Mehriban Əliyeva – xalqın sevgisini qazanan Birinci vitse-prezident | |
Məlum olduğu kimi, 2016-cı il sentyabrın 26-da dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm bir addım atıldı. Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə, ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı. 2017-ci il 21 fevral tarixində isə dövlət başçısının imzaladığı sərəncama əsasən, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu mühüm dövlət vəzifəsinə ölkəmizin ictimai-siyasi, mədəni həyatında uzun müddət oynadığı vacib və fəal rol sayəsində yüksəldi.
Bu gün Mehriban xanım Əliyevanın müasir Azərbaycan tarixinin mühüm hadisəsi olan bu təsisata rəhbərliyinin beş ili tamam olur. Adıçəkilən institut Azərbaycanın çağdaş, demokratik simasının yeni və mütərəqqi əlaməti kimi xarakterizə edilə bilər. Yarandığı gündən etibarən funksional siyasi təsisat kimi uğurla fəaliyyət göstərir. Faktiki olaraq ötən müddət ərzində Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəlilik və çevikliyini artırdı. Burada Birinci vitse-prezidentin yüksək şəxsi keyfiyyətləri, peşəkar idarəetmə bacarığı, işinə dürüst, vicdanla yanaşması, qarşısına qoyduğu məqsədlər üçün əzmlə çalışması, ölkənin, xalqın maraqlarını hər şeydən üstün tutması amili başlıca rol oynadı.
Mehriban Əliyevanın ictimai rəydə formalaşmış mükəmməl obrazının əsas cizgisi olan mərhəmətlilik Birinci vitse-prezident vəzifəsinə başladığı ilk günlərdən də özünü büruzə verdi. Belə ki, ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etdi, onları daha yaxından dinlədi, onların qayğılarının yüngülləşdirilməsi, firavan həyat şəraiti üçün gərəkli tapşırıqlar verdi.
Ümumiyyətlə, Birinci vitse-prezidentin fəaliyyətinin konkret istiqamətləri var idi və prioritetlər belə müəyyənləşdirildi:
- Ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində layihələr reallaşmalı, təhsildə demokratik prinsipin yaşadılması təmin olunmalıdır. - Əhalinin sağlamlığının qorunması, sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görülməlidir. - Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələr reallaşmalıdır. - Ölkədə idman hərəkatının davamlılığı təmin edilməlidir. - Ekoloji problemlərin həllinə dəstək göstərilməlidir. - İşğaldan azad olunan ərazilərin bərpasında humanitar missiya həyata keçirilməlidir.
Qeyd edək ki, Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri olaraq qazandığı böyük təcrübə Birinci vitse-prezidentlik institutunda da öz sözünü mükəmməl şəkildə deməyə başladı. Effektiv təşkilatçılıq, mühüm qərarların qəbul olunması və çeviklik burada da Mehriban Əliyevanın uğurlu fəaliyyətini şərtləndirən əsas amillər kimi çıxış etdi.
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə daim çıxış edir. Təhsilə göstərilən qayğı kontekstində ötən illərin növbəti təşəbbüsləri xüsusi olaraq vurğulanmalıdır: “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək” və s. Qeyd olunan proqramların icrası nəticəsində təhsildə, habelə savadlı və vətənpərvər nəslin formalaşdırılması prosesində əsaslı nailiyyətlər əldə olunub. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 100-ə qədər, ümumilikdə isə ötən dövr ərzində 3000-dən artıq təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olub. Orta məktəb və digər təhsil müəssisələrinin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə gətirib çıxarıb.
Əhalinin sağlamlığının qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşulub, uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün “Talassemiyasız həyat naminə” layihəsinə start verib. Bundan əlavə, 2010-cu ildə Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən anemiya və talassemiya üzrə “dəyirmi masa”da bu istiqamətdə bir çox mühüm problemlər müzakirə edilib.
Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Qarabağ müharibəsi şəhidlərinin övladları, valideynləri və doğmalarına xüsusi diqqət və qayğı Azərbaycan xalqına yaxşı məlumdur. Dövlətin sosialyönümlü çoxşaxəli layihələri məhz Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə aztəminatlı ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilib. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, habelə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələri koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilib.
Mehriban Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artıb. Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezidentin yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün dəfələrlə şahidi olub. Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharət və uğurla gəlir.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa edib, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirib. Bundan əlavə, Birinci vitse-prezident Mehriban Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlamaları, dini ayinlərini sərbəst yerinə yetirmələri üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanıb. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda dini-mədəni abidələrimizin bərpası da Mehriban Əliyevanın rəhbərliyi altında aparılır.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci ildə onun təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası hər il davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulub. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilib, yeni parklar və bağlar salınıb. Həmçinin, “Nəsimi İli” çərçivəsində Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağac əkilib və Bakı şəhərində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilib. Beynəlxalq ekspertlərin və xarici ölkələrin aparıcı təşkilatlarının diqqətini cəlb edən Sammitdə Qafqazda biomüxtəlifliyin qorunması məsələləri müzakirə olunub.
Mehriban Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri də əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı, təbliği üçündür. Birinci vitse-prezidentin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır.
Bu gün birinci xanım Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və dövlət xadimi obrazı formalaşıb. Mehriban Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə ədalətli baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açıb, idarəetmədə qadınların rolunun artmasına səbəb olub. Ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.
Birinci vitse-prezident Mehriban Əliyeva yeni idarəçilik istitutundakı fəaliyyəti ilə bir daha sübut etdi ki, Azərbaycançılıq ideologiyasına sıx bağlıdır; hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiqdir; dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə əzmlə çalışır və bu missiyasını hər zaman şərəflə yerinə yetirəcək.
|
|
21.02.2022 | 14:14 | |
|
|
|