Daşlara hopan müəllim ömrü | |
Yol boyu xatirələr xatirələrə calandı. Yaşlandıqca yaddaşsızlıqdan şikayətlənsəm də, elə hadisələr, elə anlar yadıma düşürdü ki, özüm də mat qalmışdım. Keçmişi unutmamısansa, hələ keçməmiş demək... Yaxamın islandığını hiss etdim. Yol boyu gözlərimdən qeyri-ixtiyari süzülən yaşı belə duymamışdım. “Gözdən sel kimi yaş axmaq” ifadəsini neçə illərdir şagirdlərimə məcazi mənalı ifadə kimi öyrətsəm də, bu gün anladım ki, bu, həqiqətən də ola bilərmiş. Bilmədim ki, bu, həsrətin bitdiyindən yaranan sevinc göz yaşları idi, yoxsa xarabalığa çevrilmiş cənnət Ağdamımın bu halının mənzərəsindən doğan kədər göz yaşları?!
Diz çöküb qoxuladım torpağı
Keçmişin daş qalaqlarına dönməyini gördükcə qəlbimdə doğan üsyanı özüm yatırtmağa çalışdım. Çox şükür bu günə! Çox şükür ki, torpaqlarımız düşmən tapdağında deyil. Ayağımı torpağa basanda bədənimdən elə bir gizilti keçdi ki... İfadə etmək mümkün deyil. Ayağımı hara atdığımı bilmirdim, addımlarımın idarəetməsini itirmişdim. Sanki havalarda uçurdum. Ayağım müqəddəs torpağımızı əzmək, incitmək istəmirdi elə bil... Şəhidlərimizin qanı hopan torpağa, qoymurdu ayaqlarım toxunmağa. Diz çöküb qoxuladım torpağı. Şəhidlərin ruhunu çəkdim sinəmə... Onların ruhu qarşısında diz çökməyi borc sandım özümə.. Özümü torpaqdan ayırmaq istəmirdim, elə həsrətini çəkmişdim ki!
İçimdə baş qaldıran hayqırtı qarşısında daşlar da lərzəyə gəldi elə bil. Bir zamanlar bu yerlərdə əllərindən tutub gəzdirdiyim uşaqlar: Ceyhunum, Elnurum, Nişatım indi mənim qolumdan tutub, halıma acıyırdılar. Ətrafımdakılardan məndən uzaq durmalarını xahiş etdim. Ağdamımla tək - baş-başa qalmaq istəyirdim. 29 il onsuz necə yaşadığımı, əgər buna yaşamaq deyilərsə, necə həsrət çəkdiyimi, bu həsrətlə dünyadan köçən ata-anamın nisqillərini, son nəfəslərinədək “evimi istəyirəm” yanğılı kəlmələrini, nələri... nələri... Söylədim, bərkdən-bərkdən, yanıqlı-yanıqlı, sarsıla-sarsıla... Bir anlıq elə düşünmüşdüm ki, neçə illərdir məni qovuran Vətən həsrəti yanğısını bu şəkildə söndürə bilərəm. Amma çətin!
Budur, Ağdam məscidinin qarşısındayam. Nənəmin əlimizdən tutub apardığı məscidin. O qədər hüzurlu idi ki. Dualar oxudum. Məscid də doğmalarını görüb, əvvəlki illərinə qayıtmışdı sanki.
Şəhərin mərkəzi küçələri ilə irəliləyirdim. Dəhşət idi gördüklərim. Xəyallarımda qoruyub yaşatdığım Ağdam ancaq daş yığınlarından ibarət idi. Qəhər boğurdu məni, nəfəsim çatmırdı. Başa düşdüm ki, bu həyatda boğulmaq üçün hər zaman suya ehtiyac yox imiş.
Ürəyimin döyüntüləri qulaqlarımda əks-səda verirdi. Ayrı heç nə eşitmirdim. Sanki təbiət də mənə kömək etmək istəyirdi. Narın-narın yağan qar dənəcikləri nura çevrilib ürəyimə axır, yanğını söndürməyə çalışırdı.
Yarımçıq qaldığım yerdən dərsimə başlayacaqdım...
İndi isə Ağdam şəhər 1 nömrəli məktəbin qarşısındayam. Daha doğrusu, məktəbdən geriyə qalan daş qalaqlarının qarşısında! Xəyalımda bundan illər-illər öncə müəllim kimi qapısını açıb girdiyim məktəb canlandı nədənsə... Şərəfli müəllim ömrüm məhz bu məktəbdən başlamışdı. Elə həyəcanlanmışdım ki! Sanki yenə 23 yaşında idim. Ürkə-ürkə, çəkinə-çəkinə, amma inamlı addımlarla yenə sinfə daxil olacağam, yarımçıq qaldığım yerdən dərsimə başlayacaqdım. Gör, neçə illərin arzusu idi bu. Şirin arzusu, hansı ki, bu arzunun gerçəkləşəcəyinə özümü hər gün inandırmışdım. Cənab Prezidentimiz İlham Əliyev ilk gəlişi zamanı bu məktəbin təməlini qoyanda artıq buna tam əmin oldum. Əmin oldum ki, arzularım çin olacaq. Elə həmin gündən hamıya: “qayıdıb 1 nömrəli məktəbdə dərs deyəcəyəm daha” sözlərini elə inamla, elə qürurla söyləyirəm ki.. Əlbəttə, ömür vəfa etsə.
Yoluma davam edirəm. Bakıdan çıxanda elə düşünürdüm ki, Ağdama çatan kimi neçə illərdir çiynimi əzən yük götürüləcək. Amma gördüyüm dəhşətli mənzərələrdən ürəyimdə elə ağırlıq hiss edirdim ki... Mədəniyyət evi... Dağılsa da əzəmətini itirməmişdi. Orada sanki Qədirin yanğılı səsini duydum. Səksəndim. Lakin gördüyüm elə yenə də quru daşlar idi.
Doğma məktəb, bağrına bas şagirdini!..
İrəlilədikcə bu daşlara hopmuş xəyallarım, xatirələrim mənimlə birgə gedirdilər. Addım səslərini duya bilirdim. Qarşısında dayandığım bu xarabalıq isə doğma 5 nömrəli məktəbim idi. On il qapısından sevinclə, həyəcanla, bəzən də həvəzsiz addım atdığım məktəbim! Aç qollarını doğma məktəb! Aç, qucaqla, bağrına bas şagirdini! Gözlərimin önündən bütün müəllimlərimin nurlu simaları, mehriban sinif yoldaşlarım, məktəbin hər tərəfində dolaşan, söhbətləşən şagirdlər canlandı. Məktəbi bu halda görmək nə qədər çətin idisə, sol tərəfə dönmək də bir o qədər çətin gəlirdi. Çünki orada ata evim var idi, tək bir hasar ayırırdı məni məktəbdən. Gözucu hasarın olmadığını gördüm. İndi başa düşdüm ki, neçə illərdir mənə yaxınlaşıb görüşən, mən tanımasam da mənə doğmalıq göstərən insanlar “5 nömrəlidə oxumuşuq, sizin evin yanında” deyən insanlar bu hasarın uçduğundandır ki, məni özlərinə bu qədər yaxın biliblər. Məktəblə, uşaqlığım ilə vidalaşıram...
İllərdir xəyallarımda qoruduğum ATA evim!..
Evimizə sarı döndüm. Bu, elə bir an ki, bunu ancaq yaşayanlar bilər! Ürəyim dayanacaqdı sanki... Ayağımın altından yer qaçdı. Budurmu yuxularımda neçə illərdir əzizləyib, qoxuladığım, xəyallarımda yaşadıb qoruduğum ata evim?! Əzəmətli, hündür daş divarlar. İlahi! Yaxşı ki, ata-anam görmədi bunu. Onların ölümünə elə sevindim ki... Yerimirdim mən həyətimizdə, uçurdum. Sanki bir ruh idim. Bağ-baxçamızı, evimizi dolaşan ruh... Daşlarmı ağlayırdı? Daşlara hopan xatirələrmi ağlayırdı? Gözümdən axan sel kimi yaşlara qarışdı daşlardan axan yaş. Daşlardan soruşdum ürəyimdən keçənləri... Daşa döndülər, dillənmədilər. Ağladılar mənimlə birgə... Daşlarda nə qədər izlər gördüm, İlahi! Daşlara hopmuşdu uşaqlığım, gəncliyim, xatirələrim, keçmişim... Daşlar ağlayırdı. Çəkə bilmirdilər daha bu dərdi deyəsən. Soyuq, şaxtalı havada əllərimi elə isindirdi ki daşlar. Daşlar elə hərarətlə qarşıladılar ki, məni evimizdə. Elə haray çəkdim ki, onlar da dilə gəldi... Qopar, apar özünlə məndəki xatirələrini! Əşrəf atanın əlinin istisini, Tamella ananın isti nəfəsini qopar dedilər. Aygünün, Səbuhinin, Zülfiyyənin, Kənanın xoşbəxt günlərinin izlərini qopar apar dedilər... Daşlar dedilər bunu mənə. Harayıma dözməyib ağlayan daşlar. Daşlaşmış keçmişimə ağlayırdılar mənimlə birgə...
Ağdam, 20.01.2021 Ömrümün daşlaşmış bir vərəqi...
Aybəniz RÜSTƏMOVA, Bakı şəhəri 47 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
|
|
11.02.2022 | 12:31 | |
|
|
|