Rektor: “Dövlət Proqramı azərbaycanlı gənclərin xaricdə nüfuzlu ali məktəblərdə təhsil almasını təmin edəcək” | |
Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclasında rektor Şahin Bayramov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı ölkəmizin gələcək inkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndirib. Sənədin minlərlə azərbaycanlı gəncin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasını təmin edəcəyini bildirən rektor MDU-nun gənc əməkdaşlarını, tələbə və magistrantlarını bu Dövlət Proqramından faydalanmağa çağırıb.
Sonra “2021/2022-ci tədris ilinin payız imtahan sessiyasının yekunları haqqında” hesabat dinlənilib. Tədris şöbəsinin müdiri Ü.Zeynalov tərəfindən təqdim olunan hesabatda əyani formada təşkil edilmiş payız imtahan sessiyasının fakültələr, kafedralar və ixtisaslar üzrə nəticələri barədə məlumatlar öz əksini tapıb. Əvvəlki dövrlərlə müqayisədə cari imtahan sessiyasında müxtəlif göstəricilər üzrə yeni müsbət meyillərin müşahidə olunduğu, apelyasiya müraciətlərinə vaxtında və obyektiv baxıldığı bildirilib. Təhsilalanlar və akademik heyət üzvləri arasında aparılmış sorğuların nəticələrinə əsasən, imtahan prosesinin təşkilindən və gedişatından, biliyin qiymətləndirilməsi üçün yaradılmış şəffaf mexanizmdən, müəllim və tələbələrə münasibətdə tətbiq edilən həssas yanaşmadan yüksək məmnunluğun ifadə edildiyi qeyd olunub.
Müzakirələrdən sonra hesabatın əsas məqsədlərindən birinin gələcəkdə atılacaq addımların müəyyən edilməsi olduğunu diqqətə çatdıran rektor mövcud şəraitdə tədris prosesinin keyfiyyətinin davamlı yüksəldilməsinin vacibliyini vurğulayıb, müsbət meyillərin daha da möhkəmləndirilməsi, cari çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonra iqtisadiyyat fakültəsinin dekanı N.Qədimli “İqtisadiyyat və idarəetmə fakultəsinin fəaliyyəti haqqında” hesabat təqdim edib. Hesabatda ötən dövr ərzində fakültədə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması və tələbələrlə işin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib və növbəti dövr üçün qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Müzakirələrdən sonra rektor gələcək dövrdə fakültəyə qəbul olan tələbələrin arasında yüksək bal toplayanların sayının çoxalması, akademik heyət üzvlərinin hər nəfərinə düşən məqalə sayının artırılması, müəllimlərin yeni dərslik, dərs vəsaiti və proqramların hazırlanması prosesinə daha fəal cəlb edilməsi, məzunlarla işin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı müvafiq göstərişlərini verib.
|
|
01.03.2022 | 14:01 | |
|
|
|