Azərbaycan xarici investisiyalar üçün etibarlı ölkədir | |
Ötən həftə Azərbaycanda önəmli iqtisadi hadisə baş verdi. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən ölkəmizdə inşa ediləcək "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Qeyd edək ki, bu mühüm infrastruktur layihəsidir və Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq.
Layihənin icraçısı və investoru Səudiyyə Ərəbistanının tanınmış, böyük təcrübəyə malik, enerji sahəsində dünyanın ən böyük şirkəti sayılır. Şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. “ACWA Power” 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında elektrik enerjisinə olan daxili tələbatın 50 faizini məhz bərpaolunan enerji mənbələri sayəsində təmin etmək üçün külək və günəş enerjisi potensialını artıraraq Krallığın bərpaolunan enerji sahəsində təşəbbüslərinin önündə gedib. Təbii ki, belə bir şirkətin Azərbaycanda iş görməyə başlaması sevindirici haldır. Çünki bərpaolunan enerji mənbələrindən istifadə Azərbaycanın da daim gündəliyindədir. Şirkət ölkəmizin 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə edilməsi məqsədinə əhəmiyyətli dərəcədə töhfə vermiş olacaq.
Gücü 240 MVt təşkil edəcək "Xızı-Abşeron" Külək Elektrik Stansiyasına 300 milyon dollara yaxın sərmayə qoyuluşu var. Qeyd edək ki, bu, şirkətin öz ölkəsindən kənara yatırdığı ən böyük sərmayədir. Hesablamalara görə, stansiyanın işə düşməsi ilə 300 min evin elektrik enerjisi təmin ediləcək. Bundan başqa, hər bir yeni iqtisadi layihə yeni iş yerləri deməkdir ki, stansiyanın tikintisi və fəaliyyəti ilə çox sayda insana, mütəxəssisə fəaliyyət imkanları yaranacaq.
Layihənin müsbət tərəfi təkcə əldə olunacaq mənfəətlə bağlı deyil. Layihə Azərbaycana təbii qaza qənaət baxımından böyük kömək olacaq, yəni 220 milyon kubmetr qaza qənaət ediləcək.
Bundan başqa, layihə özündə ekoloji üstünlükləri də daşıyır. Bu nədən ibarətdir? İl ərzində 400 min ton karbon qazının atmosferə atılması əngəllənəcək. Bu da dünyada başlanan qlobal istiləşmənin zərərlərinin aradan qaldırılması, iqlim dəyişikliyinə qarşı birgə mübarizəyə müsbət töhfə olacaq.
Belə bir müqavilənin imzalanması Azərbaycanla Səudiyyə Ərəbistanı arasında uğurlu əməkdaşlığın, dost, qardaş münasibətlərin nəticəsi kimi meydana çıxıb. Məlumdur ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında dayanır. Ermənistanın torpaqlarımızı işğalı zamanı Azərbaycana siyasi dəstək verib; bu işğal faktına görə Ermənistanla diplomatik əlaqələr qurmayıb; Azərbaycanla bərabər beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında torpaqlarımızın işğalı ilə bağlı ədalətin bərpasına yönəlmiş addımlar atıb; beləliklə, xalqımıza və dövlətimizə böyük mənəvi dəstəyini ortaya qoyub.
İki dövlət arasında iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq münasibətləri qurulub. Son illər energetika sahəsində OPEC+ formatında fəal çalışma ölkələrimiz arasında güclü müttəfiqlik, tərəfdaşlıq və dostluq əlaqələrini möhkəmlədib.
Azərbaycan turizm nöqteyi-nəzərdən bu ölkənin vətəndaşları üçün maraqlı ölkəyə çevrilib. Təsadüfi deyildir ki, xaricdən gələn turistlərin sayında ən böyük statistika da Səudiyyə Ərəbistanına aiddir.
Bundan başqa, Azərbaycan investisiya qoyuluşu baxımından etibarlı ölkədir, çünki burada sağlam sərmayə mühiti, iqtisadi inkişaf, siyasi sabitlik, iqtisadi müstəqillik, sənaye potensialı, kadr ehtiyatı kimi vacib amillər var. Xarici investisiyalar etibarlı şəkildə qorunur. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin bugünədək problemsiz olan icrası buna əyani sübutdur. Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub və hazırda dünyada maliyyə böhranının yaşanmasına, iqtisadi fəallığın aşağı düşməsinə rəğmən, bu tendensiya hələ də davam edir.
Üstəlik, indi xarici investorlar üçün işğaldan azad edilmiş torpaqlarımızda iqtisadi layihələrin həyata keçirilməsinə sərfəli imkanlar yaranıb. Məlumdur ki, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər qiymətləndirilir. Aparılan təhlillər bundan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə, bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Təbii ki, bu potensial da investorlara yeni layihələr ortaya qoymağa əsas verir. Azərbaycan işğaldan azad edilmiş torpaqlarda 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Artıq bir neçə su elektrik stansiyası inşa olunub və hazırda fəaliyyət göstərir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlar mövcuddur. Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən maraq vardır. Hazırda Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır. Yəqin ki, ən böyük bərpaolunan enerji stansiyasının açılışından sonra digər investisiya layihələrinin icrasına da maraq yaranacaq.
Bir haşiyə çıxmaq lazımdır ki, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Həm xam neft, həm də təbii qaz, neft məhsulları və elektrik enerjisini özünün daxili tələbatını ödəmək üçün tam istehsal edib və edir. Uğurlu ixrac siyasəti yürüdülüb, adları çəkilən məhsullar nəhəng infrastruktur layihələri olan neft-qaz kəmərləri ilə dünya bazarlarına çıxarılıb. Keçən ilin statistikasına görə, Azərbaycanın qeyri-neft sənayesi, təxminən 20 faiz artıb. Artıq yeni enerji növlərinin əldə olunmasına maraq və ehtiyac yaranıb. Bərpaolunan enerji növlərinin istehsalının vacibliyi insan artımı faktoruna söykənir, məhz bu amil enerjiyə təlabatı artırır. Bundan başqa, uzun illərdən bəri neft, qaz ixrac etdiyimiz Avropanın özündə də enerjiyə tələbat yüksələn xətlə gedir.
Şübhəsiz ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi sahədə əməkdaşlığın çox böyük perspektivləri var. İki müsəlman ölkəsi arasında uzun fiziki məsafələr olsa da, mənəvi yaxınlıq və bu yaxınlıq üzərində qurulan gözəl əməkdaşlıq münasibətləri onları iqtisadi planlarda bir-birinə daha da yaxınlaşdırır. OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığı daha da möhkəmlənib.
Bu əməkdaşlıq xəritəsi deməyə əsas verir ki, irəlidə daha yaxşı planlar istisna deyil. Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ölkəmizə səfəri zamanı diqqət çəkən belə bir fikir işlətdi ki, əlavə olaraq “ACWA Power” şirkəti Azərbaycanda dənizdə külək enerjisi stansiyasının tikilməsi layihəsi ilə əlaqədar Anlaşma memorandumu imzalayacaq və onun ümumi gücü, təxminən 500 meqavat olacaq. İlkin mərhələdə külək enerjisindən istifadə potensialı araşdırılaraq yaşıl karbohidrogenlərin hasil edilməsindəki mümkün tətbiqi öyrəniləcək. Göründüyü kimi, bu da böyük bir layihədir.
Bu mövqe yaxın vaxtlarda daha geniş əlaqələri əks etdirən əməkdaşlıq müqaviləsi layihəsinin təqdim olunacağına ümid yaradır.
Bütün bu iqtisadi layihələrin icrasından qazanan, təbii ki, ölkələrin iqtisadiyyatıdır; nəticədə xalqın sosial ehtiyacları, firəvanlıq və rifahı rahatlıqla təmin olunur.
V. ALLAHVERDİYEVA
|
|
21.01.2022 | 15:45 | |
|
|
|