SDU-da Xocalı soyqırımına həsr olunan tədbir

Sumqayıt Dövlət Universitetində (SDU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə universitetin rəhbərliyi və tələbə heyəti şəhidlik zirvəsinə ucalan tələbə-məzunların ali məktəbin həyətində yaradılmış xatirə abidəsini ziyarət edib.  Sonra tədbir iştirakçıları tələbələrin əl işləri və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

 

Tədbirdə çıxış edən rektor, professor Elxan Hüseynov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən danışıb. Bildirib ki, 1992-ci il fevralın 26-da ermənilər xalqımıza qarşı xüsusi qəddarlıqla Xocalı qətliamını törətdilər. Xocalıda dinc mülki əhali, o cümlədən körpələr, qadınlar, qocalar xüsusi vəhşiliklə qətlə yetirildi. Onun sözlərinə görə, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atdı və atmaqda davam edir.

 

Rektor bildirib ki, xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Vətən müharibəsində parlaq Qələbə qazanmaqla, Xocalı soyqırımının intiqamını aldı. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və xalqımızın 30 illik torpaq, yurd həsrətinə son qoyuldu.

 

Tədbirdə Xocalı sakini, eləcə də faciənin şahidi Aydın Əliyev 30 il öncə baş verən hadisələri ürək ağrısı ilə xatırlayıb.  Qeyd edib ki, şəhərin digər sakinləri kimi onun da ailə üzvləri, yaxın qohumları o müdhiş gecə erməni silahlıları tərəfindən amansız işgəncələrə məruz qaldılar:”Həmin gecə yaddaşıma bir kabus kimi həkk olunub. Üstündən illər ötsə də, xocalılar hələ də o dəhşətli hadisələrin ağrı-acısını yaşayır, dinc əhaliyə qarşı törədilən vəhşiliklərin təsirindən çıxa bilmirlər”.

 

Tədbir  “Unudulmayan Xocalı” adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

 



25.02.2022 | 18:26