“NetPROMine” proqramının ilkin mərhələsini başa vuranlara sertifikatlar təqdim olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) NetCad şirkəti və universitetin nəzdində fəaliyyət göstərən “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu arasında üçtərəfli görüş keçirilib.

 

Görüşdə “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrasının müdiri Zərifə Əfəndiyeva, NetCad nümayəndələri- Orxan Hacıyev, Gökhan İlçe, Tuğberk Küçük və bu proqramın öyrənilməsinə cəlb olunmuş 12 nəfərlik heyət iştirak ediblər.

 

Tədbirdə çıxış edən rektor, professor Mustafa Babanlı birgə həyata keçirilən layihənin  Mədən mühəndisliyi və Geologiya ixtisasları üzrə kadr hazırlığındakı xüsusi rolundan danışıb, layihə çərçivəsində laboratoriyaların qurulması, həmçinin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətinə toxunub.

 

ADNSU ilə əməkdaşlıqdan məmnun olduqlarını deyən NetCad şirkətinin nümayəndələri  gələcək perspektivlərə hesablanmış bütün layihələrdə universitetə dəstək olacaqlarını qeyd ediblər.

 

Daha sonra “NetPROMine” proqramının tədris planına salınması və 12 nəfərlik heyətdən sertifikat almış magistr, doktorant və əməkdaşların bu proqram üzrə tədrisə cəlbi məsələsi müzakirə edilib.

 

Görüşün sonunda proqramın ilkin mərhələsini başa vuran 12 nəfərə sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, hazırda layihə çərçivəsində ADNSU-dan 12 nəfərlik heyətə onlayn dərslərin keçirilməsi prosesinə başlanılıb. İlk növbədə magistratura, daha sonra isə III və IV kurs bakalavr tələbələrinə proqramın tədris olunması planlaşdırılır.

 



16.02.2022 | 16:15