BMU-nun prorektoru Erasmus+ layihəsi çərçivəsində keçirilən təlimdə iştirak edib | |
Bakı Mühəndislik Universitetinin (BMU) tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində keçirilən “Strateji planlaşdırma və idarəetmə” adlı iki günlük təlimdə iştirak edib.
Azərbaycan HR İnstitutunun dəstəyi ilə baş tutan təlimə layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin prorektorları və digər rəhbər şəxsləri qatılıb.
Öncə tədbirdə layihə çərçivəsində görülən işlər, həmçinin təlim barədə məlumat verilib.
Təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxışında strateji planlaşdırma və idarəetmə mövzusunun ali təhsil müəssisələrinin səmərəli idarə olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra idarəetmə üzrə beynəlxalq təhsil və təcrübəyə malik, peşəkar təlimçi Nazim Əliyev çıxış edib.
Təlimin ilk günündə strateji planlaşdırmanın əhəmiyyəti, üsulları və metodları, maraqlı tərəflərin prosesə cəlb olunması, ali təhsil müəssisəsinin güclü, zəif tərəflərinin, mövcud imkan və təhlükələrinin təhlili, əsas fəaliyyət göstəricilərinin müəyyənləşdirilməsi, büdcənin hazırlanması kimi məsələlərdən bəhs olunub. Növbəti gün isə performansın idarə olunmasının müasir üsulları və formaları, yüksək performanslı komanda işinə nail olmaq üçün çevik (agile) idarəetmə yanaşması, onun əsas prinsipləri, eləcə də risklərin təhlili və s. barədə zəruri informasiyalar verilib. Eyni zamanda, iştirakçılar strateji planlaşdırma üzrə komandalar şəklində təqdimat ediblər.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.
|
|
10.02.2022 | 17:04 | |
|
|
|