Rektor:“Hadisələr Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi”

Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

 

Öncə BMU-nun rektoru, professor Havar Məmmədov və tədbir iştirakçıları şəhidlərin əziz xatirəsinə həsr olunmuş sərgiyə baxıblar.

 

20 Yanvar faciəsinin xronikasını özündə əks etdirən videoçarxın nümayişindən sonra çıxış edən rektor H.Məmmədov Ümumxalq Hüzn Günü kimi qeyd olunan 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik tarixində əhəmiyyətli rol oynadığını vurğulayıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə törədilən dəhşətli cinayət, günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib. H. Məmmədov qeyd edib ki, xalqımızın qan yaddaşına dəhşətli faciə kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda, qəhrəmanlıq tariximizin şanlı səhifələrindəndir.

 

Tədbirdə iştirak edən millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov 20 Yanvar  faciəsini  şərtləndirən əsas amillərə toxunub, bu sırada xüsusilə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını və SSRİ rəhbərliyinin ermənipərəst siyasətini önə çəkib. O, 1988-ci ilin fevral ayından başlayaraq, 200 mindən artıq soydaşımızın Ermənistandan zor və işgəncə altında qovulması, Azərbaycan sərhədlərinin atəşə tutulması nəticəsində 32 nəfər azərbaycanlının öldürülməsi, 166 nəfərin yaralanması kimi tarixi faktları sadalayıb. Millət vəkili bildirib ki, həmin dövrdə Kreml Ermənistanın qeyri-qanuni və antibəşəri hərəkətlərinə hüquqi qiymət verib, günahkarları cəzalandırmaq əvəzinə, cinayətkarın şirnikləndirilməsi siyasətinə üstünlük verdi.

 

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdığını fikirlərinə əlavə edən millət vəkili bu bəşəri cinayətə hələ də beynəlxalq aləmdə lazımi siyasi-hüquqi qiymət verilməməsinin, həmçinin faciənin günahkarlarının hələ də beynəlxalq məhkəmə qarşısında mühakimə olunmamasının, layiqli cəzalarını almamasının təəssüf doğurduğunu qeyd edib. 

 

E.Nəsirov  20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımları da nəzərə çatdırıb.

 

Sonda çıxış edən Riyaziyyat və informatika kafedrasının müdiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Hümbət Əliyev 20 Yanvar hadisələri ilə bağlı məqamlara, tarixi faktlara toxunub və Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.

 



19.01.2022 | 17:37