Magistrantların təcrübələrinin təşkili qaydalarında və magistr dissertasiyalarının qiymətləndirilməsi formasında dəyişiklik edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) magistrantların elmi-tədqiqat təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib.

 

Konfransda universitetin professor-müəllim heyəti, müvafiq struktur rəhbərləri və təcrübəçi magistrantlar iştirak ediblər.

 

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov qeyd edib ki, aparılan təhlillər nəticəsində cari ildən etibarən universitetdə magistrantların təcrübələrinin təşkili qaydalarında dəyişiklik edilib. Belə ki, əvvəlki illərdən fərqli olaraq artıq əvvəlcə elmi-tədqiqat təcrübəsi, sonra isə elmi-pedaqoji təcrübə təşkil ediləcək:”Bu dəyişikliyin elmi əsası ondan ibarətdir ki,  apardıqları elmi-tədqiqat işlərini yekunlaşdıraraq dissertasiya işləri və elmi məqalələri üzərində işləyən IV semestr magistrantları üçün elmi-tədqiqat təcrübəsinin elmi-pedaqoji təcrübədən əvvələ keçirilməsi daha münbit şərait yaradır. Həmçinin cari ildən magistr dissertasiyalarının qiymətləndirilməsi formasında da dəyişiklik edilib. Artıq kafedralar dissertasiya işlərini müdafiəyə tövsiyə edəcək, qiymətləndirilmə isə tam olaraq ixtisaslaşmış şuralarda aparılacaq”.

 

Magistratura və doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov isə bildirib ki, bu semestrdə 21 ixtisas üzrə təhsil alan II  tədris ili magistrantları 25 kafedrada 1 ay müddətində elmi-tədqiqat təcrübəsi keçəcək, onların fəaliyyətləri müvafiq kafedralar və təcrübə rəhbərləri tərəfindən qiymətləndiriləcək. Mart ayının 16-dan etibarən isə elmi-pedaqoji təcrübəyə start veriləcək.  

 

R.Sadıqov vurğulayıb ki, elmi-tədqiqat təcrübəsində, ümumilikdə 318 nəfər magistrant iştirak edəcək ki, onlardan 3 nəfər Çin Xalq Respublikasının vətəndaşlarıdır.

 

Qeyd edək ki, elmi-tədqiqat təcrübəsi magistrantların elmi fəaliyyətlərini istiqamətləndirməyə, magistrlik dissertasiyalarının yekunlaşdırılmasına kömək edir; Əldə edilən nəzəri biliyin elmə tətbiqini stimullaşdırır. Elmi-tədqiqat təcrübəsi, ilk növbədə pedaqoji yönümlü elmi kadrların hazırlığının əsas amilini təşkil edir.

 

Konfransın sonunda elmi-tədqiqat təcrübə rəhbərlərini və magistrantları maraqlandıran suallar cavablandırılıb.

 



16.02.2022 | 13:50