Meqapolislər olimpiadası

Meqapolislər olimpiadası hər il Moskvada keçirilən beynəlxalq komanda yarışıdır. Buraya dünyanın ən böyük şəhərlərində yaşayan 14-18 yaşlı şagirdlər qatılırlar. İlk Meqapolislər olimpiadası 2016-cı ildə 22 meqapolisdən olan 173 şagirdin iştirakı ilə təşkil edilib.

 

Hər il ənənəvi üsulla təşkil olunan olimpiada COVID-19 pandemiyası ilə əlaqədar olaraq, 2020-ci ildən etibarən distant formada keçirilir. Müvəqqəti xarakter daşıyan vəziyyət səbəbindən olimpiada iştirakçı ölkələrin yerli təşkilatçıları tərəfindən müəyyən edilmiş yerlərdə təşkil edilir. Belə ki, sanitar qaydalara uyğun, epidemiya əleyhinə tədbirlər görülən, videoçəkiliş imkanları, stabil internet və yazı işlərinin skan edilməsi üçün işlək çap aparatı ilə təmin olunan yer müəyyənləşdirilir.Eyni zamanda, hər fənn üzrə ayrıca auditoriya hazırlanır, praktiki tapşırıqların aparılması üçün laboratoriya otaqları seçilir və orada  ixtisaslı laborantın iştirakı təmin edilir.

 

Meqapolislər olimpiadasında şagirdlərin fizika, kimya, riyaziyyat və kompüter elmləri üzrə bilikləri ölçülür. Hər fənn üzrə 2 iştirakçı təyin olunur və nəticədə hər bir ölkəni 8 iştirakçıdan ibarət komanda təmsil edir. Həmçinin, olimpiadanın keçirildiyi fənlər üzrə 4 nəfər elmi rəhbər də komandaya daxil olur. Rəsmi dili rus və ya ingilis dilləri olan olimpiadanın ölkələr üzrə seçilən elmi rəhbərləri bu dillərdən ən az birini bilən fənn müəllimi olur. Elmi rəhbərlərin dil bilgisi tapşırıqların ana dilinə tərcüməsi üçün vacibdir.

 

Olimpiada blits-tur və iki əsas müsabiqədən (nəzəri və praktiki) ibarətdir. Blits-tur üçün ayrılan müddət 2 saatdır. Həmin vaxt ərzində hər komandaya təqdim edilən 80 sual düzgün həll edilməklə yanaşı, sürətli şəkildə baş verməlidir. Blits-tur müstəqil yarışmadır və onun nəticələri ümumi sıralamaya təsir göstərmir.

 

Əsas müsabiqələr isə fənlərdən asılı olaraq bir-birindən fərqlənir. Belə ki, kimya və fizika fənləri üzrə iştirakçıların nəzəri və praktiki tapşırıqları olduğu halda, informatika və riyaziyyat fənləri üzrə iştirakçılar üçün hər iki müsabiqə nəzəri turdan ibarət olub məsələ həllini əhatə edir.

 

İnformatika fənni üzrə müsabiqə 2 nəzəri turdan ibarət olmaqla, 5 saat ərzində davam edir. Hər tur üçün 4 tapşırıq hazırlanır. Hər tapşırıq isə 100 balla dəyərləndirilir. Yerli təşkilatçı hər bir iştirakçını texniki tələblərə cavab verən kompüter və ya noutbukla, həmçinin, avadanlıqların lazımi proqram təminatı ilə təchiz olunmasını təmin edir. İştirakçılara qələm, sadə karandaş və ağlama istifadə etmələrinə icazə verilir. 

 

Riyaziyyat fənni üzrə müsabiqə 2 nəzəri turdan ibarət olmaqla, 4 saat 30 dəqiqə ərzində davam edir. Hər turda şagirdlərə 3 tapşırıq verilir. Hər tapşırıq isə 7 balla dəyərləndirilir. İştirakçılara qələm, sadə karandaş və xətkeşdən istifadə etməyə icazə verilir. 

 

Fizika fənni üzrə müsabiqə nəzəri və praktiki turdan ibarətdir. Hər iki tur üzrə imtahan müddəti 6 saatdır. Nəzəri turda şagirdlərə 3, praktiki turda isə 1 tapşırıq hazırlanır. Praktiki turda iştirakçılara eksperimentin çoxsaylı baxışı dəstəkləyən videoçarx qeydi və həmin videoçarxın stenoqramı verilir. Fizika fənni üzrə iştirakçıların videoçarxa baxa bilməsi üçün yerli təşkilatçı onları noutbuk və ya kompüterlə təmin edir. Verilən kompüter və ya noutbuklarda ekran görüntüsünü qeydə alan xüsusi proqram təminatı dəstəklənir. İştirakçılara iş masalarında qələm, sadə karandaş, xətkeş və proqramlaşdırılmamış kalkulyatordan istifadə etməyə icazə verilir. 

 

Kimya fənni üzrə müsabiqə, davam etmə müddəti 4 saat olan nəzəri və praktiki turdan ibarətdir. Praktiki tur kimya laboratoriyasında ixtisaslı laborant iştirakında keçirilir. Bu tur üçün yerli təşkilatçı əvvəlcədən laboratoriya otağının xüsusi qab və kimyəvi maddələrlə, iştirakçıların isə ağ xalat və qoruyucu eynəklə təmin edilməsini təşkil edir.Kimyəvi maddələrin siyahısı öncədən olimpiada saytında elan edilir. İştirakçılara iş masalarında qələm, sadə karandaş, xətkeş və proqramlaşdırılmamış kalkulyatordan istifadə etməyə icazə verilir. İstinad materialları tapşırıqlara əlavə edilir.

 

Olimpiadatapşırıqlarının çətinlik səviyyəsi nüfuzlu beynəlxalq olimpiadaların tapşırıqlarının çətinlik səviyyəsinə bərabərdir. İştirakçıların yazı işləri görkəmli alimlərin və tanınmış müəllimlərin daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir.

 

Olimpiadanın başlama vaxtı iştirakçıların tərkib sayından və ölkələrin müvafiq saat qurşaqlarına əsasən təyin olunur. Müxtəlif ölkələrdə olimpiadanın başlama vaxtı fərqli ola bilər, lakin sonuncu qoşulan komandaların olimpiadaya başlama vaxtı, birinci qoşulan komandanın bitmə vaxtından daha gec olmur. İştirakçıların olimpiadaya qeydiyyatı Meqapolislər olimpiadasının rəsmi saytında əvvəlcədən təyin olunmuş tarixdən gec olmayaraq təsdiq edilir. Onlayn qeydiyyatın təsdiq olunması bildirir ki,  rəhbər və iştirakçılar olimpiada müddətində videoçəkilişin aparılmasına və olimpiadanın təşkilat komitəsinə videomaterialların ötürülməsinə öncədən razılıq verirlər.

 

Bütün fənlər üzrə hər iki müsabiqə bitdikdən sonra tapşırıqların həlli olimpiadanın rəsmi saytında yerləşdirilir. İştirakçıların nəticələrinin qiymətləndirilməsi ilə bağlı razılaşmayan komanda rəhbərləri apelyasiyaya vermək hüququna malikdirlər. Fənlər üzrə apelyasiyaya verilməsi və baxılması qaydası ilə olimpiadanın rəsmi internet saytında tanış olmaq mümkündür.

 

Olimpiada ənənəvi formada təşkil edildiyi halda, iştirakçılara fasiləsiz gərgin müsabiqə turları ilə yanaşı, zəngin mədəni proqram da hazırlanır. Onlar üçün ekskursiyalar, muzeylərə səyahətlər, gəmi və digər gəzintilər təşkil edilir.

 

Azərbaycan məktəbliləri bu olimpiadada 2017-ci ildən etibarən iştirak edir. Belə ki, milli komandamız tərəfindən Meqapolislər olimpiadasında  2017-2018-ci tədris ilində 1 qızıl, 4 bürünc, 2018-2019-cu tədris ilində 1 qızıl, 1 gümüş, 2 bürünc medal, 2019-2020-ci tədris ilində 4 gümüş, 1 bürünc, 2020-ci ildə 2 gümüş, 5 bürünc, 2021-ci ildə isə 1 gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə 2 qızıl, 8 gümüş və 16 bürünc medal qazanılıb. Əlavə olaraq 2021-ci ildə keçirilən Meqapolislər olimpiadasında komanda olaraq şagirdlərimiz 3-cülük mükafatına layiq görülüblər.

 

Günel ƏSƏDOVA,

ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin əməkdaşı



11.02.2022 | 10:03