Fevralın 24-də “Sabahın alimləri” XI Respublika müsabiqəsinin onlayn bağlanış mərasimi keçirilib.
Tədbirdə iştirak edən təhsil naziri Emin Əmrullayev təhsil sistemində mövcud müasir metodlardan danışıb. Şagirdlər arasında elmi axtarışlara marağı olan "gənc alimlər"in gələcəkdə də işlərini müvəffəqiyyətlə davam etdirmələrini tövsiyə edən Emin Əmrullayev qalib şagirdləri təbrik edib və onlara uğurlar arzulayıb. Nazir həmçinin layihələrin işlənməsində şagirdlərə dəstək olan alimlər və layihələrin qiymətləndirilməsində iştirak edən münsiflər heyətinə təşəkkürünü ifadə edib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti vəzifəsini icra edən, akademik-katib akademik Arif Həşimov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva da təbrik nitqi ilə çıxış ediblər.
Bildirilib ki, cari ildə IX-XI siniflərdə təhsil alan 326 şagird 192 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 58-i fərdi, 134-ü isə kollektiv işlənilmiş layihələr olub. Müsabiqəyə buraxılan layihələrlə Bakı şəhəri üzrə 48 faiz, Sumqayıt şəhəri üzrə 27 faiz, Şirvan rayonu üzrə 7 faiz, həmçinin Naxçıvan Muxtar Respublikası və 14 rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib.
Şagirdlər müsabiqəyə riyaziyyat üzrə 21, fizika, astronomiya üzrə 22, kimya üzrə 21, biologiya üzrə 22, tibb və sağlamlıq üzrə 26, ekologiya, ətraf mühitin idarəolunması üzrə 31, kompüter elmləri üzrə 15, mühəndislik üzrə 34 layihə ilə qatılıblar.
Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə alimlərdən ibarət Münsiflər heyəti təşkil edilib. Münsiflər heyətinin qərarına əsasən, müxtəlif kateqoriyalara aid I, II və III yerlərə 48 layihə üzrə 84 şagird, o cümlədən I yerə 7 layihə üzrə 12 şagird, II yerə 16 layihə üzrə 30 şagird, III yerə 25 layihə üzrə 42 şagird layiq görülüb.
Qaliblər sırasından İSEF- Mühəndislik Sərgisində respublikamızı təmsil etmək üçün isə 7 layihə (12 şagird) seçilib. Cari ildə İSEF Beynəlxalq Elm və Mühəndislik Sərgisinin 8-13 may tarixlərində ABŞ-ın Corciya ştatının Atlanta şəhərində keçirilməsi nəzərdə tutulub.
"Sabahın alimləri” XI Respublika müsabiqəsinn iştirakçılarına hər il olduğu kimi bu ildə ABŞ-ın müxtəlif beynəlxalq fondlar, assosiasiyalar və cəmiyyətlərinin xüsusi mükafatları verilib. Bu mükafatlar seçilmiş istiqamətlər üzrə 10 layihəyə (12 şagirdə) təqdim olunub.
Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal və hədiyyələr təqdim ediləcək, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları veriləcək.
Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə təşkil edilir.
|