Şəmkir Bilik Evinin dərnək üzvləri Bakıda

Fəaliyyətinin ikinci ili tamam olan Şəmkir Bilik Evi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə bir çox layihələrə imza atıb, əhalinin maarifləndirilməsi, yerli gənclərin elmi biliklərə marağının artırılması, dünyagörüşünün genişləndirilməsi, asudə vaxtının mənalı və səmərəli təşkili məqsədilə maraqlı tədbirlər keçirib. Rayonun Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Bilik Evinin təşkilati dəstəyi ilə şəhər və kənd məktəblərində, idarə və müəssisələrdə yerli ziyalılar və gənclərin iştirakı ilə elmi biliklərin müxtəlif sahələri üzrə 40-dək mühazirə və təlim keçirilib, elmi-praktik konfranslar və “dəyirmi masa”lar, kitab təqdimatları və film nümayişləri, intellektual müsabiqələr təşkil olunub.

 

Bilik Evində ödənişsiz təlim kursları və dərnəklər yerli gənclər tərəfindən xüsusi maraqla qarşılanır. Bu günə kimi fəaliyyət göstərmiş “Kompüter texnologiyaları və kargüzarlıq işi” təlim kursunun, “İngilis dili”, “Rus dili”, “Toxuculuq” və “Dekorativ tətbiqi sənət” dərnəklərinin 100-dən çox dinləyici və üzvünə Bilik Fondunun sertifikatları təqdim olunub.

 

İyulun 27-də Şəmkir Bilik Evində fəaliyyət göstərən “Dekorativ tətbiqi sənət” dərnəyinin fəal üzvləri Məryəm Pənahova, Arzu Bayramova, Nərmin Bayramova,   dərnək rəhbəri Sona Məhərrəmova və kiçik mütəxəssis Hicran Əliyeva Bilik Fondunun dəvəti ilə paytaxta səfər edib, Fondun sektor müdiri Xatirə Hüseynovanın iştirakı ilə Azərbaycan Dövlət Televiziyasının “Səhər” musiqili-informasiya proqramının qonağı olub, Fondun rəhbərliyi və əməkdaşları ilə görüşüblər.

 

Görüşdə dərnək məşğələlərinin daha məzmunlu və səmərəli təşkili, dərnək üzvlərinin təcrübəli mütəxəssislər və tanınmış sənətkarlarla görüşlərinin keçirilməsi, dekorativ tətbiqi sənət ustalarının Bilik Evində ustad dərslərinə cəlb edilməsi, istedadlı gənclərin yaradıcılıq sərgilərinin müxtəlif bölgələrdə təşkili ilə bağlı məsələlər müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb.

 

Şəmkirli gənclər AMEA-nın Mərkəzi Elmi Kitabxanasında xüsusi maraq göstərdikləri dekorativ tətbiqi sənət sahəsinə dair kitablarla tanış olub, bu sənətin tarixi və müasir durumu barədə dolğun məlumatlar əldə ediblər.

 



30.07.2018 | 12:31