ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olub

Martın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimi keçirilib. 


Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, ADPU-nun rektoru Cəfər Cəfərov, “BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və müxtəlif ali təhsil müəssisələrinin kitabxana rəhbərləri iştirak ediblər.


İştirakçılar Mərkəzdə yaradılmış şərait və göstərilən xidmətlərlə tanış olublar. 


Qeyd olunub ki, kitabxana ən müasir elektron sistemlər əsasında qurulmuş iş prinsipi əsasında fəaliyyət göstərir. Bu layihə korporativ sosial məsuliyyət prinsipini rəhbər tutan “BP Azərbaycan” şirkəti tərəfindən maliyyələşdirilib. 


Təhsil naziri Emin Əmrullayev kollektivi təbrik edərək bildirib ki, kitabxana infrastrukturu istənilən ali təhsil müəssisəsinin fəaliyyətində ən vacib məsələlərdən biridir. ADPU-da belə fərqli mühitin yaradılması da təhsil xidmətinin təşkilində yeni stimuldur. 


“BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli də öz növbəsində universitet heyətini təbrik edərək hər zaman bu tip layihələrin icrasında maraqlı olduqlarını bildirib.
Rektor Cəfər Cəfərov göstərilən diqqətə görə Təhsil Nazirliyinə və “BP Azərbaycan” şirkətinə universitetin kollektivi adından təşəkkürünü bildirib və vurğulayıb ki, ADPU 750 min nüsxə kitabxana fondu ilə ölkənin ikinci ən böyük universitet kitabxanasına sahibdir.


Mərkəzin açılışından sonra  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən universitetin 100 illik yubileyi ilə əlaqədar təltif edilmiş əməkdaşlarına mükafatların təqdim edilməsi mərasimi də baş tutub. 


Mərasimdə təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, pedaqoji iş və pedaqoji kadrların hazırlanması istənilən təhsil sisteminin özəyidir. Bu mənada ADPU-da verilən təhsil ölkənin gələcəyini yönəldən strateji işdir. Burada verilən təhsil müəyyən müddət sonra məktəblərdə öz əksini tapır. Bu baxımdan maddi resurslarla yanaşı bacarıqların aşılanması, şəxsiyyətin yetişdirilməsi prosesinə diqqətin artırılması vacibdir.


Nazir bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra təhsil sisteminin qarşısında daha böyük hədəflər dayanır. Emin Əmrullayev cari ilin sonunda Şuşada ilk məktəbin fəaliyyətə başlamasının planlaşdırıldığını qeyd edərək bu mənada ADPU-da yetişdirilən gənc müəllimlərin qarşısındakı tələblərin daha da çoxaldığını əlavə edib. 


Təhsil naziri çıxışının sonunda son illər sözügedən universitetdə aparılan islahatlar nəticəsində xeyli irəliləyişlər əldə edildiyinə də toxunub və daim dünya təhsil trendlərini izləyərək bu istiqamətdə müvafiq işlərin görülməsinin zəruriliyini vurğulayıb. 


Daha sonra ölkə başçısının müvafiq sərəncamı ilə  “Azərbaycan Respublikasının Prezidentinin Fərdi Təqaüdü”, “Əməkdar müəllim” fəxri adı, “Tərəqqi” medalı, “3-cü dərəcəli Əmək ordeni”, “Azərbaycan Respublikasının Prezidentinin Fəxri Diplomu” və “Şöhrət” ordeni ilə təltif edilən 53 əməkdaşına mükafatları təqdim olunub.


Çıxış edən rektor Cəfər Cəfərov göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Təhsil Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirərək rəhbərlik etdiyi ali təhsil müəssisəsinin professor-müəllim heyətinin onların qarşısında qoyulan vəzifələrin ən yüksək səviyyədə icrası üçün daha da əzmlə çalışacağını vurğulayıb.


Tədbir çərçivəsində təhsil naziri Emin Əmrullayev universitetdə TÜRKSOY kafedrasının, Heydər Əliyev Muzeyinin, Təhsil Nazirliyinin dəstəyi ilə yaradılan kompüter laboratoriyalarının fəaliyyəti ilə tanış olub, filologiya fakültəsində yaradılan “Zəfər guşəsi”nə baxış keçirib. Həmçinin filologiya və riyaziyyat fakültələrində tələbələrin tədris prosesi müşahidə olunub.


Mərasimin sonunda xatirə fotosu çəkdirilib.

 

 



01.03.2022 | 14:23