“Bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı öz müstəqilliyini qazandı”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müvafiq strukturların rəhbərləri, müəllim və tələbələr iştirak ediblər.

 

Rektor, professor Cəfər Cəfərov bildirib ki, 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə keçmiş ittifaq qoşunları Bakı şəhərinə yeridildi, təkcə Bakıda deyil, Azərbaycanın bölgələrində də xalqımıza qarşı böyük qırğınlar törədərək xalqın mübarizə əzmini qırmağa çalışdılar, lakin bunu bacarmadılar. Rektor ümummilli lider Heydər Əliyevin həyatını təhlükəyə ataraq Moskvadan bəyanatla çıxış etdiyini, beləliklə 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verildiyini yada salıb,  qeyd edib edib ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı öz müstəqilliyini qazandı:”Bu gün Azərbaycan güclü dövlətdir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan öz torpaqlarını düşmən işğalından azad edib”.

 

Daha sonra baş müəllim Taleh Cəfərovun "20 Yanvar hadisələri - müstəqilliyə gedən yolda dönüş nöqtəsi kimi", professor Əyyub Kərimovun "20 Yanvar faciəsinə verilən hüquqi-siyasi qiymət" mövzularında məruzələri dinlənilib.

 

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov 20 Yanvar faciəsində şəhid olan alimlərlə bağlı xatirələrini bölüşüb.

 

Tədbirdə 20 Yanvar hadisələrinə aid videoçarx nümayiş olunub. Universitetin tələbə xorunun ifasında mərhum bəstəkarımız Nailə Mirməmmədlinin Baba Vəziroğlunun sözlərinə bəstələdiyi "Qələbə marşı" təqdim olunub, nümunəvi  tələbələrdən Röya Qurbanova Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasından bir parça səsləndirib.

 



20.01.2022 | 17:12