Magistr və doktorantlar üçün ITACA Təlim və Tədqiqat Mərkəzi açılıb | |
Bakı Ali Neft Məktəbində (BANM) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən ITACA Təlim və Tədqiqat Mərkəzinin açılış mərasimi keçirilib.
Tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BANM-in rektoru Elmar Qasımov, təhsil nazirinin müşaviri Nicat Məmmədli, Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov, Bakı Mühəndislik Universitetinin (BMU) tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə, Bakı Dövlət Universiteti (BDU) rektorunun müşaviri Əli Nağıyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev çıxış ediblər.
Tədbirə onlayn qoşulan layihə koordinatoru, professor Luca di Palma ITACA layihəsi barədə məlumat verib: “İlkin versiyanın hazırlanmasından indiyədək layihə Avropa İttifaqı və Azərbaycan ali təhsil müəssisələri arasında innovasiyalar və faydalı təcrübələrin mübadiləsi üzrə əməkdaşlıq, həmçinin Azərbaycanın bütün təhsil sistemi üçün vacib bir mərhələ kimi qiymətləndirilib”.
BANM-in rektoru E.Qasımov qeyd edib ki, ITACA layihəsi Azərbaycanın Avropa İttifaqı ilə həyata keçirdiyi ən mühüm təhsil layihələrindən biridir. Rektor ən qabaqcıl texnologiyalar ilə təmin edilmiş bu Mərkəzin ITACA layihəsi çərçivəsində Azərbaycanda neft və qaz hasilatı nəticəsində mənfi təsirlərə məruz qalan torpaq və suyun təmizlənməsi, tullantıların idarə olunması məqsədilə yaradıldığını bildirib. Mərkəzdə tərəfdaş universitetlərin gənc magistr və doktorantlarının tədqiqatlar aparacağı barədə məlumat verən rektor əlavə edib ki, Mərkəzin avadanlıqlarının maliyyə dəyəri 300 min avro məbləğindədir. E.Qasımov dünyadakı ekoloji problemlər fonunda bu cür laboratoriyaların yaradılmasının vacibliyini, onun ən mühüm tərəfinin tərəfdaşlarla birgə həyata keçirilməsi olduğunu vurğulayıb: “ITACA Təlim və Tədqiqat Mərkəzi ölkəmizin aktiv fəaliyyət göstərən laboratoriyalarından biri olacaq. Burada mühüm elmi məqalələrin hazırlanacağına əminəm. Mərkəzdə Avropa təhsil sisteminə əsaslanmış innovativ tədris metodologiyası və müasir tədris proqramı ilə bu istiqamətdə fəaliyyət göstərəcək gənc mütəxəssislərin hazırlanması da nəzərdə tutulub. Laboratoriya 4 istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət “Ətraf mühitin xarakterizə edilməsi və təhsil laboratoriyası” istiqamətidir ki, burada BDU-nun professor-müəllim heyəti və tələbələri tədqiqat aparacaqlar. “Karbohidrogenlər və ağır metallarla çirklənmiş torpağın təmizlənməsi” istiqamətində BMU-nun mütəxəssisləri çalışacaqlar. “Neft və qaz hasilatı ilə çıxarılan suyun təmizlənməsi istiqaməti”ndə AzMİU-nun mütəxəssisləri fəaliyyət göstərəcək. BANM-in fəaliyyət istiqaməti “Dəniz suyu və torpaqda neftin deqradasiyası” üzrə nəzərdə tutulub”.
Təlim və Tədqiqat Mərkəzinin əhəmiyyətini vurğulayan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Mərkəzin Azərbaycanda ekoloji təmizlənmə prosesində iştirak edən şirkətlər üçün biznes layihəsi olaraq da xidmət göstərməsini təklif edib: “Laboratoriyada tədqiqatların aparılması çox vacibdir. İnanıram ki, laboratoriya dövlətə, xalqa böyük fayda gətirəcək, həm ali məktəblər, həm biznes qurumları üçün səmərəli olacaq. Nazirlik olaraq layihənin inkişafı üçün lazımi dəstək göstərməyə hazırıq”.
Qeyd edək ki, ITACA (Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni təhsil səviyyəsini dəstəkləyən innovativ təlim mərkəzi) Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ KA2 Ali Təhsildə Potensialın Qurulması proqramı çərçivəsində idarə olunan layihədir. BANM layihənin tərəfdaşlarından biri, həmçinin ITACA Təlim və Tədqiqat Mərkəzinin ev sahibidir.
ITACA layihəsi İtaliyanın Roma Sapienza Universitetinin koordinatorluğu və konsorsium üzvləri- Danimarkanın Aalborg Universiteti, İspaniyanın Granada Universiteti, Yunanıstanın Patras Universiteti, Almaniyanın “Argus Umweltbiotechnologie GmbH" şirkəti, Azərbaycandan BANM, BDU, AzMİU və BMU, "Azecolab" və “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ilə birgə idarə olunacaq.
|
|
25.01.2022 | 11:57 | |
|
|
|