Rəqabətli mütəxəssis hazırlığı

Qloballaşan dünyada dinamik inkişaf edən ali təhsil sisteminin formalaşdırılması hər bir ölkənin beynəlxalq rəqabətliliyinin təmin olunmasını gücləndirən  həlledici faktorlardan birinə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli  711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” yüksək rəqabətli insan kapitalının hazırlanmasında mühüm töhfələr verməkdədir.

 

2019-cu ildən başlayaraq,  Dövlət Proqramında nəzərdə tutulmuş 2 istiqamət - həm xaricdə doktorantura  təhsili proqramı, həm də Azərbaycanın ali təhsil müəssisələri və dünyanın nüfuzlu universitetləri arasında beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə artıq bir sıra işlər həyata keçirilib.

 

İlkin olaraq “2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində 4 beynəlxalq ikili diplom proqramı təsis olunub. 2020-ci ilin yanvarından  iki il ərzində ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil və insan kapitalının inkişafı”, eyni zamanda ADA Universiteti ilə Corc Vaşinqton Universiteti  arasında “Kompüter elmləri və verilənlərin təhlili”, “Elektrik və elektroenergetika mühəndisliyi”  ixtisasları istiqamətləri üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramlarına qəbul həyata keçirilib.

 

Bundan əlavə, Dövlət Proqramı çərçivəsində daha 2 bakalavr proqramı da təsis olunub. Bunlardan birinin-  Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universitetinin 4 mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinə başlanılıb. Artıq sözügedən proqrama ikinci qəbul həyata keçirilib. Bu proqram sahəsində kifayət qədər ciddi uğurlar var. Proqramda təhsilin son ilinin İnha Universitetində keçirilməsi nəzərdə tutulub. Bu proqramlar ingilis dilində həyata keçirilir. Artıq ötən ildən Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin 4 “aqrar elmlər” ixtisası istiqaməti üzrə də bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı həyata keçirilməkdədir. Proqram çərçivəsində tələbələr təhsilin 3 ilini Azərbaycanda, qalan bir ilini isə Ege Universitetində alacaqlar. Hazırda “2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində 4 beynəlxalq ikili diplom proqramı üzrə 323 tələbə təhsil alır.

 

Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan digər 5-ci proqramın təsis olunması istiqamətində işlər aparılmaqdadır.

 

Doktorantura təhsilinə ilk sənəd qəbulu

 

Dövlət Strategiyasının digər mühüm istiqamətlərindən biri xaricdə doktorantura təhsilidir. Bu istiqamətdə ildə iki dəfə Proqrama qəbul həyata keçirilir. Proqram Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş, ölkənin iqtisadi inkişafı üçün önəmli sayılan 7 prioritet ixtisası ehtiva edir. Dövlət Proqramı  çərçivəsində 2021-ci ildə keçirilən müsabiqələr nəticəsində 94 nəfər prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabına beynəlxalq reytinq cədvəllərində (“Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”) top 500-lükdə yer alan universitetlərdə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində uğurlu fəaliyyətin nəticəsidir ki, hazırda 6 prioritet ixtisas istiqaməti üzrə dünyanın 20 ölkəsinin nüfuzlu 62 ali təhsil müəssisəsində 127 doktorantımız təhsil almaqdadır. Onlardan 43-ü ən son qəbul olan tələbələrdir.

 

Qeyd edək ki, artıq fevralın 1-dən “2019-2023-cü il Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ilk sənəd qəbuluna start verilib. Proqrama qəbulda 3-cü tərəf kimi razılıq ərizəsi əldə olunmaqla yerli tərəfdaş ali təhsil müəssisələri çıxış edir. Namizədlər yerli ali təhsil müəssisələrindən razılıq məktubu təqdim etməlidirlər. Artıq ölkənin 18 ali təhsil müəssisəsi tərəfdaş ali məktəb qismində aktiv şəkildə prosesdə iştirak edir.

 

Proqrama müraciət etmək istəyən tələbələr elektron qaydada dp.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə tələb olunan sənədləri rəsmi veb-səhifə üzərindən elekron ərizəni  doldurmalı və tələb olunan sənədlərin skan edilmiş surətini əlavə edib, elektron ərizəni təsdiq etməlidir. Birinci mərhələni uğurla başa vuran namizədlər bilik və bacarıqlarının qiymətləndirilməsi üçün müsahibəyə dəvət olunacaqlar.

 

Müsahibə zamanı namizədlərin elmi tədqiqat bacarıqları, məntiqi mühakimə yürütmə qabiliyyətləri,  eyni zamanda kommunikasiya bacarıqları qiymətləndirilir. Hər 3 şərti ödəyən və ekspertlərin müsbət rəyini əldə edənlər hesablanmış keçid balı əsasında proqrama qəbul olunurlar. Proqrama qəbul olunan hər bir doktorantla  üçtərəfli  müqavilə imzalanır.

 

Hökumətlərarası təqaüd proqramlarına qəbul davam edir

 

Gənclərimizə xarici ölkələrdə yüksəksəviyyəli təhsil imkanlarının yaradılmasında  mühüm istiqamətlərdən biri də Azərbaycan hökuməti ilə dünyanın ayrı-ayrı ölkələrinin hökumətləri arasında ikitərəfli razılaşmalar əsasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramlarıdır (HTP). Hazırda Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya, Tacikistan kimi ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində HTP təqaüd proqramları icra olunur. HTP çərçivəsində, ümumilikdə 800-ə yaxın tələbə xaricdə təhsil alır. 2021-2022-ci tədris ilində HTP çərçivəsində Macarıstanda 148, Çində 21, Rumıniyada 3, Rusiya Federasiyasında 3, Latviyada 10, Türkiyə Respublikasında (doktorantura üzrə) 15, ümumilikdə isə 200 nəfərə yaxın tələbə dünyanın 6 müxtəlif ölkəsində 41 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb. Gənclərdən 36 nəfər təhsilin doktorantura (18 faiz), 143 nəfər magistratura (72 faiz), 21 nəfər isə bakalavr pillələrini (10 faiz) seçib. Bu cür seçim gənclər arasında elmi-tədqiqatçılığa xüsusi önəm verilməsi tendensiyasından xəbər verir. Bu isə proqramın ən üstün məqamı kimi qiymətləndirilə bilər. Gənclərin HTP çərçivəsində üstünlük verdikləri istiqamətlərə gəlincə, bunlara mühəndislik və informasiya texnologiyaları, iqtisadiyyat və idarəetmə, hümanitar,  sosial və b. sahələri göstərmək olar. Tələbələrimizin 2021-2022-ci tədris ili üzrə HTP çərçivəsində ən çox təhsil almaq hüququ qazandığı 10 xarici ali təhsil müəssisəsi arasında isə aşağıdakı ali təhsil müəssisələri var: Corvinus University of Budapest, Budapest University of Technology and Economics, Eötvös Lorand University, University of Debrecen, Budapest Business School, Szechenyi Istvan University (Macarıstan), Tsinghua University (Çin), Riga Technical University (Latviya), MGIMO University (Rusiya), İstanbul Üniversitesi (Türkiyə).

 

Qeyd edək ki, hazırda həyata keçirilən təhsil proqramlarının əsas hədəfi Azərbaycan təhsilinin səviyyəsini artırmaq, ali təhsilimizi beynəlxalq standartlara uyğunlaşdırmaq, eyni zamanda əmək bazarı üçün yüksəkixtisaslı kadrlar hazırlamaqdır. Əminliklə demək olar ki, bu proqramlar Azərbaycanın həm əmək bazarının, həm də ali təhsilimizin beynəlxalq rəqabətliliyinin artırılması  üçün yaxşı töhfə olacaq.

 

Oruc MUSTAFAYEV

 



03.02.2022 | 18:33