Dövlətin gənclərə növbəti dəstəyi

Ölkə Prezidenti İlham Əliyev təhsillə bağlı növbəti sənədi təsdiq edib.  Bu  sənəd  gənclərin 2022-2026-cı illərdə xaricdəki nüfuzlu ali təhsil müəssisələrində magistr səviyyəsində təhsilinin maliyyələşdirilməsini nəzərdə tutur.  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın Azərbaycanın iqtisadiyyatının inkişafı, gənclər üçün yeni imkanlar yaradılması baxımından müstəsna əhəmiyyətini qeyd edən təhsil naziri Emin Əmrullayev bu həftə keçirdiyi brifinqdə onu ətraflı təhlil, fərqini, üstünlüyünü, bütövlükdə mahiyyətini ictimaiyyətə izah edib.

 

2000 nəfər üçün təhsil imkanı

 

Proqram bu ildən başlayaraq hər il 400 nəfərə qədər, ümumilikdə 2000 nəfər gəncin əsasən magistratura təhsili üzrə növbəti 5 il ərzində xarici ölkələrin ən nüfuzlu ali təhsil müəssisələrində hazırlığına maliyyə dəstəyi verəcək. Qeyd edək ki, maliyyə dəstəyi xarici ölkələrin və universitetlərin xüsusiyyətləri nəzərə alınmaqla, mərkəzləşdirilmiş qaydada təqaüdlərin verilməsindən ibarətdir. Proqram çərçivəsində təhsil almaq hüququ qazananların səfər və sığorta xərcləri də daxil olmaqla bütün təhsil xərcləri ödənilir.

 

Proqram üzrə yalnız prioritet sahələr maliyyələşdiriləcək

 

Proqramda prioritet sahələr də göstərilib. Dövlət Proqramı, sadəcə bu sahələri əhatə edən təhsili dəstəkləyəcək. Həmin sahələr bazarın tələbinə uyğun müəyyənləşdirilib: informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, mental və təbiqi elmlər, ictimai  səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı.

 

E.Əmrullayev bildirib ki, seçilən ixtisaslar üzrə magistr hazırlığı üçünnisbətən yuxarı - 30-40  yaşlı mütəxəssislərin seçilməsinə üstünlük veriləcəyi gözlənilir. İndiyə qədər icra olunan proqramlarda maksimum yaş 35 olub. Nazir yeni proqram üzrə təhsil üçün nisbətən yuxarı yaş müəyyənləşəcəyi, bununla bağlı son qərarı Nazirlər Kabinetinin verəcəyini vurğulayıb.

 

Universitet deyil, ixtisaslar seçiləcək

 

Yeni Proqramın əvvəlkilərdən başqa fərqləri də var: “Əvvəlki proqramda universitetlərin siyahısı vardı. Gənclər həmin universitetdə istənilən ixtisasa qəbul olunaraq proqramda iştirak hüququ əldə edirdi. Yeni proqramda isə universitet deyil, ixtisaslar seçiləcək”. Təhsil naziri bu qərarın təcrübəyə əsaslandığını deyib: “Müəyyənləşdirmişik ki, universitetlərin və ixtisasların reytinqi həmişə üst-üstə düşmür. Çox reytinqli bir universitetdə bu və ya digər ixtisas üzrə proqram eyni keyfiyyətlə tədris olunmur. Amma elə universitet ola bilər ki, yeni yaranıb, yaxud adı top 500-də yoxdur, amma orada ölkəmizə lazım olan çox spesifik bir sahə üzrə kifayət qədər keyfiyyətli tədris aparılır. Həmin sahə, ixtisas bizə lazımdırsa, o, Dövlət Proqramına salınacaq və tələbələr də müraciət edərək proqramdan yararlana biləcəklər”.

 

Bəs, nüfuzlu universitetlər hansı reytinq cədvəlləri əsasında seçiləcək? E.Əmrullayev deyib ki, “reytinq” və “ölkəmizin ehtiyacı” sözləri bu məsələdə xüsusi əhəmiyyət kəsb edir: “Dünyanın elə qabaqcıl universitetlərində elə ixtisaslar var ki, heç də ən yüksək səviyyədə proqram tədris edilmir. Tutaq ki, universitetin illər əvvəl Nobel mükafatı qazanan məzunu varsa, buna görə təhsil müəssisəsinin adı uzun zaman reytinq cədvəllərində yer alır. Amma yeni yaranan başqa bir universitet bizə lazım olan spesifik sahədə, məsələn, hərbi sənaye ilə bağlı, ya da kibertəhlükəsizlik üzrə, ətraf mühitdə iqlim dəyişikliyi ilə bağlı proqramı ilə seçilir. Təbii ki, reytinq cədvəlində olanı yox, bizə lazım olan ixtisas üzrə hazırlığı yüksək səviyyədə təşkil edən universiteti seçəcəyik. Məsələn, təhsilin keyfiyyətinin qiymətləndirilməsi üzrə ən yaxşı proqrama sahib təhsil müəssisəsinin adı dünyanın top 20 universiteti arasında yoxdur. Amma biz nəzərdə tutmuşuq ki, təhsillə bağlı uşaqları məhz ora göndərək”.

 

Ən yaxşı universitetə ən yaxşı tələbə

 

Bir sözlə, azərbaycanlı tələbələr üçün əlçatan olan, nüfuzlu ali təhsil müəssisələrindən sayılan universitetlərdə ölkəmizin ehtiyac duyduğu sahələr üzrə təhsil maliyyələşdiriləcək. Dövlət Proqramının tələbini ödəyəcək universitetlər və ixtisasların ilkin siyahısı bu ayın sonunadək tam hazır olacaq: “Xüsusən magistratura təhsili almaq istəyən tələbələrimiz dünyanın ən prestijli universitetlərində təhsil almaq üçün müraciət edə bilərlər”.

 

Vaxtın qısalığı, bəzi universitetlərin qəbul prosedurunun tədris ilinin əvvəlində - oktyabr-noyabr aylarında bitdiyini nəzərə alsaq, builki seçimlərin nisbətən məhdudiyyətləri ola bilər: “Mart ayının 30-dək aidiyyəti qurumlarla razılaşdırılaraq qəbulu mümkün olan universitetlərin ilkin siyahısı ictimaiyyətə təqdim ediləcək. Daha sonra siyahıya əlavələrin olması da mümkündür. Mayın sonu görsək ki, kənarda qalan tələbələr var və seçilən meyarlara uyğundur, onların da  müraciətlərinə baxıla bilər. Yəni, il ərzində nəzərdə tutulan 400 nəfərin seçilməsi planlaşdırılır və çalışacağıq ki, məhz ən yaxşı olan 400 nəfəri seçək”.

 

Beləliklə, 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında əldə edilən təcrübəyə əsaslanaraq reytinq siyahılarında dünyanın ən yaxşı 500 universiteti arasından ölkəmizə lazım olan ixtisaslar üzrə tədris proqramı ən yaxşı olan universitetlər seçiləcək: “İndiyə qədər formalaşmış təcrübə var. Artıq bilirik ki, hansı universitetdə verilən təhsil Azərbaycan kontekstinə uyğundur və harada təhsil alan tələbələr ölkəyə faydalı olurlar”.

 

Meyarlar dəyişib

 

Təhsil naziri üstünlük təşkil edən bəzi seçim meyarlarına da toxunub. Əsas şərt prioritet proqramlar üzrə siyahıdakı universitetlərdən birinə qəbul olunmaqdır. Ancaq başqa şərtlərə də baxıla bilər. Aidiyyəti sahə mütəxəssisləri də cəlb edilməklə müsahibələr keçirilir. Tələbənin bakalavr təhsilinin magistratura üçün seçdiyi ixtisasla uyğunluğu əsas olmasa da, arzuolunan meyar kimi götürülür.

 

İndiyə qədər icra edilən dövlət proqramlarında 35 yaşa kimi olan gənclərin təhsili maliyyələşdirilib. Yeni proqramda yaş həddi hələ  müəyyən olunmasa da, 40 yaşına qədər olanların təhsilinin maliyyələşdiriləcəyi gözlənilir.

 

“Əvvəlki proqramı bitirən gənclərin böyük əksəriyyəti ölkəyə geri qayıdıb, bir çoxları da rəhbər vəzifələrdə çalışırlar”

 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunlarının əksəriyyətinin ölkəyə qayıtdığını söyləyən E.Əmrullayev qeyd edib ki, dövlət və özəl müəssisələrdə çalışan həmin şəxslər arasında rəhbər vəzifələr tutanlar da var.

 

Nazirin sözlərinə görə, budəfəki proqram üzrə təhsil alan gənclərin də geri qayıtması üçün bütün addımlar atılacaq: “Məntiqlə ən nüfuzlu ali təhsil müəssisələrini bitirən şəxslərin əmək bazarında iş tapmağında problemlər olmamalıdır. Buna baxmayaraq, ölkənin ehtiyaclarını onların bacarıqları ilə uyğunlaşdırmaq və işlə təminat məsələsinin həlli istiqamətində proqram hazırlanacaq”.

 

Təhsil naziri brifinqdə müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklər, daimiləşmə müsabiqəsi,  sertifikasiya, məktəbəqədər təhsil müəssisələrinə işə qəbul barədə də məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

 

Ruhiyyə DAŞSALAHLI

 



04.03.2022 | 09:07