“Xocalı faciəsi Azərbaycan tarixinin qan yaddaşıdır” | |
Lənkəran Dövlət Universitetində (LDU) Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan konfrans keçirilib.
LDU-nun rektoru, professor Natiq İbrahimov Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifəsi olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısında yer aldığını bildirib, bu faciəni əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımların daha dəhşətli təzahürü kimi qiymətləndirib.
Rektor deyib ki, 44 gün davam edən və Azərbaycan xalqının qələbəsi ilə bitən Vətən müharibəsi Xocalı faciəsinə xalqımızın layiqli cavabı və qisası oldu.
Universitetin Tarix və onun tədrisi metodikasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamal Mahmudov “Xocalı faciəsi Azərbaycan tarixinin qan yaddaşıdır” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Xocalı qətliamı baş verən dövrdə Azərbaycanda və dünyada yaşanan hadisələr, faciəni doğuran səbəblər və onun ağrılı nəticələri, ibrət dərsləri barədə ətraflı söz açılıb. Məruzədə qeyd edilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın da daxil olduğu İslam Konfransı Təşkilatı (İKT) ilə birlikdə “Xocalıya ədalət” kampaniyası uğurla həyata keçirilir, Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.
Konfransda 26 fevral Xocalı soyqırımına həsr edilən sərginin onlayn nümayişi də olub.
Anım tədbiri Xocalı dəhşətlərini əks etdirən videorolikin nümayişi ilə başa çatıb.
|
|
25.02.2022 | 17:28 | |
|
|
|