Təhsildə bərabərlik | |
İndiyədək 2000-ə yaxın tələbənin təhsil krediti üçün müraciəti rəsmiləşdirilib və onların təhsil haqqı oxuduqları universitetlərə ödənilib. 1200 müraciət emal prosesindədir və yaxın iki həftə ərzində rəsmiləşdiriləcək. Təxminən 300-400 tələbə müraciətini tamamlamayıb.
Bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev məlumat verib. O, 2021-2022-ci tədris ilinin birinci semestri üçün elan olunan təhsil tələbə kreditinin başa çatması ərəfəsində etdiyi təqdimatda Fondun yaradılmasından ötən 2 ay ərzində qət edilən yola nəzər salıb.
Xatırladaq ki, 2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbuluna 2021-ci il noyabrın 25-də başlanılıb. Proses 2022-ci il fevralın 15-də yekunlaşacaq. Fevralın 16-dan isə 2021-2022-ci tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna start veriləcək.
Təhsil krediti almaq hüququna malik 60 minə yaxın tələbə var
Fond rəhbəri bildirib ki, ölkəmizdə fəaliyyət göstərən 44 ali təhsil müəssisəsi və 7 universitet filialında bakalavr, 55 orta ixtisas təhsili müəssisəsində orta ixtisas təhsili verilir. Həmin müəssisələrdə 266 mindən çox tələbə təhsil alır. Onlardan 246 min 162 nəfəri əyani oxuyur. Əyani təhsil alan tələbələrin 146 min 373 nəfəri ödənişli təhsil alır ki, onlar tələbələrin 59.5 faizini təşkil edir. Bakalavriat səviyyəsi üzrə 58.5, magistratura səviyyəsi üzrə 62.8 və subbakalavriat səviyyəsi üzrə 61faiz ödənişli təhsil alanlardır: “Azərbaycanda 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972 nəfəri ali, orta ixtisas və orta təhsilə malikdir. Əhalinin hər 10000 nəfərinə düşən tələbələrin sayı 200 nəfərdir. Bu rəqəm orta ixtisas təhsili müəssisələrində 63 nəfərdir”.
Ödənişli təhsil alan 20 min 200 tələbənin təhsil haqqını dövlət ödəyir. Onlar məcburi köçkün statuslu tələbələr, valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olanlar, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid və ya əlil olan şəxslərin uşaqları, özü I və ya II dərəcəli əlil olanlardır. Yerdə qalan 126 min 173 tələbə təhsil haqqını özü ödəyir. Ümumilikdə götürdükdə ödənişli təhsil alan 56 min 208 tələbənin təhsil tələbə krediti almaq hüququ var. Ancaq kredit şərtlərinə görə onların hamısı kredit ala bilmir. Belə ki, fondun vəsaiti hesabına verilən tələbə krediti üçün müəyyən tələblər var. Vəsait alan tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisələrində əyani tədris almalı, hər tədris semestri üçün ayrıca müraciət etməli, hər semestr üzrə akademik borcu olmamalıdır.
Təhsil tələbə krediti şərtlərində dəyişiklik edilə bilər
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri I kurs tələbələrinə təklif edilən kreditin şərtlərinə mümkün dəyişiklikdən də danışıb. O deyib ki, tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddi dəyişdirilə bilər. Onun sözlərinə görə, hazırda bununla bağlı müzakirələr və məsləhətləşmələr aparılır: “Bu, gələcəkdə müzakirə oluna biləcək mövzulardan biridir. Çünki kredit təhsil alan tələbələri deyil, eyni zamanda abituriyentləri də əhatə edir”.
Qeyd edək ki, hazırda bakalavr səviyyəsi üzrə ödənişli təhsil alan tələbələr üçün həmin hədd 300-700, magistr səviyyəsi üzrə 50-100, subbakalavr səviyyəsi üzrə isə 110-300 bal müəyyən edilib.
Xatırladaq ki, kredit şərtlərinə görə, tələbədən və ya abituriyentdən götürdüyü kreditin müqabilində girov və zaminlik tələb olunmur. Borcalan ölüm və əlillik hallarından sığortalanır.
Kredit: ya sosial, ya standart
Bundan sonra şərtlərə uyğun kredit müəyyənləşdirilir, kredit götürmək üçün təhsildə keyfiyyət göstəriciləri münasib olanlara ya sosial, ya da standart kredit verilir. Məsələn, ünvanlı dövlət sosial yardım alan ailələrin uşaqları, üçüncü dərəcə əlilliyi olanlar, hər iki valideyni əlil olan, işsiz kimi qeydiyyata düşən, yaşına görə sosial müavinət və ya pensiya alanlar sosial təhsil tələbə krediti götürə bilir.
Ümumi orta müvəffəqiyyət göstəriciləri 71 baldan yuxarı olanlar və təhsil haqqının 20 faizini özü ödəyənlər, həmçinin sosial tələbə krediti almaq hüququ olmayanlar standart təhsil tələbə kreditindən yararlana bilər. Xatırladaq ki, standart tələbə krediti almaq hüququ yuxarıda göstərilən şərtlərin hər üçü eyni vaxtda yarandıqda təmin olunur.
Təhsil haqqını özü ödəyən 80930 bakalavr, 10851 magistr və 34392 subbakalavriatdan akademik borcu və ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 baldan aşağı olanlar kredit almaq hüququndan məhrum olur. A.Paşayev onların sayını da açıqlayıb. Belə ki, ilin ilk semestrində 28674 nəfər akademik borcu, 41291 nəfər isə ÜOMG 71 baldan aşağı olduğu üçün kredit götürə bilməyənlər siyahısına düşüb. Tələbələr arasında 16800 nəfər sosial, 39408 nəfər isə standart təhsil tələbə kreditindən yararlana bilər. Bu şərtləri ödəmədiyi üçün ötən həftə ərzində 420 tələbəyə kredit verməkdən imtina olunub: “Bəzi tələbələr müraciət zamanı qoyulan tələblərlə yaxından tanış olmayıblar. Misal olaraq, qiyabi təhsil alan tələbələr də kredit almaq üçün müraciət ediblər. Həmin tələbələrə sistem avtomatik imtina cavabı göndərib”.
GÜZƏŞTLƏRin həcminə görə ən sərfəli kredit!
Araz Paşayev təhsil tələbə kreditlərinə edilən güzəştlərdən danışıb. O, beynəlxalq təcrübədən sitat gətirərək deyib ki, təhsil tələbə krediti Avropa ölkələrində 3-5, ABŞ və Kanadada 2-7, Qazaxıstanda 10-20, Rusiyada isə 3-18 faizlə verilir.
Ölkəmizdə bir sıra kommersiya bankları tələbə kreditləri təklif edirlər. Kreditin məbləği 300 manatdan 100000 manatadək dəyişir. Ən uzunmüddətli kredit 5 ildir, ən aşağı kredit faizi 16 faizdir: “Ölkədaxili təcrübəyə nəzər salsaq görürük ki, bir sıra fond və agentliklər dövlət fondlarının vəsaiti hesabına kreditlərin verilməsini həyata keçirir. 2011-2015-ci illərdə Mərkəzi Bankın təşəbbüsü ilə seçilmiş agent banklar vasitəsi ilə ADA Universiteti tələbələrinə güzəştli kreditlərin verilməsi layihəsi reallaşdırılıb. Müvafiq kreditlər faiz dərəcəsi 5 faiz olmaqla10 il müddətədək verilib. Hazırda həmin kreditlərin qalıq məbləği 91 min manat təşkil edir və keyfiyyəti qənaətbəxşdir”.
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına verilən tələbə krediti üzrə ümumi tələblərə gəlincə, sosial tələbə kreditləri üzrə illik faiz dərəcəsi 2, standart tələbə kreditləri üzrə illik faiz dərəcəsi isə 6 faizdir. Təhsil, güzəşt və möhlət müddətində kreditə faiz hesablanmır və ödəniş tələb olunmur. Bu, tətbiq edilən güzəştlərinə görə, nəinki ölkəmizdə, dünyada ən sərfəli kreditdir. Məsələn, sosial tələbə kreditindən istifadə edən şəxslər üçün tətbiq edilən güzəştlərə nəzər salaq. ÜOMG-si 71 bal və yuxarı olan tələbəyə həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır. Bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr təhsil müddətində aldığı tələbə kreditinin yarısının ödənişindən azad olunur. Demək, tələbə götürdüyü pulu elə təhsil aldığı müddətdəcə keyfiyyət göstəricilərini yaxşılaşdırmaqla silməyə başlaya bilər.
Standart tələbə kreditindən istifadə edən şəxslər üçün də müvafiq imkanlar var. Məsələn, ÜOMG-si 91 bal və yuxarı olan tələbəyə həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır. Həmin tələbə bütün tədris semestrlərində ÜOMG-sini 91 bal və yuxarı saxlamaqla təhsil müddətində aldığı tələbə kreditinin 25 faizinin ödənişindən azad olunur.
Hər tələbəyə 2-4 il möhlət
Kredit götürən hər tələbənin möhlət hüququ var. Tələbə kreditlərinə 2-4 il möhlət verilir və kreditlər müəyyən hallardan sığortalanır. Beləliklə, yuxarı təhsil səviyyəsində əyani təhsil alan hər şəxs bu müddətdə borc qaytarmır. Həqiqi hərbi xidmət, məhkumluq da möhlət qazanmaq üçün keçərli səbəblərdəndir. İşləyən məzunlara münasibətdə hamiləliyə və doğuma, həmçinin uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyət nəzərdə tutulub. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti də möhlət üçün önəmli səbəblərdəndir.
Ruhiyyə DAŞSALAHLI |
|
11.02.2022 | 11:19 | |
|
|
|