Naxçıvan Dövlət Universiteti: güclü dayaqlar üzərində hədəflərə doğru | |
Təhsil, bütün dövrlərin aktuallığını artıran tələbi, həmin tələblərin reallaşma proseslərinin zəruri meyarı və səmərəli nəticələrin əldə olunmasına zəmin olan amildir. Təhsil mütəxəssis hazırlığının etibarlı mənbəyi, araşdırma vərdişlərinin inkişaf mərkəzi, yanaşma keyfiyyətlərinin geniş əhatədə təşəkkülünün hərəkətverici qüvvəsi olmaqla, eyni zamanda, bütün bunların əsasında da dəqiq və hamı tərəfindən qəbul olunan dünyagörüş bacarıqlarının məcmusudur. Təhsil həmçinin, fərdi məntiqi düşüncənin elmə söykənən ictimai dəstək formasıdır. Qeyd olunanlar əsasında, təhsil, həm də, elm və həyatın, nəzəriyyə və təcrübənin, baxış və təhlilin istinad nöqtəsidir. Gəncliyin düşüncəsi ilə, qənaətin yeniliyi və aktuallığı arasında əlaqənin, bağlılığın və sintezin də zəruri təminatlılığı məhz təhsil anlayışı ilə tamamlanmış olur. Bu isə öz növbəsində, bütövlükdə, cəmiyyət üçün, onun üzvlərinin mənafeyi naminə daha məhsuldar ola bilir. Buna görə də, onun düzgün təşkili və idarə olunması olduqca zəruridir.
Müasir sosial və iqtisadi sahələr üzrə reallaşan islahatlar bütün sahələr kimi təhsil sektorunun da mövcud inkişaf göstəricilərinə xas şəkildə, yeni dəyərlər əsasında və daha modern imkanlara malik olmaqla, təşkilatlanmasına səbəb olmaqdadır.
Hazırda ölkələrin milli iqtisadiyyatları üçün aktuallığını qoruyan mühüm amillərdən birini də yeni təhsil standartlarının müəyyən olunması, orada tələbələrin və bütövlükdə, gənclərin elmi, intellektual, modernləşməyə üstünlük verən, bilik və bacarıqlarının dünya çağırışlarına səs verəcək səviyyədə təminatlılığına yol açan dəyərlərin mövcud olması təşkil etməkdədir. Bu mənada, etibarlı ali təhsil şəbəkəsinin yaradılması, onun regional və milli mahiyyətinin əsaslandırılması və səmərəli fəaliyyət imkanlarının ortaya qoyulması zəruriliyi ilə seçilməkdədir. Ölkəmizdə, onun regionlarında, xüsusilə də, Naxçıvan Muxtar Respublikasında ali təhsilin davam etdirilən islahatlara uyğun olmaqla, etibarlı təşkili öz məhsuldar nəticələrini verməkdədir və bu, həm də Naxçıvan Dövlət Universitetinin (NDU) qazandığı uğurlarda, mövcud potensialının gücləndirilməsi və gələcək hədəflərinin daha da əlçatan olmasında özünü göstərməkdədir.
NDU müasir müstəqillik illərinin ən möhtəşəm inkişaf tarixini yaşamaqdadır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin gənclərin təlim-tərbiyəsinin diqqətdə saxlanılması, onların etibarlı təhsil imkanları ilə əhatə olunması, savadlanması, ixtisaslaşması, peşəkar mütəxəssis olaraq formalaşmaları sahəsində müəyyən etmiş olduğu strategiya Naxçıvan Dövlət Universitetinin tədris proseslərində özünün əhatəliliyi ilə reallaşmaqdadır. Ali məktəb, iqtisadiyyatın sahə strukturunun əlaqəli və davamlı inkişafı üçün zəruri olan proseslərin düzgün istiqamətləndirilməsi sahəsində mütəxəssis hazırlığının həyata keçirilməsində və bu sahədə məqsədyönlülüyün diqqətdə saxlanılmasında özünü sübut etməkdədir.
Artıq geridə qalan 2021-ci il Naxçıvan Dövlət Universitetinin istər tədris proseslərinin təşkili və idarə olunmasında, istər quruculuq, abadlaşdırma və modernləşmə sahələrində, istərsə də, beynəlxalq əməkdaşlıqların qurulması və inkişafında əldə etmiş olduğu uğurlarla yadda qaldı. Belə ki, 2020-ci ilin dekabrında yaradılmış universitet Texnoparkının 2021-ci il 16 iyun tarixində təməlatma mərasimi keçirilmiş və zirzəmi ilə birlikdə beş mərtəbəli binanın tikintisi uğurla davam etdirilmişdir. Texnopark özündə biznes ideyalarının yaradılması, dəyərləndirilməsi və səmərəli nəticələrinin istehsalata tətbiqi imkanları ilə birlikdə olduqca əhəmiyyətli bir struktur olacaq. Orada, ideyanın verilməsi və biznesə qədərki mərhələlərdə onun təkmilləşdirilməsi məsələləri, tələbələrin və ümumilikdə, gənclərin yaradıcılıq imkanlarının inkişafı sahəsində gerçək nəticələr özünü göstərəcəkdir. Texnoparkda arıçılıq, kənd təsərrüfatı və aqronomluq, meliorasiya, coğrafiya, gülgarlıq, üzümçülük və tingçilik sahələrinin yaradılması, müvafiq istiqamətlər üzrə həm də kadr hazırlığının həyata keçirilməsində əsaslı zəminlər demək olacaqdır. Çoxistiqamətli ixtisaslaşma perspektivləri əsas tutulmaqla Texnoparkda biopark binasının da tikilməsi mütəxəssis hazırlığının da səmərəliliyini artırmış olacaqdır. Eyni zamanda, Texnopark ərazisində Nəbatət bağının salınması həm də tələbələrin nəzəriyyədən təcrübəyə keçid mərhələsinin çox əlverişli tərəflərini özündə əks etdirəcəkdir. Texnoparkda həmçinin tədris otaqlarının ayrılması qeyd olunanların elmi əsaslara söykənməklə, daha səmərəli nəticələrini təmin edəcəkdir.
Ötən il ərzində universitetdə Texnologiya Mərkəzinin yaradılması bu sahədəki proseslərin hərəkətverici qüvvəsi olmaqdadır. Artıq tələbələrimiz nəzəri biliklərini artırmaqla yanaşı, bu mərkəzdə “Tikiş texnologiyası”, “Xalçaçılıq texnologiyası”, “Toxuculuq texnologiyası”, “Kulinariya”, “Ağac və metal məmulatlarının hazırlanması texnologiyası” kabinələrində həm də öz yaradıcılıq keyfiyyətlərini və bacarıqlarını daha da artırmaqdadırlar. Təbii ki, bu, bir tərəfdən də universitetin milli mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində mühüm bir nəticəsi olaraq əhəmiyyətlidir. Bu, həm də bir daha gənclərin, tələbələrin ideya müəllifi olaraq formalaşmasında mühüm amildir.
Göstərilən məsələlər, Naxçıvan Dövlət Universitetinin keçdiyimiz inkişaf mərhələsində formalaşdırmış olduğu etibarlı bazaya çevrilmiş və daha əhatəli tədbirlər üçün yeni bir başlanğıc olmuşdur. Təbii olaraq, texnoparkın istifadəyə verilməsindən sonrakı mərhələlər üçün daha mütərəqqi proseslərin əsaslarının qoyulması da diqqətdə saxlanılmışdır. Bu məqsədlə, NDU-nun yeni mərhələ üçün beynəlxalq əməkdaşlıqların məhz bu dəyərlər əsasında yaradılması və inkişafı hədəf olaraq qəbul olunmuşdur. Qarşıdakı dövrlərdə xarici ölkələrlə təhsil, təcrübə və tələbə mübadiləsinin həyata keçirilməsi, tələbələrin dünyaya çıxış imkanlarının artırılması, yeni əsrə, yeni çağırışlara və yeni təhsil standartlarına uyğunlaşmasının hərəkətverici qüvvəsi olaraq olduqca əlamətdar olacaqdır. Xüsusilə, burada ikili diplom layihələrinin qüvvəyə minməsi Naxçıvan Dövlət Universitetinin həm də təhsildə yeni dəyərlərə verdiyi önəmin göstəricisi olaraq zəruridir. Təsadüfi deyildir ki, məhz 2021-ci ilin 8-16 iyul tarixlərində NDU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş Türkiyə Cümhuriyyətinin Ali Təhsil Şurasında və nüfuzlu universitetlərində görüşlərdə olması bu sahədəki hədəflərin daha da əlçatan olmasına zəmin yaratmışdır. Çox sevindirici haldır ki, bu görüşlərdə Naxçıvan Dövlət Universitetinin əldə etdiyi uğurlar razılaşdırılmış məsələlərin reallaşmasında çox mühüm amil olaraq çıxış etmişdir. Yəni, tələbələrin biliyinin artırılması, tədris metodologiyasının yeni keyfiyyət göstəricilərinə xas olan təşkili, qloballaşan dünya reallıqlarına uyğun olan fənlərin tədris planlarına salınması, aktuallığını daha da artıran texnoloji və innovativ yanaşmaların diqqətə alınması və digər səmərəliləşdirici amillər bu nəticələrə parlaq işıq salmışdır.
NDU-nun beynəlxalq əməkdaşlıqlarının inkişafı 2021-ci ildə ali məktəbimizə səfər edən xarici ölkə səfirlərinin məmnunluğu ilə daha da etibarlılıq qazanmışdır. Ötən ilin mayında Fransanın, iyulda Türkiyə Cümhuriyyətinin, avqustda ABŞ, sentyabrda Argentina səfirlərinin, noyabrda isə Türkiyə Prezidentinin baş müşaviri və müşavirlərinin, həmçinin, İğdır Universitetinin rektorunun Naxçıvan Dövlət Universitetində səfərdə olması ali məktəbimizin beynəlxalq əməkdaşlıq sahəsindəki tədbirlərinə işıq salmaqla yanaşı, eyni zamanda, onu daha da səmərəli etmişdir. Bunun üçün artıq universitetimizdə əlverişli mühit də yaradılmışdır. Dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq, beynəlxalq əməkdaşlıqlarda əldə olunan uğurlar özünü tədris proseslərindəki yüksək nəticələrlə də göstərmiş oldu. Artıq bu gün universitetimizdə 1500 əcnəbi tələbənin təhsil alması həmin əməkdaşlıqların daha üst səviyyədə inkişafını və onun əsasında yaranan nəticələrin real ifadəsini göstərməkdədir.
NDU-nun bu potensial əsasında yoluna davam etməsi onun hər bir fakültəsində, ixtisasında özünü göstərməklə mümkün olmaqdadır. Texnoloji inkişafa və innovativ təşkilatlanmaya doğru atılan inamlı addımlar bu sahələr üzrə şaxələndirmənin təminatına çevrilmişdir. Elə bütün bunların nəticəsidir ki, artıq Naxçıvan Dövlət Universitetinin ölkənin rəqəmsallaşma mühitindəki yeri və rolu daha da artmaqdadır. Yeni inkişaf mərhələsində universitet dünya təhsilinə inteqrasiyanın çox mühüm mərhələsini keçməkdədir. Bu, daha elmli, daha təhsilli, daha ixtisaslı, daha savadlı və daha dünyagörüşlü tələbələrlə çox asan olacaq. Qeyd etmək olar ki, universitet haqqında məlumatların, tədris proseslərinin təşkili, tədris illəri haqqında məlumatlar daha asan qaydada əlçatan olmaqdadır. Belə ki, universitetin mobil tətbiqi olan “NETTY 2021” bu sahədəki göstəricilərlə Azərbaycanın Milli İnternet Mükafatına layiq görülmüşdür. NDU-nun tələbələri bu vasitə ilə dərslər, kollokviumlar, imtahan cədvəllərinin, suallarının və nəticələrinin vahid platformada birləşdiyi istənilən elektron materialı “E-cədvəl” mobil tətbiqindən əldə edə bilirlər.
NDU özünün ixtisaslaşması, dünya təhsilinə çıxış imkanları, inteqrasiyası, həmçinin daha səmərəli və keyfiyyətli təhsil üçün yeniliklər etməsi uzunmüddətli hədəflərin reallaşmasına da öz töhfələrini verməkdədir. Burada, ilk dəfə tədrisi həyata keçirilən hərbi tibb ixtisasının təqdimat mərasimi olmuşdur ki, bu da artıq ümumilikdə, milli iqtisadiyyat üçün də mühüm aktuallıq kəsb edən sosiallaşma proseslərinin hərəkətverici qüvvəsinə çevrilmişdir. Artıq yeni mərhələdə universitetimiz Vətənimizin keşiyində dayanan qəhrəman övladlar və ümumilikdə, vətəndaşlar üçün öz qayğısını və qulluq imkanlarını genişləndirmiş olacaq. Bu məqsədlə, hərbi tibb ixtisasına qəbul olunan tələbələrə həkim xalatları və hərbi formalar təqdim olunmuşdur. Təbii ki, bununla, həyata keçirilən islahatların geniş əhatədə nəticələrinin şahidləri olmaqdayıq.
Bütün bu qeyd olunanlar hər birimizin qürurumuz olmaqdadır. Məhz bu nailiyyətlərin nəticəsində də dünyanın ən yaxşı universitetləri sırasında Naxçıvan Dövlət Universitetinin də qərarlaşması yeni bir nailiyyət olaraq əhəmiyyətlidir. Universitetimiz bu göstərici ilə milli təhsilin inkişafı sahəsindəki nailiyyətlərinə yeni dəyərlər qazandırmaqdadır. Məlum olduğu kimi, Azərbaycanın 5 ali təhsil müəssisəsinin yer almış olduğu siyahıda Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət İqtisad Universitetini, Xəzər Universitetini və Qərbi Kaspi Universitetini də görmək olar.
Beləliklə, Naxçıvan Dövlət Universiteti qısa zaman kəsiyində mühüm və əhatəli perspektivlərə istiqamətlənən inkişaf yolu keçmişdir. Təşkilati, sosial və iqtisadi mahiyyəti yüksək idarəetmə əsasında mümkün olan bu nəticələr milli təhsilimiz üçün olduqca səmərəli olacaqdır. Cari ildə universitetimizin əldə edəcəyi uğurların güclü dayaqları məhz bunlar olacaq.
Cavadxan QASIMOV, NDU-nun dosenti, iqtisad üzrə fəlsəfə doktoru
|
|
20.01.2022 | 13:07 | |
|
|
|