Mina təhlükəsinə dair “Açıq dərs”lər | |
Xırdalan şəhər 4 və 10 nömrəli tam orta məktəblərdə şagirdlərin partlayıcı hərbi sursat və mina təhlükəsinə dair maarifləndirilməsi ilə bağlı “Açıq dərs”lər keçirilib.
“Açıq dərs”lərdə Təhsil Nazirliyinin əməkdaşı Aydın Rəhimov, Təhsil Şöbəsinin müdir əvəzi Pərviz Əhmədov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Süleyman Heydərov, Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Vətən müharibəsi qaziləri iştirak ediblər.
Dərslərdə şagirdlərə mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə məlumat verilib. Onlara düşmən tərəfindən basdırılan minalar, həmçinin partlamamış hərbi sursatlar haqqında danışılıb, minaların ola biləcəyi yerlər, rəsmi və qeyri-rəsmi mina işarələri barədə məlumat təqdim olunub, minalanmış əraziyə daxil olarkən təhlükəsizlik qaydaları öyrədilib, təhlükəli ərazilərdə hərəkət tələbləri izah edilib.
Qeyd edək ki, “Açıq dərs”lərin keçirilməsinin əsas məqsədi təhsil müəssisələrinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onların partlayıcı hərbi sursat, mina təhlükəsinə qarşı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.
Rəşad Ziyadov
|
|
05.03.2022 | 12:15 | |
|
|
|