İdarə müdiri 20 Yanvara həsr olunmuş xüsusi dərsləri izləyib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva 20 Yanvara həsr olunmuş xüsusi dərsləri izləyib.

 

Xalqımızın azadlıq mübarizəsinin şanlı mərhələsini şagird və müəllimlərlə müzakirə edən BŞTİ müdiri Mehriban Vəliyeva 20 Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb.

 

20 Yanvar hadisələrinin tarixindən söz açan İdarə müdiri bu proseslərə hüquqi-siyasi qiymətin böyük dövlət xadimi Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. Mehriban Vəliyeva ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin adını daim uca tutmasından, onların ailələrinin sosial müdafiəsinə xüsusi diqqət göstərməsindən bəhs edib.

 

Daha sonra İdarə müdiri 39 nömrəli tam orta məktəbdə təşkil olunmuş “20 Yanvar: azadlığa gedən yol” tədbirinə qatılıb.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

İdarə müdiri Azərbaycan xalqının apardığı mübarizə tarixinin bizi 20 Yanvar hadisələrindən keçirib müstəqilliyə və zəfərə qovuşdurduğunu diqqətə çatdırıb. M.Vəliyeva 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq qələbədən bəhs edərək Vətəni sevmək, onu qorumaq, baş verən tarixi hadisələri unutmamaq və gələcək nəsillərə ötürmək üçün təhsil sahəsində mühüm işlər görüldüyünü bildirib. 

 

20 Yanvar hadisələrinin xalqımızın zəfər yolunun başlanğıcı kimi mühüm tarixi və rəmzi mənaya malik olduğunu vurğulayan idarə müdiri Ermənistanın on illərdir davam edən işğalçılıq siyasətinə Azərbaycan xalqının Vətən Müharibəsi ilə son qoyduğunu deyib.

 

Tədbirdə şagirdlər müstəqillik və vətənpərvərlik mövzularında şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 



19.01.2022 | 12:05