Peşə təhsilinə Avropa İttifaqının dəstəyi layihəsinin üçüncü iclası keçirilib
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin İdarəetmə Komitəsinin üçüncü iclası keçirilib.  Təhsil Nazirliyinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Təhsil İnstitutunun əməkdaşlarının,  beynəlxalq və yerli ekspertlərin iştirakı ilə keçirilən iclasda Avropa İttifaqının texniki yardım layihəsinin ikinci aralıq hesabatı dinlənilib. Həmçinin növbəti hesabat dövrünə qədər layihə çərçivəsində icrası nəzərdə tutulan fəaliyyətin əlaqələndirilməsi müzakirə edilib və gələcək tədbirlər planı nəzərdən keçirilib. 
 
Layihənin qrup rəhbəri  Herman Sonneveld ikinci aralıq hesabatı dövründə Peşə Təhsili üzrə Dövlət Agentliyi və maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş işlər, növbəti hesabat müddətinə qədər planlaşdırılan tədbirlərə dair məruzə ilə çıxış edib.
 
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin müdiri Yerun Villems, nümayəndəliyin əməkdaşı Rza Zülfüqarzadə və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşı Kristina Məmmədova çıxış edərək layihənin icra vəziyyətinə dair fikirlərini bildiriblər.  


01.03.2018 | 20:41