“Turizm destinasiyalarının idarəedilməsi” kitabının təqdimatı | |
Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeliyində olan Şəki Destinasiya Menecmenti Təşkilatının dəstəyi və təşkilatçılığı ilə hazırlanmış “Turizm destinasiyalarının idarəedilməsi” kitabının təqdimatı keçirilib.
Təqdimatda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.
Tədbirdə MDU-nun rektoru Şahin Bayramov, Şəki Regional Turizm İnformasiya Mərkəzinin (Şəki Destinasiya Menecmenti Təşkilatı) direktoru Səbinə Yadullayeva və Gəncə Regional Turizm İnformasiya Mərkəzinin (Gəncə Destinasiya Menecmenti Təşkilatı) direktoru Zaur Bayramov çıxış ediblər.
Rektor Ş.Bayramov turizmin inkişafı ilə əlaqədar dövlət tərəfindən sistemli və kompleks tədbirlərin həyata keçirildiyi hazırki dövrdə belə aktual mövzuda kitabın yazılmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
Turizm sahəsində ixtisaslı və təcrübəli kadrlara olan təlabatın ödənilməsində turizm üzrə ali təhsil proqramlarını həyata keçirən universitetlərlə işbirliyinin önəmini diqqətə çatdıran Gəncə Regional Turizm İnformasiya Mərkəzinin direktoru Z.Bayramov bu istiqamətdə təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib və təqdim olunan kitabın turizm təhsilinə töhfə verəcəyinə əminliyini bildirib.
Şəki Regional Turizm İnformasiya Mərkəzinin direktoru və kitabın həmmüəlliflərindən biri Səbinə Yadullayeva 7 müəllif və 3 redaktorun iştirakı ilə hazırlanmış dərs vəsaitinin ərsəyə gəlməsində görülən işlər barədə danışıb.
Bildirilib ki, destinasiya idarəetməsi mövzusu ilə əlaqəli Azərbaycan dilində ilk olan bu kitab 223 səhifəlik dərs vəsaitidir.
Çap edilmiş dərs vəsaitləri tələbələrə çatdırılması üçün ölkənin turizm təhsili verən universitetlərinin kitabxanalarına paylanılacaq.
Sonra təqdimatda çıxış edən universitetin kollektiv üzvləri destinasiya idarəedilməsi mövzusunda Azərbaycan dilində mövcud dərs vəsaiti çatışmazlığının aradan qaldırılması baxımından kitabın hazırlanmasını və universitetlərə paylanılmasını yüksək qiymətləndiriblər.
|
|
28.02.2022 | 17:35 | |
|
|
|