidə realist üslubda işlənmiş portret, etüd, natürmort, mənzərə, rəngkarlıq qrafika və dekorativ işlərdən ibarət 30-a yaxın əsər nümayiş olunub. Yaratdığı portretlərdə İkinci Qarabağ müharibəsi şəhidlərinin, şair və ailə obrazları, mənzərələrdə təbiət gözəllikləri təsvir olunub.

 



06.03.2022 | 12:38