Röya Əliyeva: “Skripka həyatımın mənasıdır” | |
Dünyaşöhrətli musiqi korifeylərinin bəstələdikləri simfonik əsərləri dinləyərkən skripkanın yaratdığı möcüzələri hiss etməmək mümkün deyil. Dahi bəstəkarlar P.İ.Çaykovski, F.Şopen, L.V.Bethoven, İ.S.Bax, V.A.Motsart, V.Y.Haydnın və başqaları neçə onilliklərdir ki, dinləyici ruhuna rəng qatan həzin melodiyalarını, simfonik əsərlərini yaradarkən məhz skripkanın misilsiz imkanlarından məharətlə bəhrələniblər. Ümumiyyətlə, skripka üçün yazılan klassik musiqi nümunələrinin dünya musiqi boxçasında xüsusi yeri var. Bu musiqi alətində xariqələr yaradaraq tamaşaçı, dinləyici qəlbinə hakim kəsilən ifaçılar və ifalar da az olmayıb. Bu gün də musiqi məktəblərimizdə erkən yaşlarından bu musiqi alətində ifaçılıq sənətinə yiyələnmək arzusunda olduğunu israrla bildirənlər var. Belə yeniyetmələrdən birini də bu yazıda oxucularımıza təqdim etməyi qərara aldıq.
Birinci dərəcəli şahmatçı
...Röya Əliyeva 2005-ci ildə Bakı şəhərində doğulub. 5 yaşından skripka ilə fərdi qaydada məşğul olub. 2011-ci ildə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 1-ci sinfinə qəbul olunub. 2010-cu ildən Respublika Şahmat-Dama Klubunda bu idman növünün sirlərinə yiyələnib. İstedadlı yeniyetmə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin hər il təşkil etdiyi şahmat üzrə birinciliklərdə və müxtəlif səpkili şahmat yarışlarında iştirak edib. 2012-ci ildə IV, 2013-cü ildə III, 2015-ci ildə II dərəcə normalarını yerinə yetirib. 2018-ci ildə isə “1-ci dərəcəli şahmatçı” diplomu qazanıb.
Bilik yarışmalarının qalibi
Röya Əliyeva 2012-ci il gimnaziyada keçirilən “Bilik” müsabiqəsində III, 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən şeir müsabiqəsində I, 2012-ci ildə “Dünya Azərbaycanlılarının həmrəyliyi” mövzusunda ədəbi-bədii kompozisiya təqdimatında I, 2014-cü ildə “Bilik” yarışında I, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən şeir müsabiqəsində I yerləri tutub. 2-ci sinifdən gimnaziyanın Kamera Orkestrinin birinci skripka ifaçısıdır. Gimnaziyanın keçirdiyi müxtəlif konsertlərdə piano və skripka alətlərində ifa edib. O, həm də vokal və xor qrupunun üzvüdür. 2019-cu ildə keçirilən “Arts olimpia” beynəlxalq musiqi müsabiqəsində skripka üzrə solo və ansambla 2-ci və 3-cü yerləri qazanıb.
Qran-pri mükafatçısı
2020-ci ildə Rusiyada keçirilən “Yujnaya Rapsodiya” beynəlxalq müsabiqəsində vokal ansamblı, Təhsil Nazirliyi tərəfindən keçirilən “Üç alov” beynəlxalq müsabiqəsində isə gimnaziyanın vokal qrupu ilə Qran-pri mükafatına layiq görülüb.
Röya Əliyeva 2020-ci ildə “School-Studio of Baku Music Academy - 40” adı altında professor Tərlan Seyidov tərəfindən təşkil edilən Akademik Xalq və Caz Musiqisi ifaçılarının ilk beynəlxalq müsabiqəsində vokal ansamblı ilə 3-cü yeri tutaraq laureat adını qazanıb. 2020-ci ildə Rusiyada keçirilən “Art Planet” beynəlxalq incəsənət müsabiqəsində Gimnaziyanın vokal ansamblı ilə 1-ci yerə layiq görülüb. Yeniyetmə istedad bir sıra dövlətlərin Azərbaycanda fəaliyyət göstərən səfirliklərində keçirilən tədbirlərdə vokal qrupu ilə iştirak edib.
Beynəlxalq müsabiqələr qalibi
Röya Əliyeva skripka üzrə onlayn keçirilən bir sıra beynəlxalq musiqi müsabiqələrinin də iştirakçısı və qalibi olub. O, 2021-ci ildə Türkiyədə keçirilən beynəlxalq musiqi müsabiqəsində 2-ci, Amerika, Böyük Britaniya, Fransa, İspaniya, Finlandiya və İtaliyada keçirilən beynəlxalq musiqi müsabiqələrində isə 1-ci yerlərə layiq görülüb.
Nitq müsabiqələrində də uğurlar
R.Əliyeva nitq müsabiqələrində də bir çox nailiyyətlər əldə edib. 2020-ci il 29 oktyabr tarixində Türkiyədə Cümhuriyyət Günü münasibətilə səsləndirdiyi təbrik nitqi və Çukurova Universiteti nəzdində Dövlət Konservatoriyasının orta məktəb xoru ilə birgə təqdim itdiyi ifa qardaş ölkə mətbuatında geniş işıqlandırılıb.
2020-ci ildə 28 may Respublika Gününə həsr olunan 15-17 yaş qrupu üzrə onlayn şeir müsabiqəsində iştirakına görə xüsusi diplomla təltif edilib. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” beynəlxalq yaradıcılıq müsabiqəsində nitq nominasiyası üzrə 3-cü yerə layiq görülüb. 2021-ci il 23 aprel tarixində Türkiyədə keçirilən “Milli suverenlik və Uşaq günü” ilə əlaqədar təbrik videoçarxında etdiyi çıxışa və vokal qrupu ilə ifasına görə isə xüsusi diplomla mükafatlandırılıb.
Çıxışı tezis-topluda
...6 may 2021-ci il tarixində Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Heydər Əliyev və şanlı Azərbaycan” adlı Respublika tələbə-şagird elmi konfransında Röya Əliyeva “Ənənəvi və onlayn tədrisin aktual problemləri” mövzusu ilə çıxış edib və həmin çıxış tezis-topluda nəşr olunub. 2021-ci ildə orta məktəbi bitirən istedadlı şagird son zəng tədbirinin aparıcısı, eyni zamanda il ərzində çoxlu sayda respublika və beynəlxalq müsabiqələr laureatı olduğu üçün gimnaziya rəhbərliyi tərəfindən diplomla, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda fəal iştirakına görə sertifikatla təltif olunub.
Ən böyük arzusu...
...Özünə qarşı tələbkar olan bu çalışqan qız gələcəkdə adının böyük sənətkarlar cərgəsində çəkiləcəyinə çox ümid bəsləyir. Əslində bugünədək qazandığı uğurlar da əzmkar musiqiçinin arzularının gerçəkləşəcəyinə ümid işığı yandırır. Görünən və duyulan odur ki, Röya skripkanı, doğrudan da öz həyatının mənası sayır. İnanırıq ki, istedad sahibi olaraq o, gələcəkdə skripkanın yaratdığı möcüzələrlə, özünün saf və şəffaf duyğuları ilə dinləyicilərin ürəyinə asanlıqla yol tapacaq. Dinləyicilərinin qəlbinə gedən yol Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında skripka ixtisası üzrə təhsil almasından keçəcək. Növbəti təhsil mərhələlərini beynəlxalq musiqi akademiyalarından birində davam etdirmək istəyən Röyanın ən böyük arzusu dünyanın harasında olmasından asılı olmayaraq istedadı ilə xalqını, millətini, dövlətini şərəflə təmsil etməkdir.
Sifai SƏFƏROVA |
|
24.02.2022 | 14:09 | |
|
|
|