Azərbaycanın qlobal humanitar missiyası | |
2020-ci ilin əvvəlindən başlayan COVID-19 pandemiyası dünyada öz təsirini yavaşlatsa da, onun yeni ştamları ilə mübarizə hələlik davam etdirilir. Dünya dövlətləri bu bəla ilə mübarizə aparır, müxtəlif platformalarda pandemiyanın nəticələrini, cari və gələcək addımları müzakirə edir, birgə qərarlar verirlər. Bəlli olduğu kimi, COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində əsas rol BMT-yə məxsusdur, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı da öz səylərini ardıcıl şəkildə ortaya qoyur.
Dünya dövlətlərinin təmsil olunduğu BMT hesab edir ki, peyvəndlənmə bütün insanları əhatə etməlidir, çünki xəstəliklə mübarizənin maksimum nəticəsi bu kütləviliyə bağlıdır. BMT Baş Assambleyası bu məqsədlə bu günlərdə “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda yüksək səviyyəli tematik müzakirələr keçirdi və Azərbaycan Prezidenti İlham Əliyev buradakı çıxışında həm ölkəmizdəki peyvənd kampaniyasının gedişatına, həm də sədrlik etdiyi Qoşulmama Hərəkatının uğurlu təşəbbüslərinə toxundu.
Əvvəlcə ölkəmizdə COVID-19-a qarşı aparılan mübarizə tədbirlərinə diqqət yetirək.
Xəstəliyin ilk yayılma anında görülən əsas tədbir modul xəstəxanaların qurulması, xəstəliyə yoluxan insanların müalicəsinin aparılmasında tibbi personalın sayının artırılması, istifadəsi zəruri tibbi avadanlıqlarla təminat məsələsinin öz həllini tapmasından ibarət idi. Artıq sonrakı mərhələ dünya əczəxanalarında əldə edilən peyvəndlərin alınmasına nail olmaq idi ki, Azərbaycan peyvəndə əli çatan ilk ölkələrdən oldu. Beləliklə, ölkəmizdə peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarından start verildi. Statistik qeydlərə görə, Azərbaycanda yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub. Yəni, vurulan vaksinlərin ümumi sayı 12 982 387, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 298 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 784 882, üç və daha çox doza vaksin vurduranların sayı 2 694 562, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 204 315 təşkil edir. Tədbirlər davam etdirilir.
İndi isə Azərbaycanın dünyada bu xəstəliklə mübarizənin effektivliyi üçün atdığı addımlara, irəli sürdüyü təşəbbüslərə nəzər salaq.
Pandemiyanın başladığı dövrdən Azərbaycanın fəal çalışdığı Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini səfərbər etdi.
Bu, Azərbaycanın qlobal humanitar missiyasının nəticəsi idi. Bundan başqa, Azərbaycan özü koronavirusla mübarizəni dəstəkləmək məqsədilə birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etdi. 5 ölkəyə peyvənd ianəsi olundu. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə, təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi gedir. Azərbaycan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyin fəal təbliğatçısı kimi çıxış edir. Azərbaycan peyvənd bölgüsündə ədalətsizliyə ilk səsini qaldıran, kasıb ölkələri bundan məhrum qoymamaq təşəbbüsləri ilə çıxış edən ölkə oldu ki, bu, diqqətə alınmalı məqamdır. O zaman bölgüdəki ədalətsizlik leksikona “Peyvənd millətçiliyi” kimi daxil oldu və bu tendensiya qətiyyətlə pislənildi. Azərbaycan bu mövqeyinə beynəlxalq həmrəylik yaratdı. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsi oldu.
Ümumiyyətlə, ölkəmizin mövqeyi bundan ibarətdir ki, xəstəliklə mübarizənin dünyada effektivliyi və təsirli olması kasıb ölkələrin peyvəndlərə yetərli sayda nail ola bilməsindən keçir. Peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəliklər götürülməlidir. COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə əhəmiyyətlidir. Lakin bugünkü mənzərə göstərir ki, bu sahədə hələ də problemlər var. Bu isə o deməkdir ki, pandemiyanın hər yerdə tam aradan qaldırılması zaman alacaq. Üstəlik, burada səhiyyəyə əlçatanlıq məsələsi də var. Bu əlçatanlığın da mümkünlüyü üçün səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə səmərəli addımların atılması baxımından əsas səhiyyə xidmətlərinin bütün müvafiq aspektlərinin gücləndirilməsi vacibdir.
Azərbaycan Qoşulmama Hərəkatında bu rakursdan olan doğru mövqeyini gücləndirmək, nəticəyönümlü təşəbbüslərini davam etdirmək niyyətindədir.
V.ALLAHVERDİYEVA
|
|
01.03.2022 | 12:38 | |
|
|
|