Təhsil nazirinin mətbuat konfransı keçirilib

Martın 1-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı mətbuat konfransı keçirilib.

 

Dövlət Proqramının (DP) hədəfinə toxunan təhsil naziri Emin Əmrullayev bildirib ki, DP çərçivəsində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alması təmin ediləcək.

 

Dövlət Proqramının prioritet ixtisas sahələrini qeyd edən təhsil naziri proqram çərçivəsində xaricdə oxumaq istəyənlərin artıq indidən müraciət edə biləcəyini vurğulayıb. Cari ildə seçimin mərhələli şəkildə aparılacağını deyən Emin Əmrullayev bildirib ki, DP çərçivəsində xaricdə təhsilə göndəriləcək şəxslərin seçimi zamanı onların digər həmyaşıdlarından istedad və bacarığı ilə həqiqətən də fərqləndiyinə diqqət ediləcək. Həmçinin seçim zamanı magistratura səviyyəsi üzrə namizədlərə üstünlük veriləcək.

 

Emin Əmrullayev deyib ki, Dövlət Proqramının tələb olunan alətlər, proseslər və digər vasitələrlə uğurlu icrası üçün onun beynəlxalq metodologiyalara əsasən tərtib edilmiş qaydalar üzrə monitorinqi və qiymətləndirilməsi aparılacaq. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə və indikatorlara diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaq.

 

Nazir vurğulayıb ki, əsas məqsəd ölkəmizin inkişafına töhfə vermək istəyən insanlara bu təqaüdü verməkdir.

 

Daha sonra media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

 

 



01.03.2022 | 18:05