Xorvatiyanın Azərbaycandakı səfiri ADU-da olub

Azərbaycan Dillər Universitetində (ADU) Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebiçlə görüş keçirilib. 

 

ADU-nun rektoru, akademik Kamal Abdulla diplomata ali məktəbdə  fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verib. “Səfir saatı” layihəsi barədə danışan akademik qonağı bu layihədə iştiraka dəvət edib. Qeyd olunub ki, layihədə səfirlər həm öz ölkələri, həm də Azərbaycan haqqında müəllim və tələbələrə mühazirələr oxuyur, fikir mübadiləsi aparırlar.

 

Görüş zamanı ADU-da 20-ə yaxın xarici dilin öyrədilməsi diqqətə çatdırılıb. Rektor xorvat dilinin də tədrisinə ümidvar olduğunu söyləyib. ADU-da Xorvat dili mərkəzinin yaradılması, həmçinin Xorvatiyada da Azərbaycan dili mərkəzinin yaradılması təklif olunub. 

 

Səfir Branko Zebiç Azərbaycanla Xorvatiya arasında diplomatik münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Qeyd edib ki, Xorvatiya ilə Azərbaycan tarix baxımından bir-birilərinə yaxın ölkələrdir. Hər iki ölkənin həssas bir coğrafiyada yerləşməsi diqqətə çatdırılıb. Həmçinin ölkələr arasında təhsil, turizm, idman sahələrində əlaqələrin qurulmasının vacibliyi önə çəkilib. “Səfir saatı” layihəsində böyük məmnuniyyətlə iştirak niyyətində olduğunu bildirən Branko Zebiç  dəvətə görə xüsusi təşəkkür edib.

 

Daha sonra səfir ADU-da fəaliyyət göstərən mərkəzlərlə tanış olub. 

 



15.01.2022 | 11:45