ADU-da “Open Science Azərbaycan” layihəsi çərçivəsində seminar

Azərbaycan Dillər Universitetində (ADU) “Open Science Azərbaycan” layihəsi çərçivəsində Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) birgə dəstəyi ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” mövzusunda seminar keçirilib.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, gənc alimlərin elmi-tədqiqat işlərinə töhfə vermək üçün bu kimi seminarların keçirilməsi zəruridir:

 

“Bu gün Azərbaycan alimlərinin qarşısında yeni üfüqlər açılır. Yeni çağırışlara, yeni elmi tədqiqat işlərinə ehtiyac var. Bütün sahələrdə olduğu kimi, elm sahəsində də gənclərin rolu böyükdür. Gənclər Azərbaycan elminin əsas aparıcı qüvvəsi hesab olunur. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev daim gənclərə xüsusi diqqət və qayğı göstərir, istedadlı gənclərin qiymətləndirilməsi, mükafatlandırılması istiqamətində lazımi addımların atıldığının şahidi oluruq”.

 

Təhsil nazirinin müşaviri Elnur Nəsibov layihənin əsas məqsədinə toxunub.    Bildirib ki, məqsəd gənc tədqiqatçılara “Open Science”, “Open Access”, “Open Research Date”, “Open İnnovation”, “Open Research Computation”, “ResearchGate”, “Scientific Social Network” haqqında bilik və informasiyalar verməkdir. Eyni zamanda, “Open Access” jurnallarına çıxış imkanları, “ORCID” indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında məlumatlandırmaq, “Open Science”in gənc alimlər arasında geniş yayılmasına nail olmaqdır.

 

AGADMC-nin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov ölkədə gənclər üçün yaradılan şəraitdən söz açıb. Qeyd edib ki, layihə gənc alimlərin elminin, bilik imkanlarının daha da şaxələndirilməsinə, onların beynəlxalq əlaqələrinin inkişafına xidmət edir.

 

AGADMC-nin eksperti, fəlsəfə doktoru Sevinc Ədilova “Açıq tədqiqat materialları. İndekslər və data (verilənlər) bazalar” mövzusunda geniş təqdimatla çıxış edib. O, Azərbaycanda və Qafqazda elmi konfransların vahid bazada toplanılması üçün yaradılmış “AcademyGate” haqqında danışıb.

 

Sonda seminarda iştirak edən doktorant və magistrantlara sertifikatlar təqdim olunub.

 

 



11.02.2022 | 17:01