“20 Yanvar -tarixin qan yaddaşı” adlı konfrans keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan tarixinin ən ağrılı səhifəsi olan 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş  onlayn konfrans keçirilib.

 

Universitetin rektoru, professor Natiq İbrahimov 32 il öncə baş verən qanlı faciənin mahiyyəti, onu doğuran səbəblər, həmin vaxt ölkədə yaşanan xaos, xalqın apardığı azadlıq mübarizəsi və Qarabağ zəfəri  barədə ətraflı söz açıb. Bildirib ki, 20 Yanvar təkcə faciə deyil, həm də Azərbaycan tarixinin qanla yazılmış şərəf, qürur salnaməsi, milli oyanış tarixidir. Professor N. İbrahimov Azadlıq uğrunda canından keçən şəhidlərin heç zaman unudulmayacağını, xalqın qan yaddaşında, qəlbində daim yaşayacağını, həmişə ehtiramla anılacağını deyib.

 

Universitetin Tarix və onun tədrisi metodikası kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Məlikov “ 20 Yanvar əsrin ən böyük faciəsi kimi” mövzusunda məruzə edib. Məruzədə faciəni doğuran tarixi şərait, səbəbləri ətraflı təhlil olunub, 20 Yanvar faciəsinin Sovet imperiyasının həmin illərdə ittifaq respublikalarında, o cümlədən, Azərbaycanda  yürütdüyü şovinist  siyasətin acı nəticəsi olduğu vurğulanıb. Bildirilib ki, M.Qorbaçov və onun əlaltılarının bütün  cəhdlərinə, törətdikləri qanlı faciəyə baxmayaraq, Azərbaycan xalqı haqq mübarizəsindən nəinki geri çəkildi, əksinə, mübarizəni davam etdirərək, ittifaq halqasından qoparaq  müstəqilliyini elan edən ilk respublikalardan oldu.

 

Tarix və onun tədrisi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov isə həmin vaxt Cənub bölgəsində, o cümlədən, Lənkəranda  yaşanan hadisələrdən, qanlı toqquşmalar zamanı  rayonda 11 nəfərin şəhid olmasından  danışıb.

 

 Məruzələrdən sonra 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən sərgiyə və videofilmə onlayn baxış olub.

 



20.01.2022 | 16:21