Xalqımıza qarşı törədilən qətliama həsr olunan rəsm sərgisi

Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Bəşəriyyətin faciəsi: Xocalı soyqırımı” mövzusunda tədbir keçirilib.

 

Rektor  Şahin Bayramov Xocalıda törədilən soyqırım cinayətlərindən danışıb, müdafiəsiz, dinc və əliyalın insanları, o cümlədən qocaları, uşaqları və qadınları xüsusi amansızlıqla qətlə yetirən erməni cəlladlarının vəhşi və terrorçu xislətindən bəhs edib. O, Xocalı həqiqətlərinin araşdırılması, öyrənilməsi, gənc nəsillərə ötürülməsi, daha geniş ictimaiyyətə çatdırılması və təbliğ edilməsi missiyasında ali təhsil müəssisələrinin mühüm roluna da toxunub.

 

Tədbirdə çıxış edən MDU-nun Qarabağdan olan əməkdaşları və Xocalı sakinləri öz xatirələrini bölüşüblər. Xocalının Qarabağda strateji mövqeyə sahib olduğunu bildirən sakinlər onları doğma yurdlarından didərgin salan erməni işğalçılarının mənfur niyyətlərindən, dinc əhaliyə qarşı törətdikləri ağlasığmaz vəhşiliklərdən bəhs ediblər.

 

Sonra tədbir MDU-nun Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Hərbi Vətənpərvərlik Klubunun təşkil etdiyi bədii hissə ilə davam edib.

 

Sonda TGT-nin “Art klub”u və “BİR” tələbə-könüllüləri tərəfindən təşkil edilən rəsm sərgisində MDU tələbələrinin Xocalı faciəsindən bəhs edən rəsmlərinə baxış keçirilib.

 



26.02.2022 | 15:19