Anadolu Universitetinin nümayəndə heyəti Dövlət İdarəçilik Akademiyasında olub | |
Türkiyənin Anadolu Universitetinin rektoru, professor Fuat Erdalın rəhbərlik etdiyi nümayəndə heyəti Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.
DİA-da keçirilən görüşdə müəllim-tələbə mübadiləsi, imzalanan sənədlərin icra vəziyyəti, yeni istiqamətlər üzrə layihələrin təmin edilməsi, dövlət qulluqçularının təlim və inkişafı üçün vasitələrin mübadiləsinə yönələn fəaliyyət və distant təhsilin gələcəkdə genişlənməsinin aktuallığı barədə fikir mübadiləsi aparılıb.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib, qazanılan uğurların təməlində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının olduğunu xüsusi vurğulayıb. Akademik bildirib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir.
Anadolu Universitetinin rektoru, professor Fuat Erdal DİA ilə imzalanan sənədlərin və əməkdaşlığın əhəmiyyətindən danışıb.
Rektor rəhbərlik etdiyi universitet haqqında geniş məlumat verərək postpandemiya dönəmindən sonra da distant təhsilin aktuallığını bildirib. Qeyd edib ki, Anadolu Universiteti qısa zamanda ölkənin və dünyanın böyük universitetləri arasında müasir, dinamik və yenilikçi bir universitet olaraq yerini alıb. Elm, mədəniyyət, eyni zamanda, bir gənclik şəhəri olaraq xarakterizə edilən Əskişəhərin mərkəzində yerləşən Anadolu Universiteti 12 fakültə, 1 Dövlət Konservatoriyası olmaqla, 3 ali məktəb, 2 peşə məktəbi, magistratura və doktorantura səviyyəsində olan 6 institut və 30 araşdırma mərkəzindən ibarətdir.
Görüşdə Anadolu Universitetinin və DİA-nın prorektorları da iştirak ediblər.
Çıxış edənlər hər iki təhsil və tədqiqat mərkəzlərinin əməkdaşlığının gələcəkdə səmərəli olacağına əminliklərini vurğulayıblar. Eyni zamanda, gələcəkdə birgə fəaliyyətə dair imzalanan memorandumun praktik icrasının təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Qeyd edək ki, Anadolu Universitetində müasir dövrün tələblərinə cavab verən qlobal distant tədris sistemi qurulub. Türkiyədə və 30-dan çox ölkədə distant formada ali təhsil alan tələbə sayına görə dünya universitetləri sırasında 3-cü, Avropa universitetləri arasında isə 1-ci yerdədir. Distant təhsil sahəsində 36 ildən çox təcrübəyə malikdir.
2013-cü ildə DİA ilə Anadolu Universiteti arasında təhsil sahəsində əməkdaşlıq protokolu, həmin ildə “Mevlana” mübadilə proqramı çərçivəsində protokol imzalanıb.
|
|
31.01.2022 | 15:28 | |
|
|
|