DİQQƏT! Mina var

27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi ordumuzun şanlı qələbəsi ilə nəticələnmiş və işğal altında olan torpaqlarımız azad edilmişdir. Azad edilmiş torpaqların əksər hissəsi minalandığı üçün mina təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi zərurəti daha da aktuallaşmışdır. Həmin ərazilərdə mütəmadi olaraq mina partlayışlarının baş verməsi böyük fəlakətlərə səbəb olur. Əraziyə səpələnmiş partlamamış hərbi sursatlar daim yeni fəlakətlərə səbəb olacaq risklər yaradır. Belə risklərdən biri də vətəndaşların mina və partlamamış hərbi sursatlarla bağlı məlumatsızlığıdır.

 

Bəzən təmizlənmiş ərazilərdə belə zərərsizləşdirilməmiş minalar aşkar edilir. Şanlı qələbəmizlə işğaldan azad edilmiş torpaqlara bir milyondan çox qaçqın və məcburi köçkünün geri qayıtması nəzərdə tutulub. Həmçinin insanlar doğma torpaqları ziyarət etmək arzusundadır. Böyük qayıdış gerçəkləşdikdən sonra ərazilərin mənimsənilməsi zamanı vətəndaşların müvafiq şəraitdə təhlükəsizlik qaydalarını bilməsi və bu qaydalara əməl etməsi üçün kütləvi və lokal maarifləndirmə tədbirlərinin keçirilməsi baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması baxımından vacibdir.

 

Bu baxımdan, Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayonunun H.Quliyev adına Çaytumas məktəb-liseyində və İ.Qayıbov adına Saray kənd tam orta məktəbində müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi məqsədi ilə çağırışaqədərki hazırlıq rəhbərləri tərəfindən “açıq dərs”lər təşkil edilib. “Açıq dərs”lərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, rayon təhsil şöbəsinin müdiri Fuad Bədəlov, yuxarıda adları qeyd olunan təhsil müəssisələrinin direktorları Şamama Həsənova və Nüşabə Hüseynova, Vətən müharibəsi iştirakçıları Q.İlyasov adına şəhər 1 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Sənan Həsənov, Teymur Müskanlı kənd tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Mais Kazımov və rayonun digər ümumi təhsil müəssisələrinin hərbi rəhbərləri iştirak edib.

 

“Açıq dərs”lərdə şagirdlərə mina və partlamamış hərbi sursatların forması, rəngi, ölçüsü, nədən hazırlanmasından danışılıb, iştirakçılarda onları tanımaq bacarıqları formalaşdırılıb, mina və partlamamış hərbi sursatların ola biləcəyi yerlər, rəsmi və qeyri-rəsmi mina işarələri barədə məlumat verilib, minalanmış əraziyə daxil olanda təhlükəsiz hərəkət etmək qaydaları öyrədilib, şagirdlərə minalarla oynamamaq, çubuqla onlara toxunmamaq, mina və partlamamış hərbi sursatların partlayaraq onları öldürə və ya şikəst edə bilməsi izah olunub. Bu dərslərdə həmçinin ANAMA-nın fəaliyyətindən söz açılaraq məktəblərə mina təhlükəsindən qorunmaq üçün maarifləndirici vasitələr və əyani vəsaitlər təqdim edilib.

 

Qeyd edək ki, mina və partlamamış hərbi sursatlar təhlükəsinə qarşı “açıq dərs”lər rayonun Ş.Kərimov adına Çərəli, Ç.Quliyev adına Çardaxlı, B.Mehdiyev adına şəhər 2 nömrəli tam orta məktəblərində də təşkil olunub. Eyni zamanda digər məktəblərdə də “açıq dərs”lərin təşkili nəzərdə tutulub.

 

Mina və hərbi sursatların təhlükəsinə dair maarifləndirmənin əsas məqsədi təhsilverənləri, təhsilalanları təhlükəsizlik qaydaları ilə tanış etmək, onları maarifləndirmək, hərbi sursatlarla bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün onlarda zəruri bilik və vərdişlər formalaşdırmaqdır.

 

Təhsil Nazirliyinin nümayəndəsi Qubadlı rayonunun məktəblərində Azərbaycan Respublikası təhsil nazirinin “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in təsdiq edilməsi barədə” 20.08.2021-ci il tarixli F-416 nömrəli əmrinin tələbləri əsasında işin təşkili ilə bağlı fikir mübadiləsi aparıb.

 

***

Bakı şəhərində fəaliyyət göstərən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə  müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi məqsədi ilə çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən hər cür texniki avadanlıqlarla təchiz olunmuş Gənclərin Çağırışaqədərki Hazırlıq kabinetində XI sinif şagirdləri üçün “açıq dərs” təşkil edilib.

 

“Açıq dərs”dən öncə Təhsil Nazirliyinin məsul işçisi Rövşən Ağayev, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, rayon təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, həmin tədris müəssisəsinin direktoru Gülnar Qurbanova, I Qarabağ müharibəsi veteranı Elxan Ələkbərov, II Qarabağ müharibəsi iştirakçıları Fərid Quliyev, Araz Rəhimov, Fizuli Məmmədov və rayonun digər ümumi təhsil müəssisələrinin hərbi rəhbərlərinin iştirakı ilə məktəbdə keçirilən müzakirələr çərçivəsində müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi ilə bağlı yerlərdə aparılan işlər zamanı qarşıya çıxan problemlərdən, bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışılıb, nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

 

“Acıq  dərs” zamanı məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Kənan Əbdüləzimov düşmən tərəfindən quraşdırılan tələ minalar, insanları, əsasən də uşaq və gənclərin diqqətini cəlb edən oyuncaq və ya fərqli görünüşdə hazırlanan əldəqayırma partladıcı qurğular, minalar və partlamamış hərbi sursatları tanıma, onların təhlükəsindən qorunma, təhlükəli ərazilərdə hərəkət qaydaları ilə bağlı məlumat verilib. Minalara və digər partlamamış hərbi sursatlara aid slaydlar və videoçarx nümayişi sayəsində dərs daha maraqlı keçib. Dərsdə Qarabağ  müharibəsi iştirakçıları öz xatirələrini danışaraq, minaların tanınması üsulları, partlayıcı vasitələrdən qorunmaq üçün hansı addımların atılmasının vacibliyi barədə şagirdləri məlumatlandırıblar.

 



14.01.2022 | 12:04