Azərbaycanlı dilçi alim TÜRKSOY tərəfindən medalla təltif olunub | |
Ankarada TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Qazaxıstanın Ankaradakı səfirliyi və Türk Dil Qurumunun (TDQ) əməkdaşlığı çərçivəsində “Qazax dilinin dönüş nöqtəsi: Ahmet Baytursunlunun anadan olmasının 150 illiyi” münasibətilə elmi toplantı keçirilib.
Tədbirdə TÜRKSOY-un idarə heyətinin sədri Düsen Kaseinov, Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekuli və TDQ-nin sədri, professor Gürer Gülsevin çıxış edib.
Tədbirdə türk respublikalarının müxtəlif universitet, qurum və tədqiqat mərkəzlərindən nümayəndələr iştirak edib. Ölkəmizi toplantıda Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, Azərbaycan Dillər Universitetinin əməkdaşı, dosent Elçin İbrahimov təmsil edib.
E.İbrahimov elmi toplantıda "Qazax milli düşüncəsinin formalaşmasında Əhməd Baytursunoğlunun rolu" başlıqlı geniş məruzə ilə çıxış edib. O, çıxışında Əhməd Baytursunoğlunun həyat və yaradıcılığına nəzərə salıb, görkəmli elm fədaisinin qazax milli kimliyinin formalaşmasında, qazax dilinin inkişafında, Çar və Sovet Rusiyası dövründə Qazaxıstanda maarifçilik hərakatının təşəkkülündə və genişlənməsində misilsiz rol oynadığını diqqətə çatdırıb.
Toplantıda E.İbrahimov TÜRKSOY tərəfindən türkologiya və Türk dünyası sahəsində apardığı araşdırmalara görə sertifikat və "Dyula Nemet-130" medalı ilə təltif olunub.
|
|
16.02.2022 | 15:04 | |
|
|
|