“Davamlı inkişafa məktəbdən başlayaq”

Tərtər rayonunun Seydimli kənd tam orta məktəbinin şagirdləri “Education HUB” tərəfindən  həyata keçirilən “Davamlı inkişafa məktəbdən başlayaq” layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) olublar.

 

Şagirdlərlə görüşdə çıxış edən BMU-nun elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov ali təhsil ocağının üstünlüklərindən danışıb. O, BMU-nun gənc universitet olmasına baxmayaraq, mühəndislik, dəqiq elmlər və iqtisadiyyat sahəsində yüksəkixtisaslı kadrlar yetişdirdiyini bildirib. Prorektor BMU-nun kimya, biologiya, riyaziyyat, informatika və fizika ixtisaslarını ingilis dilində tədris edən azsaylı universitetlərdən biri olduğunu fikirlərinə əlavə edib. O, həmçinin BMU-nun elektron universitet kimi fəaliyyət göstərdiyini vurğulayıb və bununla bağlı müvafiq məlumatları nəzərə çatdırıb.

 

E.Süleymanov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən BMU-İNHA ikili diplom proqramından da bəhs edib. Bildirib ki, proqrama əsasən, 4 ixtisas (İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi) üzrə kadr hazırlığı aparılır. Tələbələrin 3 akademik ili BMU-da, 1 akademik ili isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alacağını qeyd edən E.Süleymanov proqramın dövlət vəsaiti hesabına icra olunduğunu, 4 ilin sonunda tələbələrə iki diplom veriləcəyini vurğulayıb.

 

BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Elçin Yusubov universitetin yaranma tarixi və tədris olunan ixtisaslar barədə ətraflı məlumat verib.

 

Sonra universitetin fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.

 

Sonda məktəblilər BMU Texnoparkı, Kompüter, İKT laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub, universitetin memarlıq və inşaat fakültəsi tələbələri tərəfindən hazırlanan əl işlərinə baxıblar.

 



17.01.2022 | 11:35