AzMİU-nun nümayəndə heyəti Ankara və Hacettepe universitetlərində olub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Türkiyədə ezamiyyətdə olub.

 

Universitetin tədris işləri üzrə prorektoru Akif Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankara və Hacettepe universitetlərində görüşlər keçirib, işgüzar danışıqlar aparıblar. 

 

Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar rektor yardımşçıları, dekan və bölüm başqanlarının iştirakı ilə nümayəndə heyətini yüksək səviyyədə qəbul edib, çıxışında Azərbaycana xüsusi məhəbbətini vurğulayıb və xalqımızı möhtəşəm qələbə münasibətilə təbrik edib.

 

Görüşdə prorektor Akif Qasımov universitetlər arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb. 

 

Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov uyğun kafedralar arasında gələcəkdə elmi-tədqiqat işlərinin aparılması, onlayn şəkildə birgə elmi seminarların, beynəlxalq konfransların keçirilməsinin vacibliyini qeyd edib.

 

Ezamiyyət zamanı müəllimlər Ankara Universitetinin elmi-texniki bazası və Texnokəndi, mühəndislik fakültəsinin dekanlığı, Elektrik və elektronika bölümünün auditoriya və laboratoriyaları, pedaqoji kollektivi ilə tanış olub, mühazirə dərslərində iştirak edib, gələcəkdə görüləcək işlər haqqında müzakirələr aparıblar.

 

Daha sonra A.Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Hacettepe Universitetinin prorektoru, professor Vural Gökmənlə görüşüb. Zəngin ənənələrə, müasir infrastruktura və güclü potensiala malik qardaş ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Hacettepe Universiteti  ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdıran A.Qasımov AzMİU-nun potensial  inkişaf istiqamətləri və strateji hədəfləri barədə ətraflı məlumat verib, tələbə-müəllim  mübadiləsi, birgə elmi konfransların təşkili, ortaq layihələrin icrası və digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün mövcud imkanların səfərbər edilməsinin önəmindən danışıb. 

 

Hacettepe Universitetinin prorektoru Vural Gökmen hər iki ali təhsil müəssisəsinin iqtisad profilli fakültələri arasında qarşılıqlı faydalı işbirliyinin potensial nəticələrinə dair fikirlərini bölüşüb. Hacettepe Universitetində davam edən görüşdə iqtisadi ixtisaslar üzrə birgə fəaliyyətin detalları müzakirə olunub. 

 

Qeyd edək ki, ezamiyyət Türkiyə universitetlərində aparılan elmi-tədqiqat işləri ilə yaxından tanışlıq, təhsildə Avropa standartlarının daha dərindən öyrənilməsi, gələcəkdə Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ikili diplom layihəsinin işlənilməsinə hazırlıq məqsədi daşıyıb. 



23.02.2022 | 16:50