Azərbaycanın bərpaolunan enerji potensialı artır | |
Son illər Azərbaycanda enerji sektorunun inkişafı ilə bağlı kifayət qədər böyük işlər görülüb. Ölkəmizdə nəhəng enerji obyektləri tikilib, xarici ölkələrlə enerji sahəsində əməkdaşlıq əlaqələri genişlənib, bir sıra beynəlxalq təşkilatlarla enerji istiqamətində əhəmiyyətli müqavilələr imzalanıb. Sözsüz ki, bu siyasətin davamlı və etibarlı şəkildə yürüdülməsi ölkənin enerji təhlükəsizliyinin təmin olunması prosesinə töhfə xarakteri daşıyır. Bu layihələr bir tərəfdən Azərbaycanın iqtisadi potensialı ilə bağlı aydın mənzərə, digər tərəfdən demoqrafik cəhətdən inkişafda olan Azərbaycanın sosial siyasətinin möhkəm bünövrəsi üçün zəmin yaradır.
Elə ötən həftə açılışı olan “Qobu” Enerji Qovşağı da böyük enerji obyektlərindən biridir; ölkəmizin enerji təminatı sahəsində daha bir imkanı reallaşdırması aspektindən səciyyələnə bilər. Söhbət gücü 750 meqavat olan Yaşma yarımstansiyasının və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsindən gedir ki, qısa vaxt ərzində inşa edilən bu obyekt Azərbaycanın enerji ehtiyatlarına əlavə imkanlar qatır.
Məlumdur ki, Azərbaycan istehsal etdiyi enerjini təkcə ölkənin daxili istifadəsinə yönəltmir, həm də ixracatçı kimi çıxış edir. Belə ki, ötən ilki statistikaya nəzər salsaq, ölkəmizdə 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib, 1,6 milyard kilovat/saat isə ixrac olunub. Konkret olaraq Türkiyə, Rusiya, Gürcüstan və İrana. Bu, nə deməkdir?
Ekspertlərə görə, bu, olduca böyük göstəricidir. O deməkdir ki, Azərbaycanda daxili təlabat da artır, üstəlik, Azərbaycanın enerji imkanlarına xaricdə də təlabat artır. Bir məqama xüsusi diqqət etmək lazımdır ki, bu enerji obyektləri Azərbaycanın öz maddi və texniki imkanları hesabına ərsəyə gəlir. Bundan başqa, mühüm faktor ondan ibarətdir ki, bu obyektlərin tikintisi də Azərbaycan şirkətlərinə məxsusdur; istər mütəxəssislər olsun, istərsə də fəhlələr, burada çalışanlar Azərbaycan vətəndaşlarıdır. İşçi qüvvəsinin yerli olması isə vətəndaşımıza yaradılan iş imkanı, onun məşğulluq probleminin olmaması deməkdir.
Sözsüz ki, ölkəmizin enerji potensialı davamlı olaraq artır. Hər il açılışı olan obyektlər, imzalanan müqavilələr bunu sübut edir. Bu artıma olan optimizm bugünə, sabaha bağlı bir optimizm deyil! Dəfələrlə rəsmi səviyyədə vurğulandığı kimi, Azərbaycan özünü və tərəfdaşlarını bundan sonra ən azı 100 il ərzində konkret olaraq təbii qazla təchiz edə bilər. Böyük təbii sərvətə malik Azərbaycan özünün təbii resurslarına arxayınlaşmır, eyni zamanda bərpa olunan enerji növlərinin əldə edilməsinə də diqqət yetirir, bu istiqamətdə konkret addımlar atır. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının ötən ay keçirilən təməlqoyma mərasimi bu işlərə bariz nümunədir. Bu mühüm infrastruktur layihəsi Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. Gücü 240 MVt təşkil edən stansiyaya 300 milyon dollara yaxın sərmayə qoyuluşu var. Gələn il istifadəyə veriləcək bu layihə Azərbaycanın nəhəng enerji potensialını üzə çıxaracaq, 300 min evin elektrik enerjisi ilə təminatında böyük rol oynayacaq. Nəticədə 220 milyon kubmetr qaza qənaət olunacaq, il ərzində 400 min ton karbon qazının atmosferə atılması əngəllənəcək. Göründüyü kimi, layihənin xeyli müsbət tərəfləri var.
Görülən işlərin siyahısında, təbii ki, davamı gələn işlər də var və külək enerjisi ilə məhdudlaşmır. Günəş enerjisindən faydalanmaq istiqamətində də konkret fəaliyyət mövcuddur. Belə ki, hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə də danışıqlar aparılır. Bu layihələrin gücü haqqında danışmalı olsaq, söhbət təqribən 400-450 meqavatdan gedir.
“Qız qalası” su anbarlarında 280 meqavatlıq elektrik stansiyalarının tikintisi də nəzərdə tutulan işlər sırasındadır və bu işlər İranla birgə aparılacaq.
Qeyd edək ki, işğaldan azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çox qiymətləndirilir.
Bütün bunlar o deməkdir ki, Azərbaycanın bərpaolunan enerji potensialı artır. Bu gün haqqında geniş bəhs olunan, açılması istiqamətində danışıqlar aparılan Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq.
Beləliklə, icra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyət daşıyır. Azərbaycanın neft, qaz layihələrinin icrası ilə dünyada artan iqtisadi gücü və geopolitik nüfuzu elektrik enerjisi layihələri ilə yeni bir mərhələ qazanır. Bundan başqa, neft və qaz layihələri kimi, elektrik enerjisi layihələri də Azərbaycana ciddi maliyyə qazandıracaq ki, bu siyasətin daha bir müsbət tərəfi də bununla bağlıdır...
V.ALLAHVERDİYEVA
|
|
15.02.2022 | 13:27 | |
|
|
|