BMU əməkdaşları ali təhsilin beynəlmiləlləşdirilməsinə həsr olunan seminarda

Bakı Mühəndislik Universitetinin (BMU) Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova və BMU Texnoparkının baş mütəxəssisi Arif Nəcimov “Peşəkar assosiasiya və bilik mübadiləsi vasitəsilə Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsinin genişləndirilməsi” adlı seminarda iştirak ediblər. Seminar Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası (ABTMA), Midlberi Beynəlxalq Araşdırmalar İnstitutu (Monterey, Kaliforniya, ABŞ) və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə Bakıda baş tutub.

 

Seminarda ABŞ-ın Azərbaycandakı səfirliyinin və Midlberi Beynəlxalq Araşdırmalar İnstitutunun nümayəndələri, həmçinin ABŞ Fulbrayt mübadilə proqramının tələbələri, Təhsil Nazirliyinin, müxtəlif ali təhsil müəssisələrinin, Azərbaycandakı Milli Erasmus+ ofisinin, British Council Azərbaycan təşkilatının təmsilçiləri təqdimat və məruzələrlə çıxış ediblər.

 

Tədbirdə “Beynəlxalq təhsil üçün mövcud reallıqlar və gələcək istiqamətlər”, “Azərbaycanda beynəlxalq təhsil modelləri (tərəfdaşlıqlar, proqramlar və fəaliyyətlər)”, “Dövlət və beynəlxalq təşkilatların təqaüd proqramları vasitəsilə tələbə/müəllim mobilliyi və ya mübadilə”, “Azərbaycanda əcnəbi tələbə və tədqiqatçı dəyişimi (mübadiləsi) proqramlarının perspektivləri və tələbə xidmətləri”, “Azərbaycanda və regionda beynəlxalq təhsil əməkdaşlığı üçün növbəti addımlar” mövzusunda məruzələr dinlənilib. BMU-nun əməkdaşları qeyd olunan mövzular ətrafında aparılan müzakirələrdə fəal iştirak edərək universitetin təcrübəsini paylaşıblar.

 

Seminar zamanı iştirakçıların sualları cavablandırılıb.

 

Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunub.

 

Qeyd edək ki, ABTMA 2019-cu ilin noyabr ayında bir təşəbbüs qrupu kimi təsis edilib və könüllülük prinsipi əsasında bir neçə yerli ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən fəaliyyətə başlayıb. ABTMA-nın missiyası təşviq, vəkillik, şəbəkələşmə və peşəkar resurs mübadiləsi vasitəsilə fərdləri və qurumları dəstəkləmək, Azərbaycanda ali və peşə təhsilinin effektiv beynəlmiləlləşdirilməsinə töhfə verməkdir.

 



27.01.2022 | 17:37