Məktəblilər arasında “İdman-sağlam həyat” adlı rəsm müsabiqəsinə start verilib. 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş müsabiqə-sərgi Təhsil Nazirliyinin dəstəyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakıda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir.
Müsabiqə-sərgi 3 yaş qrupunda (6-9, 10-13, 14-17) “İnsan saglamlığında idmanın rolu” və “İdmanın müxtəlif sahələrinin rəsmlərdə təsviri” mövzuları üzrə 2 mərhələdə keçirilir:
I mərhələ - 16 - 23 fevral 2022-ci il. Bu mərhələdə ümumtəhsil məktəblərinin şagirdləri və Bakı şəhəri üzrə uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin seçilmiş rəsmləri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalareyasına təqdim edilir (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 16/21, telefon nömrələri: 012-498-15-52; 050-497-97-55);
II mərhələ - 24 - 25 fevral 2022-ci il. Bu mərhələdə münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və I, II, III yerlər müəyyənləşdirilir.
Rəsm-müsabiqə üzrə tələblər aşağıdakılardır:
-
- Rəsm müsabiqə-sərgisinə hər bir iştirakçı yaş qrupu üzrə 1 rəsm işi göndərə bilər;
-
- İki və daha çox iştirakçının birgə hazırladıqları işlər qəbul edilmir;
-
- Rəsm işlərinin işlənmə texnikası sərbəstdir və müxtəlif texniki vasitələrlə (akvarel, quaş, yağlı boya, akril, pastel, flomaster, marker, rəngli karandaşlar və s.) işlənilə bilər;
-
- Rəsmlər A3 formatda təqdim edilməlidir;
-
- İnternet və digər oxşar resurslardan köçürülmüş məzmunda olan rəsmlər qəbul edilmir;
-
- Rəsm işləri təqdim edilərkən müəllif haqqında ətraflı məlumat – şagirdin adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif, məşğul olduğu müəssisə və əlaqə vasitəsi qeyd olunmalıdır;
-
- Müsabiqəyə göndərilən rəsmlər geri qaytarılmır.
Qeyd edək ki, müsabiqə-sərginin təşkilində məqsəd uşaq və gənclərin fiziki inkişafının təmin edilməsi üçün onların idmana marağını artırmaq, sağlam həyat tərzinin formalaşmasında böyük rol oynayan idmanı təbliğ etmək, məktəblilərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.
|