“Beynəlxalq olimpiadaların həyatımda rolu böyükdür“

Son illərdə şagirdlərimizin bir sıra beynəlxalq olimpiadalarda iştirakı onların potensial imkanlarının üzə çıxarılması və qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqların aşkara çıxarılması, bilik və bacarıqlarının stimullaşdırılması istiqamətində  məqsədyönlü tədbirlərin təşkili nəticəsində şagirdlərimiz bir sıra beynəlxalq əhəmiyyətli  olimpiadalarda uğurlar qazanaraq  öz layiqli töhfələrini veriblər. İndi onların bir çoxunun sorağı dünyanın nüfuzlu universitetlərindən gəlir. Onlardan biri də hazırda Cənubi Koreyanın Qabaqcıl Elm və Texnologiyalar İnstitutunun (KAİST) tələbəsi Ayhan  Süleymanzadədir.

 

Tanıtım. 14 iyul 2004-cü ildə Bakıda anadan olub. Paytaxtdakı 82 nömrəli tam orta məktəbə gedib. Daha sonra orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyində davam etdirib. VIII sinifdən başlayaraq Respublika fənn olimpiadalarına qatılıb. Bir sıra  beynəlxalq olimpiadalarda uğurla iştirak edib. Beynəlxalq olimpiadalardan 2 gümüs, 3 bürünc,  respublika fənn olimpiadalarından isə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.  2021-ci ildə Respublika fənn olimpiadasında  qızıl medalla yanaşı, “Birincilərin birincisi”  nominasiyasının qalibi olub.  2021-ci ildə Litvada keçirilən Beynəlxalq Fizika Olimpiadasında bürünc medala layiq görülüb. 

 

- Sizin üçün uğur fənn olimpiadalarından başlayıb. Həyatınızda beynəlxalq olimpiadaların rolunu necə qiymətləndirərdiniz?

- Beynəlxalq olimpiadaların həyatımda rolu böyükdür. Belə ki, beynəlxalq olimpiadalar universitetə qəbul üçün ən tutarlı yollardan biridir. Bundan başqa,  demək istərdim ki, artıq bir fənlə 3-4 il intensiv məşğul  olduqda, bu, digər fənləri öyrənməyə də köməklik edir, bir növ, beyinin işini gücləndirir. Bunun faydasını  universitetdə yeni sahələri öyrənən zaman da görmək olur.

 

- Ali təhsil üçün Koreyanı seçmisiniz. Nizə məhz Koreyanı?  Bunu necə izah edərdiniz?
- Bir sıra universitetlərə  müraciət etmişdim, bəzilərindən təqaüdlü qəbul gəldi, bəzilərindən sadəcə qəbul gəldi, bəzilərindən isə gəlmədi. KAIST-dən daha reytinqli universitetə qəbul olsam belə, məhz təqaüd baxımından  KAIST-i seçdim. Çünki KAIST mənim ali təhsil xərclərimi qarşılayır və aylıq təqaüd verir.  KAIST-in digər üstün cəhəti, hətta deyərdim  ki, ən vacib cəhəti, tələbələrə istədiyi ixtisas üzrə formalaşmağa, istədiyi dərsləri götürməyə icazə verir. Bu cəhətdən KAIST nadir və cəlbedici universitetdir.

 

- İxtisasınız barədə nə deyə bilərsiniz? Bu sahənin getdikcə daha çox aktuallıq qazanmasını necə izah edərdiniz?

-  KAIST-də “Elektrik mühəndisliyi və kompüter elmləri”  üzrə ixtisaslaşmaq  istəyirəm. Texnologiyanın  hər gün, hətta hər saat,  hər dəqiqə  inkişaf  etdiyi  dünyamızda  kompüter və elektrik elmlərinin inkişafdan qalması absurd olardı. Artificial Intelligence (Süni İntellekt) bir qolu olan “Machine Learning”  və  “Electric Engineering Devices”  bölmələri  mənim ixtisas sahəmdir. Bu ixtisasların insan həyatına verdiyi  töhfələr onun hər zaman aktual olacağından  xəbər verir.

 

- Pandemiya dövründə dərsləriniz necə keçir?

-İlk semestr tədris distant formatda keçdi. Növbəti semestr isə əsasən online olmaqla tədris olunacaq. Online dərslərin müəyyən qədər effektiv olmaması  imtahanların daha asan olması ilə nəticələndi. Bu  cür nəticə bəzi tələbələr üçün güzəşt sayıla bilər. Amma, məncə,  bu, bəhanədir, fənləri hər şəraitdə heç bir  universitet təhsili olmadan belə, mükəmməl şəkildə öyrənmək olar.

 

- Olimpiada qalibi kimi dünyanın nüfuzlu ali məktəblərindən birinin tələbəsisiniz. Uğurlarınızda  müəllimlərinizin rolunu necə qiymətləndirərdiniz?

- Uğurlarımın əsas sirri elmə olan marağımla bağlı olub. Fizika fənninə maraq məni olimpiadaçı etdi.  Bu səbəbdən də bu fənlə intensiv məşğul olub, bəzilərinə görə uğur qazana bildim. Fizikadan olimpiada müəllimim olmuş rəhmətlik Naqif  Nəbiyevi hörmət və ehtiramla anıram. Eləcə də uğurlarımda  dəstəyinə görə  Rəşadət Qədimalıyevə sonsuz minnətdaram.
Uğurlarımda müəllimlərimin  rolu  çox böyükdür.  Fizika elə bir elmdir ki, daim öz üzərində işləyib  məsələ işləmə qabiliyyətini formalaşdırmalısan. Hər hansı   mövzunu kitabdan da oxumaq olar, amma  çətinliklər baş verdikdə sənə kömək edəcək müəllim olmasa,  verilən tapşırığın cavabını tapa bilməsən, elm sahəsində  inkisaf edə bilməzsən.  Ona görə müəllimlərin  rolu böyükdür. 

 

- Sizcə, olimpiadalara hazırlıq hansı yaşdan başlanmalıdır? Bu barədə şagirdlərə nə kimi tövsiyələriniz var? Kimlərəsə bu sahədə təcrübə və biliklərinizi bölüşürsünüzmü?

- Mənə görə olimpiadalara başlamaq üçün ən ideal vaxt VII sinfin sonudur.  Bu dövrdə artıq riyazi biliklər də bir qədər lazımı səviyyədə  olur və yavaş-yavaş dərinə endikcə mövzuları qavramaq mümkündür. Digər ölkələrdə təhsil 12, Azərbaycanda isə 11 il olduğundan, fənn yarışlarına  daha tez başlamaq beynəlxalq olimpiada qalibi olmağı hədəfləyənlər üçün çox mühümdür. Bu yola çıxan gənclərə əsas məsləhətim çoxlu çalışmaq və hər bir nüansı diqqətlə başa düsməkdir.  Hər bir məsələni işləyib ən incə detalına kimi anlamaq onları bu sahədə inkişaf etdirəcək, irəli aparacaq. Koreyaya gəlməzdən əvvəl, olimpiadaçı dostumla birlikdə 3 ay müddətində IX sinifdə oxuyan şagirdlərə  dəstək olduq. Bura gəldikdən sonra da olimpiadaçı dostlarımıza hər hansı bir çətinlikdə dəstək olmağa hazırıq.

 

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Gələcək məqsədim, ilk növbədə, universitet təhsilimi maksimum dərəcədə uğurla mənimsəmək, elmin dərinliklərinə baş vurmaqdır. Mənim düşüncəm o yöndədir ki, əgər sən düzənli şəkildə çalışsan, uğur səni tapacaq.  Əyləncə, oyun, dostlarla vaxt keçirmək də, əlbəttə, öz yerində olmalıdır. Aradakı balansı saxlamağın gələcəkdə uğurlu bir mütəxəssis kimi yetişməyimdə əsas faktor olacağını düşünürəm.

 

Oruc MUSTAFAYEV

 



28.02.2022 | 12:09