Azərbaycanın 2 universiteti dünya reytinqində

Böyük Britaniyanın “Times Higher Education”  nəşri dünyanın ən gənc universitetlərinin 2022-ci il üzrə reytinq siyahısını  (Young University Rankings 2022) yayımlayıb. Tədqiqat  dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin qiymətləndirildiyi qlobal  “World University Rankings”   sıralamasında olduğu kimi, 13 səmərəlilik göstəricisinə əsaslanır.  Beynəlxalq  reytinqdə Azərbaycanı iki ali təhsil müəssisəsi – Xəzər Universiteti və Qərbi Kaspi Universiteti təmsil edir.

 

2022-ci ilin reytinqi 2021-ci ildəki 475 ilə müqayisədə 539 universiteti əhatə edir. Daha 251 müəssisə “reporter”  statusu ilə göstərilib, bu isə o deməkdir  ki, onlar öz  məlumatlarını təqdim ediblər, lakin reytinqə düşmək üçün THE-nin meyarlarına  uyğun gəlmirlər.

 

Fransanın  əsası 2010-cu ildə qoyulmuş  Paris Elm və Ədəbiyyat Universiteti  (PSL) bu il ilk dəfə olaraq dünyanın ən yaxşı gənc universiteti seçilib. Ötən ilin lideri olan  Sinqapurun Nanyanq Texnologiya Universiteti bu il ikinci yerə düşüb.  Honkonqun üç universitet top-10-luqda yer alıb. Fransa isə top-20-likdə ən çox universitetlə (5) təmsil olunan ölkədir. Niderlandın  Erasmus Roterdam Universiteti  reytinqə bu il daxil olan yeni ali məktəblər arasında birinci olmaqla ümumi reytinqdə 4-cü yerdədir. 

 

Hindistan və Türkiyə Böyük Britaniyanı qabaqlayıb və hər biri reytinqdə ən çox  (40) universitetlə  təmsil olunan ölkələrdir. Böyük Britaniya İranla üçüncü yeri bölüşür (hər ikisi 37 universitetlə təmsil olunur).  

 

Universitetlər tədris, tədqiqat, biliklərin ötürülməsi və beynəlxalq perspektivləri üzrə qiymətləndirilib.  Ötən illə (68 ölkə) müqayisədə builki  reytinq 74 ölkəni əhatə edir.

 

Qeyd edək ki, reytinqə son 50 ildə təsis olunmuş ali təhsil müəssisələri daxildir.

 

www.timeshighereducation.com/world-university-rankings/2022/young-university-rankings

 

Oruc MUSTAFAYEV

 

 



16.02.2022 | 10:15