Fransız dili müəllimləri üçün təlimlər təşkil olunub

Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Fransız İnstitutunun Azərbaycanda fransız dili müəllimləri üçün pedaqogikaya dair təlimi təşkil olunub.

 

Naxçıvan Dövlət Universitetindən bildirilib ki, ali məktəbin xarici dillər fakültəsinin Roman-german dilləri kafedrasının baş müəllimi Əzizə Əliyeva  və həmin kafedranın müəllimi Hidayət Əkbərov təlimdə iştirak ediblər. İki hissədən ibarət təlimin birinci mərhələsində onun təşkili qaydaları, ikinci mərhələdə isə təlimin tətbiqinə dair məsələlərə aydınlıq gətirilib.

 

Fransanın Franş-Komte Universitetinin Tətbiqi Dilçilik Mərkəzinin eksperti, fransız dili üzrə müəllim Aude Dubuisson Jouffroyun keçdiyi təlimdə dilin tədrisinə aid müxtəlif mövzulara toxunulub, dilin öyrənilməsində qarşıya çıxan çətinliklər və onların həlli yolları müzakirə olunub. Təlimdə nəzəri biliklərlə  yanaşı, təcrübi məşğələlər və simulyasiyalar da göstərilib. Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, təlimdə həmçinin, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti (BSU), BSU-nun Humanitar Liseyi, Landau məktəbi ("Landau School”) ndən seçilmiş 15 nəfər fransız dili müəllimi iştirak edib.  

 

8 gün davam edən təlimi uğurla keçən hər bir iştirakçı attestat ilə təltif olunub və onlar Fransız İnstitutunun fransız dili müəllimləri üçün təşkil edəcəyi növbəti təlimlərdə iştirak hüququ qazanıblar.

 



10.02.2022 | 13:24