BMU-nun elmi-tədqiqat fəaliyyəti genişlənir

Bakı Mühəndislik Universitetinin (BMU) elmi-tədqiqat fəaliyyəti ildən-ilə genişlənir. Belə ki, BMU əməkdaşları tərəfindən 2021-ci ildə 4 dərslik, 25 dərs vəsaiti, 89 metodik vəsait və proqram nəşr olunub, 1 ixtira və 2 patent alınıb.

 

Universitetdən bildirilib ki, BMU-nun mövcud 23 kafedrasında 42 problem və 84 mövzu üzrə 252 elmi-tədqiqat işi yerinə yetirilib, 25 mövzu üzrə 34 iş tamamlanıb. Web of Science platformasında indiyə qədər cəmi 130 nəşr (ümumilikdə sistemdə BMU adından 181 nəşr daxil olunub) və onlara 812 istinad qeydə alınıb. Scopus bazasında isə 115 məqalə nəşr edilib. Universitetin H-indexi 16, məqalə başına istinad 5.01 olub və bu Azərbaycan universitetləri arasında ən yaxşı 3-cü göstərici hesab olunur.

 

Universitet Təhsil Nazirliyinin müqaviləsi əsasında ölkəmizdə fəaliyyət göstərən Web of Science platformasına abunədir. 2018-ci ildən bu platformada və Scopus bazasında nəşrləri olan əməkdaşlara birdəfəlik pul mükafatı verilir.

 

2021-ci ildə BMU əməkdaşlarının 31-i xaricdə və 161 tezis Azərbaycanda olmaqla 192 elmi konfrans nəşri olub.

 

Bununla yanaşı, 2020/2021-ci tədris ilində 40 məqalə impakt faktorlu jurnallarda olmaqla 87 məqalə xaricdə, 203 məqalə Azərbaycanda olmaqla 290 elmi məqalə nəşr edilib.

       

Nəticədə beynəlxalq elmi jurnallarda məqalə sayının artırılması ilə bağlı strateji planda nəzərdə tutulan hədəf 40% artıqlaması ilə yerinə yetirilib. İmpakt faktorlu elmi jurnallarda nəşr sayı hədəf olaraq 35 müəyyənləşdirilsə də, 2021-ci ildə BMU əməkdaşlarının 40 tədqiqatı çap olunub.

 

Ümumilikdə BMU əməkdaşlarının Tomson Reuters bazasında olan nəşrlərinin sayına görə Azərbaycan universitetləri arasında ilk onluqda, ictimai elmlər üzrə isə ilk üçlükdə yer alır.

 

2021-ci ildə BMU əməkdaşlarının müəllifi, eləcə də həmmüəllifi olduğu ixtiralar 2 yerli və 1 beynəlxalq patent alınıb. Bu xüsusda vurğulamaq yerinə düşər ki, 2020/2021-ci tədris ilində BMU-nun Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayevin “Əvəzedicilərin elektrokimyəvi reduksiyası üçün metodlar və sistemlər” adlı ixtirasına 9 yanvar 2020-ci il tarixində ABŞ-ın Patent və Əmtəə Nişanları Ofisi tərəfindən patent verilib. Bu ixtira, eyni zamanda Ümumdünya Patent Təşkilatı tərəfindən də patent alıb.

 

BMU 2021-ci ildə Təhsil Nazirliyinin Kibertəhlükəsizlik magistratura ixtisasının tədris planı və tədris resurslarının formalaşdırılması məqsədi qrantını, həmçinin Elektronika və avtomatika kafedrasının tədris tədqiqat potensialının artırılması qrantını qazanıb.

 

Bütövlükdə isə universitet əməkdaşları tərəfindən 2017-2021-ci illərdə elmi-tədqiqat işlərinin nəticələri 18 monoqrafiya, 13 dərslik, 42 dərs vəsaiti, 268 adda xarici və 448 adda respublikada elmi məqalə, 91-i xaricdə olmaqla 183 elmi konfrans nəşri, 2 müəlliflik şəhadətnaməsi və 3 patentində öz əksini tapıb.

 

Bununla yanaşı, BMU əməkdaşlarının nüfuzlu jurnallarda resenzist fəaliyyətində də sürətli artım var. Web of Science platformasının elmmetrikasını əhatə edən Publons sistemində BMU ali təhsil müəssisələri arasında ikinci yerdə qərarlaşır. Son 3 ildə 100-dən artıq elmi məqalə nəşrinin rəyçisi olan BMU əməkdaşlarından xüsusilə universitetin elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanovun və İqtisadiyyat kafedrasının müdiri, dosent Şəhriyar Muxtarovun adlarını vurğulamaq mümkündür. Bu fəaliyyətlər universitet reytinqləri hesablananda diqqətə alınan mühüm komponentlərdən sayılır (https://publons.com/researcher/?institution=20327&order_by=num_reviews).

 



08.02.2022 | 16:10