Təhsil naziri Lənkəran Dövlət Universitetində olub

Martın 2-də təhsil naziri Emin Əmrullayev Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetinin (LDU)  tikilməkdə olan yeni tədris korpusunda inşaat işlərinin gedişi ilə də tanış olub. 

 

LDU-nun rektoru Natiq İbrahimov təhsil nazirinə yeni tədris korpusu barədə ətraflı məlumat verib. Bildirib ki, bu, universitetdə son illərdə inşa olunan 3-cü yeni tədris korpusudur və növbəti tədris ilinə kimi tələbələrin istifadəsinə veriləcək. Həmçinin köhnə tədris korpusu əsaslı təmirdən sonra yataqxana kimi istifadə olunacaq.

 

Sonra təhsil naziri LDU-nun professor-müəllim və tələbə heyəti ilə görüş keçirib. 


Görüşdə Emin Əmrullayev ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər, gələcək prioritetlər, tələbələrin üzərinə düşən vəzifələr, təhsil tələbə krediti və digər məsələlərdən danışıb, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti, əsas hədəf və istiqamətləri barədə geniş məlumat verib.

 

Sonda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb. 

 

 



02.03.2022 | 19:26